Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2099/2024 26.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə müraciət edərək, Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyi üçün, mediyasiya prosesi nəticəsində bağlanmış 03 iyul 2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə etdiyini, Maraqlı şəxs ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı övladlarının olduğunu, aralarında olan problemlər səbəbindən ailə münüsibətlərinin pozulduğunu, hazırda ayrı-ayrı ünvanlarda yaşadıqlarını, uşaqlarının onun himayəsində olduğunu, aralarında olan mübahisələri həll etmək üçün mediyasiya təşkilatına müraciət etdiyini, bağlanmış barışıq sazişinə əsasən, aralarında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan X6 və X7 adlı övladlarının onun himayəsində saxlanması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 120 manat məbləgində alimentin onun xeyirinə tutulması barədə razılığa gəldiklərini, hazırda isə qarşı tərəfin barışıq sazişinə əməl etmədiyini bildirib ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs məhkəməyə verdiyi izahatında ərizəni qəbul etdiyini, Ərizəçi ilə rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, birfə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı övladlarının olduğunu, uşaqların hazırda ananın himayəsində olduğunu və ananın himayəsində qalmasına etiraz etmədiyini, qeyd olunan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 120 manat olmaqla cəmi 240 manat məbləgində alimentin ondan tutularaq Ərizəçi xeyirinə ödənilməsi barədə qarşılıqlı razılığa gəldiklərini bildirib ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 949402 “X5”dən görünür ki, Maraqlı şəxs ilə ərizəçi X2 arasında 14 aprel 2014-cü ildə 09 nömrə ilə qeydə alınmş nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Vəliyev”, arvada “Vəliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı № 614984 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan AZ-İİİ seriyalı № 861742 “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2017-ci ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: X1 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 03 iyul 2024-cü il tarixli, MŞB/MT039-2024-00636 nömrəli barışıq sazişinin 1-ci maddəsində birinci tərəf Ərizəçi şərtlərini irəli sürmüş, bununla tam razlaşan 2-ci tərəf etiraz etmədiyini bildirmiş, sazişin 2-ci maddəsindən göründüyü kimi, tərəflər Bərdə regional “asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsində 14 aprel 2014-cü ildə 09 nömrə ilə qeydə alınmş nikahlarının pozulması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 ananın himayəsində saxlanması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılaşmışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 8. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsinin) 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 19.2-ci maddəsinin tələbinə görə ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanılmış sözügedən barışıq sazişinin nikahın pozulması və nikahdan olan uşaqların digət tərin yanında saxlanılması hissəsinin Maraqlı şəxs tərəfindən könüllü icrası mümkün deyil. Çünki, tərəflərin birgə nikahından iki iki azyaşlı üşağı olduğundan və Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından tərəflər arasında bağlanmış nikahın pozulması məhkəmə qaydasında həyata keçirilməlidir. Bunun üçün tərəflər nikahın pozulması tələbi ilə ümumi qaydada aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin: -4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə tərəflərin qarşılıqlı razılaşması nəzərə alınmaqla, həmin barışıq sazişinin alimentlə bağlı bütün digər şərtləri təsdiq edilməlidir. Barışıq sazişinin qalan hissəsinin, yəni boşanma və uşaqların himayədə saxlanması ilə bağlı hissəsinin təsdiq edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişinin bir hissəsi, yəni alimentin tutulması hissəsi təsdiq edilsin. xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Alimentin ödənilməsinə xx.xx.2024-cü il tarixdən başlanılsın. Həmin barışıq sazişinin yalnız alimentlə bağlı bütün digər şərtləri təsdiq edilsin. Barışıq sazişinin qalan hissəsinin, yəni boşanma və uşaqların himayədə saxlanması ilə bağlı hissəsinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2099/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2099/2024
26.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver