Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-918/2023 15.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı fərdi yaşayış evinə aid tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın ləğv edilməsi və ona hesablanmış sayğaca dair 198 manat cərimə borcundan ödədiyi 129 manat ödənişin geri qaytarılması, 69 manat borcun silinməsi, həmçinin iddia ərizəsinin tərtib olunmasına görə ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli akt üzrə hesablanmış 165,60 manat və xx.xx.2019-cu il tarixli akt üzrə hesablanmış 32,40 manat olmaqla, cəmi 198 manat borcun silinməsi, həmçinin iddia ərizəsinin tərtib olunmasına görə ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********05380 olan qaz sayğacı ona məxsusdur və həmin sayğac **********421 nömrəli abonent kodu ilə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun evindəki qaz sayğacına iştirakı təmin edilmədən baxış keçirilmiş və əsassız olaraq, guya əlavə gizli qaz xətt çəkdiyi üçün akt tərtib olunmuşdur. O, Cavabdeh İB-nin çəkdiyi xəttdən başqa əlavə xəttdən istifadə etmir, həmin aşkarlanmış əlavə qaz xətti onun deyil, qonşunun istifadəsindədir. Bu qaz xəttinin onunla heç bir əlaqəsi yoxdur. Qonşunun istifadəsində olan əlavə qaz xəttinin onun adına yazılması qanunsuz və əsassızdır. Ümumiyyətlə, bu barədə məlumatı olmamış və sayğaca baxış keçirilərkən bununla bağlı ona xəbərdarlıq edilməmişdir. Cavabdeh İB-yə bununla bağlı müraciət etsə də, cavabdeh qurumdan imtina məktubu gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, abonent İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yaşadığı evə (abonent kodu: **********05380) baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktının olduğu müəyyən olunmuşdur. İşdə olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş dəymiş ziyanın ödənilməsi haqqında tələbnamədən görünür ki, abonent İddiaçı sayğacdan kənar istifadə nəticəsində dəyəri ödənilməmiş 1656 kub.metr təbii qazı istehlak etmişdir. İşdə olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, abonent İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yaşadığı evə (abonent kodu: **********05380) baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktının olduğu müəyyən olunmuşdur. İşdə olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş dəymiş ziyanın ödənilməsi haqqında tələbnamədən görünür ki, abonent İddiaçı sayğacdan kənar istifadə nəticəsində dəyəri ödənilməmiş 324 kub.metr təbii qazı istehlak etmişdir. İşdə olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Aşıq Şakir küçəsindəki 10 saylı evə aid abonent kodu **********05380 olan Abonentin saldosundan görünür ki, 2019-cu ilin iyun və iyul aylarında qalıq və aktlara əsasən “1980 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 198 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən 2 ay ərzində qaz xəttinə qeyri-qanuni qoşulma faktı xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli aktlarla "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh qurum tərtib olunan aktlarda əks olunan pozuntuların mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı aktların tərtibində iştirak etməmiş və akt cavabdeh qurumun əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilərək imzalanmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına dair hesablanmış 198 manat borc silinməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Belə ki, bu hissəyə dair iddiaçı tələbinin əsaslılığına dair dəlillərini sübuta yetirə bilməmişdir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********05380) dair Cavabdeh İB tərəfindən hesablanmış 198 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-918/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-918/2023
15.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver