Məhkəmə qərarları › İş №2(012)-942/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-942/2022

03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-942/2022 03.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 23.09.2021-ci il tarixli 238010 saylı akta əsasən hesablanmış 821.75 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi, Yeni məhəllə, A.Mirzəcanzadə küçəsində yerləşən abunə kodu **********00040 saylı ünvanında yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edir. O, sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmiş, həmçinin, Laçın rayonundan məcburi köçkün olduğu üçün 31.12.2016-cı il tarixə kimi elektrik enerjisindən istifadəyə görə ödənişləri dövlət tərəfindən ödənilmişdir. 2017-ci ildən isə istifadə etdiyi elektrik enerjisi onun özü tərəfindən ödənilmişdir. Həmin ünvana 30.12.2012-ci il tarixdə enerji təchizatı müəssisəsi tərəfindən X1nun adına **********00040 saylı abunə hesabı açılmaqla qeydiyyata alınmışdır. X1 19.12.2019-cu il tarixdə vəfat etmişdir. 23.09.2021-ci il tarixdə cavabdeh təşkilatın işçiləri tərəfindən ona məxsus olan yuxarıda qeyd edilmiş ünvanda yerləşən evə quraşdırılmış elektrik hesabat sayğacına müdaxilə olunduğu bildirilərək 238010 saylı akt tərtib edilmiş və həmin akta əsasən ona 821.75 manat əlavə sərfiyyat hesablanmışdır. Ondan qanunsuz olaraq akta əsasən cərimənin ödənilməsi tələb olunduğundan o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin ərazidə cavabdeh təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək ona bildiriş təqdim etmiş və sayğac onun mənzilindən kənarda yerləşdiyindən sayğacın qorunması cavabdeh təşkilatın da üzərinə düşür. Abunə haqqında çıxarışdan da görünür ki, mənzilə quraşdırılmış elektrik hesabat sayğacı əsasında yaranmış borc vaxtında onun tərəfindən cavabdehə ödənilmişdir. Hal-hazırda isə "xxxx" ASC tərəfindən əsassız tərtib olunmuş akt əsasında metodiki hesablama yolu ilə yaranmış borc ondan tələb edilir. Həmçinin, abunə haqqında çıxarışdan bir daha müəyyən olunur ki, 27.12.2018-ci il tarixdə evə quraşdırılmış yeni elektrik hesabat sayğacı üzrə aylıq sərfiyyatla əvvəlki sayğac üzrə olan sərfiyyatlar arasında heç bir fərq yoxdur. Onun tərəfindən sayğaca müdaxilə olunsa idi, yəqin ki, sərfiyyat arasında kəskin bir fərq yaranmış olacaqdı. Bu, bir daha sübut edir ki, onun tərəfindən sayğaca müdaxilə olunmamışdır. Akt tərtib olunduqdan sonra isə sərfiyyata nəzər yetirildikdə artıq yox, əksinə azalmanın olduğu müşahidə olunardı. Bu isə aktın bir daha düzgün olmadığını göstərir. Sayğac onun evindən 45 metr kənarda yerləşir. Onu uşaq vaxt elektrik cərəyanı vurduğundan, elektrik cərəyanına qarşı fobiyası yarandığından sayğaca toxunması da mümkün deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinə etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbində tələb etdiyi 821.75 manat pul vəsaitini artıq ödəmişdir. Bu səbəbdən də, ödənilmiş pulun silinməsi də qeyri-mümkündür. Bundan başqa, iddiaçı iddia ərizəsinə enerji təchizatı ilə aralarında bağlanmış elektrik enerjisinin birtipli alqı-satqı müqaviləsini, həmçinin "xxxx" ASC-nin elektron informasiya bazasında adı qeyd edilmiş X4 onun atası olması barədə hər hansı bir sənəd əlavə etməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -Laçın rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.01.2020-ci il tarixli AZ-İİ № 026836 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08.01.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 23.09.2021-ci il tarixli 238010 saylı aktdan görünür ki, Rövşən Nağıyevə məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mənzilə məxsus elektrik sayğacının alt qapaq möhürü açılmaqla çıxış faza xətti giriş faza xəttinə qapanılmaqla elektrik sayğacı sxemdən kənarlaşdırılmış, nəticədə, elektrik sayğacının sxemi bərpa olunmaqla kənar xəttin ləğv edilməsi qərara alınmışdır. -Azərişıq ASC-nin abunə haqqında saldosundan görünür ki, abunə kodu **********00040 olan X6 məxsus ünvan 1 ünvanına yerləşdirilmiş elektrik sayğacına elektrik enerjisindən istifadə qaydasının (EİQ) pozulmasına görə 710.71 manat, 0.07 manat olmaqla, aktın köhnə tarifinə görə 84 manat borc hesablanmış, ümumilikdə 821.75 manat borc məbləği ödənilmiş və 11.10.2021-ci il tarixinə sayğac möhürlənərkən borcun qalmadığı müəyyən olunmuşdur. -Azərişıq ASC-nin maliyyə arayışından görünür ki, abonent kodu **********00040 olan iddiaçının 03 mart 2022-ci il tarixinə "xxxx" ASC qarşısında 7.69 manat borcu vardır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli 705 saylı arayışdan görünür ki, Nağıyev X7 rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllə A.Mirzəcanzadə küçəsi ünvanında Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə hazırki iş üzrə İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ. hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ. hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “Elektrik enerjisindən istifadə Qaydalarının: 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 8.14. bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Mülki iş materiallarından göründüyü kimi, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 23.09.2021-ci il tarixli 238010 saylı akt və Azərişıq ASC-nin abunə haqqında saldosu abunə kodu **********00040 olan X6 məxsus ünvan 1 ünvanına yerləşdirilmiş elektrik sayğacına görə tərtib edilmiş və həmin ünvanda hazırda, mərhumun oğlu, yəni hazırki iş üzrə İddiaçı yaşamaqla, həmin əmlakı faktiki qəbul etmiş, bununla da, mərhum atasının borclarına görə də məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Həmçinin, Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarının tələblərinə istinad edərək qeyd edir ki, mərhum atasının adına olan mənzilə dair quraşdırılmış elektrik sayğacından istifadəyə görə yaranmış borca görə hazırki iddiaçı kreditor qarşısında məsuliyyət daşıdığından İddiaçı 23.09.2021-ci il tarixli 238010 saylı akt əsasında hesablanmış 821.75 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququn elementi olan tələb hüququ yaranmış, bununla da həmin tələblə bağlı iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur. “Elektrik enerjisindən istifadə Qaydalarının: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenegetika haqqında, “Energetika haqqında Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentləri ilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Məhkəmə, iddiaçı barəsində tərtib olunmuş akta hüquqi münasibət bildirərək qeyd edir ki, tədqiq olunmuş 23.09.2021-ci il tarixli 238010 saylı akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus elektrik sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, mənzilin mülkiyyətçisi olan mərhum İddiaçı Talış oğlunun vəfatından sonra həmin ünvanda yaşamış İddiaçı həmin aktın tərtib olunmasından sonra könüllü şəkildə ödənişlərini yerinə yetirməsi, həmin aktı mübahisələndirməməsi sonuncunun sözügedən akt barəsində onu qəbul etməklə razılaşmasını istisna etməmişdir. Qaydaların 9.12-ci bəndinə əsasən X2 Agentliyi üç gün əvvəl rəsmi xəbərdar etməklə, aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir: 9.12.2. müəyyən edilmiş elektrik enerjisi sərfi rejimlərini pozduqda; 9.12.3. elektrik enerjisindən israfçılıqla və səmərəsiz istifadə etdikdə; 9.12.4. enerjitəchizatı müəssisəsinin və ya digər istehlakçının elektrik şəbəkəsinə özbaşına elektrikqəbulediciləri qoşduqda, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş göstəricilərdən artıq şəbəkəyə güc qoşduqda. Məhkəmə araşdırması zamanı elektrik sayğacının sxemdən kənarlaşdırılmaqla elektrik enerjisindən istifadə qaydalarının pozulması öz təsdiqini tapmış olsa da, tərtib olunmuş akt əsasında 2021-ci il tarixinə hesablanmış 821.75 manat cərimənin iddiaçı tərəfindən ödənilməsi və Azərişıq ASC qarşısında hər hansı bir borcunun qalmaması öz təsdiqini tapdığından və ödənilmiş borcun silinməsi mümkün olmadığından, iddia tələbləri əsassızdır, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar