Məhkəmə qərarları › İş №2(012)-940/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-940/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-940/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı Bank “xxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 19 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bank “xxxx” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı və Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli, RPF-00876- 16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 16.10.2020-ci il tarixinə ödənilməmiş 3612.57 manat əsas borc, 40.73 manat faiz borcu, cəmi 3653.3 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında 30.08.2019-cu il tarixli, RPF-00876-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı Bank “xxxx” ASC 3612.57 manat məbləğində krediti illik 1 % ilə 12 ay güzəşt müddəti tətbiq etməklə 60 ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK- 01119-06/15U saylı 02 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 30 avqust 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı və cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00876-16/19A saylı 30 avqust 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə 16.10.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 3612.57 manat əsas borc, 40.73 manat faiz borcu vardır. Beləliklə, cavabdehin həmin tarixə ümumi borcu 3653.3 manat təşkil edir. İddiaçı Bank “xxxx” ASC -nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan 30.08.2019-cu il tarixli, RPF-00876-16/19A saylı kredit müqaviləsindən müəyyən edilir ki, iddiaçı Bank “xxxx” ASC 3612.57 manat məbləğində krediti illik 1 % ilə 12 ay güzəşt müddəti tətbiq etməklə 60 ay müddətinə Cavabdeh mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan 16 oktyabr 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh arasında 30.08.2019-cu il tarixli, RPF-00876- 16/19A saylı kredit müqaviləsinə əsasən, 16.10.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 3612.57 manat əsas borc, 40.73 manat faiz borcu olmaqla, ümumi borcu 3653.3 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh arasında 30.08.2019-cu il tarixli, RPF-00876-16/19A saylı kredit müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdehin ödənilməmiş 3612.57 manat əsas borc, 40.73 manat faiz borcu olmaqla, ümumi borcu 3653.3 manat təşkil edir. Bu səbəbdən də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bank “xxxx” ASCnin “Həzi Aslanov” filialı və Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli, RPF- 00876-16/19A saylı kredit müqaviləsinin ləğv edilməli, 30.08.2019-cu il tarixli, RPF-00876- 16/19A saylı kredit müqaviləsinə əsasən, 3612.57 manat əsas borc, 40.73 manat faiz borcu olmaqla, cəmi 3653.3 manat Cavabdeh tutularaq Bank “xxxx” ASC-yə verilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, Bank “xxxx” ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı Cavabdeh tutularaq iddiaçı Bank “xxxx” ASC–yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı və Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli, RPF-00876-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. 30.08.2019-cu il tarixli, RPF-00876-16/19A saylı kredit müqaviləsinə əsasən, 3612.57 manat əsas borc, 40.73 manat faiz borcu olmaqla, cəmi 3653.3 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində vəsait və 0.40 manat bank xidməti haqqı Cavabdeh tutularaq Bank “xxxx” ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar