Məhkəmə qərarları › İş №2(013)-1109/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1109/2025

05.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1109/2025 05.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rəcəb qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəcəb qızına, Cavabdeh3 Rəcəb qızına və Cavabdeh4 qarşı miras əmlaka payının müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəcəb qızına, Cavabdeh3 Rəcəb qızına və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış, Ağdam rayonu, Mahrızlı kəndində yerləşən 0,34 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 239,8 kv.metr sahəsi olan fərdi yaşayış evinin qanun üzrə vərəsələr arasında bölünərək payların müəyyən edilməsi və naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Ağdam rayon Dövlət Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 Rəcəb qızı və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, atası X5 xx.xx.1999-cu il tarixdə, anası X2 isə xx.xx.2021-ci il tarixdə vəfat etdiyini, Ağdam rayonu, Mahrızlı kəndində 0,34 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 239,8 kv.metr sahəsi olan fərdi yaşayış evinin olduğunu, ata evinin 2 otaqdan ibarət olduğunu, sonradan hazırda yaşadıqları evi atsı, bacısı Sevil və onun tikdirdiyini, həmin evdə anasının, bacıları Sevilin və Səfayətin yaşadıqlarını, Sevilin ikinci qrup əlil, Səfayətin isə xəstə olduğunu, vəfatına qədər valideynlərinə və xəstə bacılarına yalnız özünün baxdığını, valideynlərinin sağlığında və ölümündən sonra da həyətin və evin baxımının və bütün komunal xərclərin onun tərəfindən idarə edilərək həyata keçirildiyini, valideynlərinin yas və dəfn xərclərinin, baş daşlarının düzəldilməsi xərclərinin onun tərəfindən çəkildiyini, cavabdehlər tərəfindən heç bir xərcin çəkilmədiyini, qardaşı, hazırkı iş üzrə Cavabdeh4 ilə hazırda sözü gedən əmlakla bağlı mübahisələr yaşadığını, bu səbəbdən də Ağdam rayon Dövlət Notariat Ofisinə payların bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etdiyini, Ağdam rayon Dövlət Notariat Ofisindən məsələnin mübahisəli olduğu üçün vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməklə məhkəməyə müraciət etməyinin tövsiyyə edildiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbinə etiraz etmədiyini bildirdi və iddianın qanuna uyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 Rəcəb qızı izahatında iddia tələbinə etiraz etmədiyini bildirdi və iddianın qanuna uyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan Ağdam rayon İHB-nin Zəngişalı ərazi nümayəndəliyi tərəfindən verilmiş V-JQ seriyalı, № 270180 nömrəli 22 dekabr 1999-cu il tarixli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 18 yanvar 1999-cu il tarixdə ölmüşdür. İş materillarında olan Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, № 143689 nömrəli 22 aprel 2021-ci il tarixli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 17 aprel 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDX DƏDK və RPHŞ Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********05-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan dağınmaz əmlak - Ağdam rayonu, Mahrızlı kəndində yerləşən ümumi sahəsi 239,8 kv.m olan fərdi yaşayış evi və 0,34 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, X2, Cavabdeh2 Rəcəb qızının və Cavabdeh4 ümumibirgə mülkiyyətlərindədir. İş materiallarında olan Ağdam rayon İHB-nin Zəngişalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 168 saylı arayışdan görünür ki, X7 17 aprel 2021-ci il tarixdə vəfat etdikdən sonra, onun aşağıdakı tərkibdə ailə üzvləri qalmışdır: - Cavabdeh1, İddiaçı, Cavabdeh3 Rəcəb qızı, Cavabdeh2 Rəcəb qızı və Cavabdeh4. İş materiallarına olan Ağdam rayon Dövlət Notariat ofisi tərəfindən İddiaçı müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli, 46 nömrəli məktuban görünür ki, 17 aprel 2021-ci il tarixdə vəfat etmiş mərhum X1 miras əmlaka, vərəsələr haqqında mübahisə olduğu üçün, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla bağlı məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Konstitutsiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Göstərilən qanun normalarını indiki hala tədbiq edən məhkəmə qeyd edir ki, mərhum X6 vəfatından sonra onun birinci növbədə vərəsələri kimi yalnız onun övladları, yəni qızları Cavabdeh1, Cavabdeh2 Rəcəb qızı, Cavabdeh3 Rəcəb qızı, oğlanları Cavabdeh4 və İddiaçı qalmışdır. Məhkəmə qeyd edir ki, mərhum X1 miras qalmış Ağdam rayonu, Mahrızlı kəndində yerləşən ümumi sahəsi 239,8 kv.m olan fərdi yaşayış evinin və 0,34 ha həyətyanı torpaq sahəsinin mərhum X4 aid hissəsinə İddiaçı 1/5 hissəsində miras pay hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə uyğun hesab edir ki, iddia qismən təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş Ağdam rayonu Mahrızlı kəndində yerləşən birgə mülkiyyətdə olan 0.34 ha torpaq sahəsinin və ümumi sahəsi 239.8 kv.m olan fərdi yaşayış evinin mərhum X3 aid hissəsinə İddiaçı 1/5 hissədə miras payı hüququ müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı müharibə veteranı olduğu üçün məhkəmədə iddia qaldırarkən dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehlərdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 222, 227, 230 və 260-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş Ağdam rayonu Mahrızlı kəndində yerləşən birgə mülkiyyətdə olan 0.34 ha torpaq sahəsinin və ümumi sahəsi 239.8 kv.m olan fərdi yaşayış evinin mərhum X3 aid hissəsinə İddiaçı 1/5 hissədə miras payı hüququ müəyyən edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəcəb qızından, Cavabdeh3 Rəcəb qızından və Cavabdeh4 100 (bir yüz) manat dövlət rüsumu pul vəsaiti tutularaq Dövlət gəlirlərinə alınsın. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar