Məhkəmə qərarları › İş №2(012)-895/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-895/2024

08.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-895/2024 08.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Abşeron rayonu, Görədil kəndi, 282 nömrəli evə aid **********09820 saylı abonent koduna hesablanmış 415,66 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus Abşeron rayonu, Görədil kəndi, 282 nömrəli evə aid **********09820 saylı abonent hesabına məxsus qaz sayğacın plombu qəza xidməti tərəfindən sındırıldığına görə qaz itkisinin yarandığı müəyyən edilmiş, 415,66 manat həcmində dəymiş ziyan hesablanmışdır və Cavabdeh İB tərəfindən həmin borcun ödənilməsi tələb edilir. İstehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda, qaz sayğacında yaranmış qüsura görə 415,66 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc silinməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ona xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 439,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2018-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 000087 saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Görədil kəndi, 282 nömrəli evə (abonent kodu: **********09820) baxış keçirilən zaman sayğacın plombunun sındırıldığı müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş eyni tarixli akta əsasən abonent 2196 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Görədil kəndi, 282 nömrəli evə aid abonent kodu **********09820 olan Abonentin saldosundan görünür ki, 2018-ci ilin mart ayında qaz sərfiyyatı “2196 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 439,20 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 439,20 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2018-ci il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2018-ci il tarixli akta əsasən hesablanmış 439,20 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Görədil kəndi, 282 nömrəli evə aid qaz sayğacına (abonent kodu: **********09820) dair xx.xx.2018-ci il tarixli akta əsasən Cavabdeh İB tərəfindən hesablanmış 439,20 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar