Məhkəmə qərarları › İş №2(012)-925/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-925/2025

31.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-925/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun barəsində əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv olunması, 1555,20 manat məbləğində cərimənin silinməsi və ondan bu günədək tutulmuş pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********23170 olan qaz sayğacı ona məxsusdur. Qeyd edir ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ona məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, guya Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-2494-1 №-li aktına əsasən G-4 markalı, **********4 №-li sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilib. Eyni zamanda itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün xx.xx.2023-cii il tarixli tələbnamə də tərtib olunmuşdur. Qeyd edir ki, sayğaca baxış keçirilərkən və akt tərtib olunarkən ona və ailə üzvlərinə heç bir xəbərdarlıq edilməmiş, nə rəsmi, nə də şifahi olaraq heç bir rəsmi məlumat verilməmişdir. Ona və ailə üzvlərinə heç bir xəbərdarlıq etmədən xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Bildirir ki, həmin aktda göstərilən nöqsanlar tamamilə əsassızdır, heç bir həqiqəti əks etdirmir. Sayğaca o yaxud ailə üzvləri heç vaxt müdaxilə etməmiş, ümumiyyətlə, toxunmamışlar. Sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır. Hər gün ətrafından yüzlərlə insan keçir, çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə görə o, hər hansı bir məsuliyyət daşımır. Barəsində əsassız olaraq tərtib edilmiş akta əsasən itirilmiş 12960 m3 qaza görə ümumilikdə 1555,20 manat məbləğində cərimənin ödənilməsi öhdəsinə qoyulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, mexaniki qaz sayğacı xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında Smart kart ilə əvəz edilmişdir və bununla bağlı ona və ailə üzvlərinə heç bir xəbərdarlıq edilməmişdir. Sayğacın dəyişdirilməsindən ancaq bir il sonra məlumatı olmuşdur. Qaz borcu qanunsuz olmaqla yanaşı, hazırda karta ödəniş edən zaman həmin pul onun hesabından məcburi şəkildə tutulur. Cavabdeh tərəfindən qeyd edilmiş nöqsan, tərtib edilmiş akt və yazılmış cərimə tamamilə əsassızdır. Bu səbəbdən də onun barəsində əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv olunması və 1555,20 manat məbləğində cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı (abonent kodu: **********23170) Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK 14-2-2/3-5-2494-1 saylı rəyə əsasən **********4 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu aşkar edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2023-cü il tarixli, ******* saylı aktdan göründüyü kimi İddiaçı yaşadığı (abonent kodu: **********23170) Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK 14-2-2/3-5-2494-1 saylı rəyə əsasən **********4 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu aşkar edilmiş, həmin akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 1555,20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdeh şirkətin nümayəndəsi iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********23170) Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1555,20 manat məbləğində hesablanmış cərimə silinməli və tutulmuş pul vəsaiti geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv olunması hissəsi ilə bağlı qeyd edir ki,həmin akt hər hansı bir hüquqi nəticə yaratmadığından və yalnız sayğacdakı qüsurla bağlı halı əks etdirdiyindən aktın ləğv olunması zərurətini aradan qaldırır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********23170) 30 aprel 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 manat məbləğində cərimə silinsin və tutulmuş pul vəsaiti geri qaytarılsın. Cavabdehndən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar