Məhkəmə qərarları › İş №2(012)-969/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-969/2024

06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-969/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 3110,40 manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ona məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən həyət evi Cavabdeh tərəfindən təbii qazla təchiz olunmuşdur. Cavabdeh əməkdaşları tərəfindən 27 aprel 2023-cü il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və qaz sayğacının yoxlanılması barədə 25 aprel 2023-cü il tarixli, 14-2-2/3-5-4177-1 №-li aktına əsasən G-4 markalı 1602AZ**********82 №-li sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metr.plomb yuvalarının ətrafının zədələnməsi, göstərilən çarxların üzərində ləkə, zədə izlərinin mövcud olması aşkar edilmişdir. Sözügedən akt qanunsuz və əsassızdır. Belə ki, onun bu aktın nə zaman və harada tərtib edilməsindən, ümumiyyətlə, xəbəri olmamışdır. İndiyədək təbii qazdan istifadə üzrə aylıq sərfiyyat 80-100 manat arası olmuşdur. O, hər zaman ödənişlərini vaxtı-vaxtında etmişdir. Bununla belə qanunsuz və əsasız olaraq, heç bir əsas gətirilmədən 27 aprel 2023-cü il tarixdə Cavabdeh İB tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 3110,40 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən onun aktın tərtib edilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Cavabdeh İB isə qanunvericiliyin tələblərini pozaraq onun iştirakını təmin etmədiyi halda aktın yekun hissəsində aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Heç vaxt qazın istifadəsinə görə onun borcu olmayıb və sayğaca heç vaxt o və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Lakin heç bir təqsiri olmadığı və sayğacda aşkar edilmiş zərərlər o və ailə üzvləri tərəfindən törədilmədiyi halda onu günahlandırmışlar. Halbuki qanunvericiliyin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Akt tərtib edilərkən onun iştirakını təmin etməmişlər. Bu da onu göstərir ki, burada heç bir araşdırmadan söz belə gedə bilməz. Dəymiş ziyanın hesablanmasından müəyyən etmək mümkündür ki, Cavabdeh İB-nin əməkdaşlarının əməlləri tamamilə qanunsuzdur. Cavabdeh sayğacda olan qüsurun nədən ibarət olduğunu qeyd etsə də bunu əsaslandırmamış, hətta bu nəticəyə gələrkən onun iştirakını təmin etməmişdir. Buradan da məlum olur ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş akt saxtadır. Sayğac həyətdən çöldə quraşdırılmışdır. Əlavə olaraq qeyd edir ki, yazılmış cərimə borcundan onun sadəcə 2023-cü ilin noyabr ayında məlumatı olmuşdur. Buradan da göründüyü kimi heç bir sübut və əsas olmadığı halda ona borc yazılmış, həmçinin akt tərtib edilərkən onun iştirakı təmin olunmamış, hüquqları pozulmuş, qanunsuz, əsassız və saxta olaraq barəsində akt tərtib edilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktda onun aktı imzalamaqdan imtina etməsi barədə qeyd əks olunmuşdur, lakin onun həmin aktın tərtib edilməsindən xəbəri olmamışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X1 xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, sayğaca müdaxilə olunduğunu təsdiq edən laboratoriya rəyi vardır. Odur ki, o, əsassız olduğundan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğaca baxış keçirilən zaman MSKM-2-2/3-5-4177-1 saylı rəyə əsasən 1602AZ**********82 №-li sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metr.plomb yuvalarının ətrafının zədələnməsi, göstərilən çarxların üzərində ləkə, zədə izlərinin mövcud olduğu aşkar edilmişdir. İş materialarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən evə (abonent kodu: **********08993) 3110,40 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən evə (abonent kodu: **********08993) 3110,40 manat borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X2 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahatının əsaslarını sübut edə bilməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən evə (abonent kodu: **********08993) quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 3110,40 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə (abonent kodu: **********08993) hesablanmış 3110,40 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar