Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-926/2022 23.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinin qanunsuz tikilmiş 2-ci mərtəbəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 66.1, 66.2, 69.1, 69.7.1, 72.1, 76.1, 76.2, 76.3-cü maddələrinin tələbləri pozulmaqla inşa edildiyindən sökülməsi, həmçinin, 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Milli Elmlər X5 22 sentyabr 2017-ci il tarixli, 10/12 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər X5 24 may 2017-ci il tarixli, 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli, 9/23 nömrəli Qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi Komissiyası”nın 3 nömrəli protokolundan çıxarışa əsasən, sözügedən Qərarlar əsasında yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyası”, Azərbaycan Milli Elmlər Akademiyası ilə "xxxx" MMC arasında AMEA-nın ünvan 2 ünvanında yerləşən Aspirantlar yataqxanasının ərazisində yeni yaşayış evlərinin tikintisi barədə bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə uyğun olaraq, "xxxx" MMC tərəfindən AMEA-ya ayrılmış mənzillərin mənzil qanunvericiliyinə uyğun olaraq, AMEA-nın Aspirantlar yataqxanasında qeydiyyatda olan və yaşamayan, tam ştatla işləyən əməkdaşlarına bölüşdürülməsi məqsədilə qərara alınmışdır ki, AMEA-nın Aspirantlar yataqxanasında qeydiyyatda olan və yaşayan, AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İddiaçı tək özünə "xxxx" MMC tərəfindən AMEA-ya ayrılmış yeni inşa edilən yaşayış evindən ünvan 3 ünvanında, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 52.8 kv.m olan, 2 otaqlı, 2 nömrəli mənzil verilmişdir. 2017-ci ilin dekabr ayında təhvil verilmiş həmin mənzilin təmirinə başlanılmış, təmir işləri 2018-ci ilin may ayına qədər davam etmiş, təmir işlərinə 20000 manata yaxın vəsait qoyulmuşdur. Həmin müddətdə sözügedən ünvanda yerləşən mənzilin mətbəxi ilə üzbəüz Cavabdeh1 məxsus fərdi yaşayış evi yerləşmişdir. Qeyd olunan ərəfədə kommunal xidmətlərin təmin edilməsi sahəsində problemlər olduğuna görə təxminən 2 ilə yaxın vaxt getmiş, həmin müddətdə Cavabdeh1 özünə məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsini qeyri-qanuni formada tikməyə başlamış, bu müddət ərzində dəfələrlə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh buna məhəl qoymamış, qeyri-qanuni formada tikilini davam etdirmişdir. Həmin evin 2-ci mərtəbəsi qeyri-qanuni formada tikildikdən sonra cavabdehə məxsus fərdi yaşayış evi ilə iddiaçıya məxsus mənzilin mətbəxi arasındakı məsafənin qanunla müəyyən edilmiş məsafədən çox az olması səbəbindən mənzil gün şüasından, havalandırmadan tamamilə məhrum olmuşdur. Bu barədə yenə də tərəflər arasında danışıqlar aparılsa da, heç bir nəticə verməmişdir. Buna görə də mənzilin mətbəxinin gün şüasından, havalandırmadan məhrum olması nəticəsində təmirə yenidən ehtiyac yaranmış, məcburiyyətdən 2021-ci ilin sentyabr ayında mənzil yenidən iddiaçı tərəfindən təmir edilmiş, hətta mənzilin zalında pəncərə açmaq istədiyi zaman cavabdeh buna imkan verməmiş və bunun mümkün olmayacağını qərəzli şəkildə iddiaçıya bildirmişdir. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Cavabdeh2nə, Abşeron Rayon Polis İdarəsinə müraciət edilsə də, buna heç bir məhəl qoyulmamışdır. Cavabdeh2 6/3271 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, bu məsələ İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsində araşdırılmış, buna görə də cavabdehə pozulmuş olan yanaşı yaşama prinsiplərinin aradan qaldırılması tapşırılmış, əlavə olaraq, iddiaçıya məlumat verilmişdir ki, qanunsuz tikintilərin sökülməsi və dayandırılması Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir, odur ki, pozulmuş yanaşı yaşama prinsiplərinin aradan qaldırılması üçün iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hal-hazırda mənzildə yaşamaq havalandırma ilə əlaqədar mümkünsüz olmuş, aparılan təmir işləri tamamilə yararsız vəziyyətə düşmüşdür. İddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən də aydın görünür ki, cavabdeh tərəfindən sonradan tikilən tikili iddiaçıya məxsus mənzilin pəncərələrini tam şəkildə bağlamışdır. Abşeron Rayon Polis İdarəsinə ünvanlanmış müraciətin cavabı olaraq iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Görünür ki, qanunsuz tikili tikilərkən nə Cavabdeh2, nə də ki, qanunsuz tikilinin sökülməsi və dayandırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi heç bir tədbir görməmişdir. Cavabdeh2 qanunsuz tikili tikən vətəndaşa yalnız pozulmuş yanaşı yaşama prinsiplərinin aradan qaldırmasının tapşırılması ilə kifayətlənmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1suz tikilinin tikilməsinin qarşısını almalı olduğu halda, heç bir tədbir görməmişdir. Göründüyü kimi, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilməsi qanunla göstərilsə də, cavabdeh buna heç bir məhəl qoymamış, öz qanunsuz hərəkətlərini davam etdirməklə iddiaçının mənzildə yaşamaq hüququnu demək olar ki, tam şəkildə məhdudlaşdırmışdır. Digər tərəfdən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borclu olduğu halda, bu tələblərin heç birinə əməl edilməmişdir. Həmçinin, maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı onu dinləməli və ya yazılı şəkildə ona məlumat verməli olduğu halda da buna əməl etməmişdir. Qeyd olunanlardan da aydın olur ki, cavabdehə məxsus olan fərdi yaşayış evinin sonradan qanunsuz tikilən 2-ci mərtəbəsinin tikilməsi nəticəsində iddiaçının ona məxsus olan mənzilindən sərbəst şəkildə istifadə edə bilməsini tam şəkildə məhdudlaşdırmış, konstitusion hüquqları tam şəkildə pozulmuşdur. Ona görə də cavabdeh tərəfindən sonradan tikilən qanunsuz tikili tam şəkildə sökülməli, iddiaçıya dəyən zərər ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş materiallarında olan çıxarışdan göründüyü kimi, Abşeron rayonu Xırdalan şəhəri N.Xəzri küçəsi ev 10A saylı fərdi yaşayış evi Cavabdeh1 qızı X4 mülkiyyətindədir. İddiaçı tərəfindən mübahisələndirilən tikili ilə cavabdehin qızının mülkiyyətində olan tikili fərqli ünvanda yerləşir. Cavabdeh qismində Cavabdeh1 savayı başqa şəxs onlara məlum olmadığından cavabdehin əsl cavabdehlə əvəz edilməsinə ehtiyac bilmir, bu səbəbdən də, işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh2nə müraciət edəndən sonra sorğuya cavab olaraq Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətində olduğu qeyd olunduğundan sözügedən qurum cavabdeh qismində qoyulmuşdur. İddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən inşa edilməsini sübuta yetirən şahid ifadələri vardır. Lakin həmin şahidlərdən biri rayonda olduğu üçün məhkəmə iclasına gələ bilməmişdir. Bununla yanaşı, qeyd edir ki, aidiyyəti qurumlara müraciət etməsi nəticəsindən irəli gələrək o, Cavabdeh2 də cavabdeh qismində qoymuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evi onun qızı X4 mülkiyyətindədir. Onun öz evi ünvan 5 ünvanında yerləşsə də, həmin ev kredit borcuna görə bank tərəfindən ondan alınmış, hazırda isə özü kirayədə yaşayır. Sözügedən ev əslində onun ata evi olmaqla, baba tərəfindən nəvəsinə, yəni onun qızına bağışlanılmışdır. 2010-cu ildə ikimərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Hətta onun atası tərəfindən qızına bağışladığı evlə bağlı vərəsəlik şəhadətnaməsi də mövcuddur. Onun qızına məxsus olan ev daha öncədən tikilmiş, iddiaçının evi isə hələ tam tikilib qurtarmamışdır. Əslində, iddiaçının niyyəti həyətə pəncərə açmaqdır ki, o da bununla qətiyyən razı deyildir. Belə ki, iddiaçı ona pəncərə açmağı, tikilinin inşası bitəndən sonra özü tərəfindən pəncərəni bağlayacağı təklifini irəli sürmüşdür ki, bu da real deyildir. Belə ki, tikili inşa edilib bitəndən sonra açılmış pəncərənin bağlanması mümkün deyildir. Məhkəmə iclasında cavabdeh Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbi ilə bağlı qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən, Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Cavabdeh2 tərəfindən, nə də İddiaçı tərəfindən ünvan 1 ünvanında qanunsuz tikinti işlərinin aprılması barədə bu günə kimi agentliyə heç bir məlumat daxil olmamışdır. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq tabeliyində olan inzibati ərazidə, hər hansı tikinti işlərinin özbaşına aparılmasına görə inzibati icraat birbaşa yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.2 və 4.3-cü bəndlərinə əsasən qanunsuz tikililərlə bağlı ilkin tədbirlərin görülməsi yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Həmçinin, qeyd edir ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin cavabdeh qismində mülki işdə qoyulması bəlli deyildir. Ona görə də qeyd olunan məsələnin həlli Agentliyin səlahiyyətinə aid olmadığından, eyni zamanda, iddiaçı tərəfindən Agentliyə qarşı işlə əlaqədar mahiyyəti üzrə hər hansı bir tələb irəli sürülmədiyindən Agentliyin cavabdehlər siyahısından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, hazırkı mülki iş üzrə tərəflər arasında mübahisənin olması istisna edilməsə də, bu, o demək deyildir ki, səlahiyyətini təmsil etdiyi qurum da cavabdeh olmalıdır. Tikili məlumatlandırma icraatı qaydasında inşa edilmiş tikilidir. Sözügedən tikili ilə bağlı adətən rayon icra hakimiyyəti tərəfindən məlumatlandırma icraatı qaydasında və ya ekspertiza tələb olunan tikililərlə bağlı məlumat verilir. Hazırki tikili ilə bağlı isə ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbi ilə bağlı qeyd edir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinə görə yerli icra hakimiyyətləri tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Cavabdeh1 tərəfindən aparılan tikinti işləri barədə rayon İcra Hakimiyyətinin məlumatı olmamış, iddiaçı həmin tikinti artıq başa çatdıqdan sonra rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qanunvericiliyə görə tikintisi başa çatmış özbaşına tikinti maraqlı şəxsin müraciəti əsasında qəbul edilmiş məhkəmə qərarı əsasında sökülə bilər. Əlavə olaraq qeyd edilməlidir ki, iddia ərizəsində iddiaçı tərəfindən Cavabdeh2nə qarşı hər hansı tələb irəli sürülməmişdir. Ona görə də göstərilənlərə əsasən, Cavabdeh2 iş üzrə cavabdehlər siyahısından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Milli Elmlər X5 22 sentyabr 2017-ci il tarixli 10/12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər X6”nin 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli Qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi Komissiyası”nın xx.xx.2017-ci il tarixli 3№-İi protokolundan çıxarışdan görünür ki, AMEA-nın ünvan 2 ünvanında yerləşən Aspirantlar yataqxanasında qeydiyyatda olan və yaşamayan, AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İddiaçı tək özünə "xxxx" MMC tərəfindən AMEAya ayrılmış yeni inşa edilən yaşayış evindən Xırdalan şəhəri, Nəbi Xəzri 4 ünvanında, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 52,8 kv.m olan, 2 otaqlı, 2 nömrəli mənzilin verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********15-10301 saylı texniki pasportun surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri N.Xəzri küçəsi 10A saylı fərdi yaşayış evi X4 mülkiyyətindədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri N.Xəzri küçəsində yerləşən 0.01 ha torpaq sahəsində inşa edilmiş 10A saylı fərdi yaşayış evi X4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 220 saylı reyestr kitabının 85 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********15-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -İddiaçı Daxili İşlər Nazirliyi, Abşeron rayon Polis İdarəsinə ünvanlandığı xx.xx.2021ci il tarixli şikayətdən görünür ki, Cavabdeh1 tərəfindən birgə yaşayış qaydalarının pozulmasına görə sonuncu barəsində qanuna müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. -Cavabdeh2 İddiaçı ünvanlandığı xx.xx.2021-ci il tarixli 6/3271 saylı məktubdan görünür ki, Cavabdeh1 pozulmuş yanaşı yaşama prinsiplərinin aradan qaldırılması tapşırılmış, əlavə olaraq, qanunsuz tikintilərin sökülməsi və dayandırılması Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir, odur ki, pozulmuş yanaşı yaşama prinsiplərinin aradan qaldırılması üçün iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Cavabdeh2 xx.xx.2022-ci il tarixli 1/1053 saylı məktubundan görünür ki, sorğuda İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Xırdalan şəhəri N.Xəzri küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evinin nə zaman tikildiyi və kimə məxsus olması, eləcə də inşa edilmiş tikiliyə dair hüquq müəyyənedici sənədlərin olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuş, yuxarıda qeyd olunanlarla bağlı rayon İcra Hakimiyyətində məlumat olmadığından aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 9 ədəd fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus olan mənzil ilə üzbəüz yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsi inşa edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Xalıqov X7 rayonu Xırdalan şəhəri N.Xəzri küçəsi 4 ünvanında qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi olan İddiaçı “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi Komissiyası”nın xx.xx.2017-ci il tarixli 3№-İi protokolundan çıxarış əsasında "xxxx" MMC tərəfindən AMEA-ya ayrılmış yeni inşa edilən yaşayış evindən Xırdalan şəhəri, Nəbi Xəzri 4 ünvanında, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 52,8 kv.m olan, 2 otaqlı, 2 nömrəli mənzilin verilməsi qərara alınmışdır. İddiaçıya məxsus mənzilin yerləşdiyi ünvan üzrə inşa edilmiş fərdi yaşayış evinin ikinci mərtəbəsinin ucaldılması iddiaçının yanaşı yaşama prinsiplərinin tələbləri ilə ziddiyyət təşkil edərək iddiaçının öz mənzilindən istifadə hüququnu məhdudlaşdırdığından iddiaçı həmin fərdi yaşayış evinin qanunvericiliyin tələbləri pozulmaqla inşa edildiyini əsas gətirərək həmin tikilinin sökülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evi Abşeron rayonu Xırdalan şəhəri N.Xəzri küçəsində yerləşməklə sözügedən ünvan 10A saylı fərdi yaşayış evidir və fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış əsasında Cavabdeh1 qızı X4 mülkiyyətində olmaqla, sonuncunun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 220 saylı reyestr kitabının 85 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********15-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı cavabdehə məxsus olmasını iddia etdiyi Abşeron rayonu Xırdalan şəhəri N.Xəzri küçəsində yerləşən fərdi yaşayış evinin həqiqətən də cavabdehə məxsus olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, bu barədə aidiyyəti qurumlara sorğu ilə müraciət etməmiş, məhkəmə iclasında cavabdehin əsl cavabdehlə əvəz olunması təşəbbüsünü irəli sürməmişdir. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Göründüyü kimi, İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edildiyini iddia etdiyi fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsini tələb etdiyi halda, həmin halları sübuta yetirə bilməmiş, bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə əsasən, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıran halların nədən ibarət olmasını əsaslandıra bilməmiş, yalnız qanunvericiliyin tələblərini formal sadalamaqla kifayətlənmişdir. Bundan başqa, iddiaçının cavabdehlər Cavabdeh1, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinə cavabdeh olan şəxslərin dairəsi düzgün göstərilməmiş, cavab verməli olmayan şəxsləri göstərməklə düzgün qeyd etməmişdir. İddiaçının iddia tələbində tələbin nəyə yönəldiyi konkret hüquqi və fiziki şəxslərdən nəyin tələb olunmasını, burada Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən və Cavabdeh2ndən nəyin tələb olunması konkret göstərilməli olduğu halda iddiaçı bunu etməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin: 54.1. maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə araşdırması zamanı Abşeron rayonu Xırdalan şəhəri N.Xəzri küçəsi ünvanında inşa edilmiş fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən sökülməsi tələbi irəli sürülsə də, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd olunan tikilinin cavabdehə məxsus olmasını təsdiq edən mötəbər sübutlar öz əksini tapmadığından, iddiaçının nümayəndəsi-vəkilinə cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunmuş, lakin iddiaçının nümayəndəsi-vəkili başqa cavabdehin olmadığını bildirmiş, bu səbəbdən də məhkəmə irəli sürülən tələblər üzrə iddia ərizəsinə mahiyyəti üzrə baxmışdır. İddia tələbindən də göründüyü kimi, torpaq sahəsi üzərində inşa edilmiş tikilinin qanunsuz olduğunu iddia edən iddiaçı həmin tikilinin qanunsuz olmasına dair əsaslı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə qeyd olunan halları ümumiləşdirib qeyd edir ki, iddia tələbində irəli sürülən hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-926/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-926/2022
23.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver