Məhkəmə qərarları › İş №2(013)-1983/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1983/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1983/2023 27.09.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbi barədə mülki işə 27 sentyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin direktoru R.S.Mehdiyev rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1331 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” minikmarkalı **-PU-*** dövlət qeydiyyat nişanlı, XVVBJA69V9VNA089717 ban, 0485 mühərrik nömrəli, ağ rəngli avtomobili 22825 manat dəyərində İddiaçı MMC mülkiyyətinə almış və Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Ödəniş cədvəlinə əsasən o illik 18 faiz hesablanmaqla 48 ay müddətinə hər ay sabit pul məbləğində 552,98 manat ümumilikdə isə 30543 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə şirkətin duracağına yerləşdrilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2070 manat ziyan dəymişdir. Cavabdeh İddiaçı MMC-yə olan borcunu ödəmədiyini qeyd etməklə İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1331 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli ALY-1331 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə xx.xx.2023-cü il tarixə 291,52 manat əsas, 259,05 manat gecikdirilmiş mükafat, 318,37 manat dəbbə, lizinq obyektinin bərpa olunması üçün tələb olunan 2070 manat– cəmi 2938,94 manat və ödənilmiş dövlət rüsumu əvəzində 49,79 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru R.S.Mehdiyev məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli ALY-1331 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qiyməti 22825 manat olan bir ədəd 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı, XVVBJA69V9VNA089717 ban, 0485 mühərrik nömrəli, ağ rəngli avtomobil lizinqə verilmişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Servis mərkəzinin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2070 manat zərər vurmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış və iddiaçı mülkiyyətində olan lizinq obyekti bir ədəd 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı, XVVBJA69V9VNA089717 ban, 0485 mühərrik nömrəli, ağ rəngli avtomobili cavabdehə vermişdir. Cavabdeh müqavilə üzrə ödənişləri yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixə onun 291,52 manat əsas, 259,05 manat mükafat, 318,37 manat cərimə borcu qalmışdır. Həmçinin Cavabdeh İddiaçı MMC mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2070 manat zərər vurmuşdur. Cavabdeh üzərinə öhdəlik götürməsinə baxmayaraq lazımınca yerinə yetirməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsində qeyd olunmuşdur ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcələnin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsini cavabdeh əhəmiyyətli dərəcədə pozduğundan qeyd edilən müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə uyğun olaraq ləğv edilməlidir. Həmin maddədə göstərilmişdir ki, tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə baxışında məlum olmuşdur ki, cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, lizinq verənə dəbbə pulu ödəməyi üzərinə götürmüşdür. Cavabdehə müqavilənin tələblərinə uyğun olaraq 318,37 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı oldğundan təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1331 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 291,52 manat əsas, 259,05 manat gecikdirilmiş mükafat, 318,37 manat cərimə, lizinq obyektinin bərpası üçün tələb olunmuş 2070 manat və ödənilmiş dövlət rüsumu əvəzində 49,79 manat – cəmi 2988 (iki min doqquz yüz səksən səkkiz) manat 73 (yetmiş üç) qəpik tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar