Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2523/2024 20.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə mülki işə 20 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən adına əsassız yazılmış 731 (yeddi yüz otuz bir) manat 92 (qoxsan iki) qəpik borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, yaşadığı Ağdam rayonu Dördyol-1 qəsəbəsində yerləşən 540 saylı evə Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sayğac quraşdırılmışdır. Aylıq işıq sərfiyyatına görə ödənişləri vaxtında həyata keçirmişdir. 2024cü ilin iyun ayında gecə vaxtı qəflətən baş vermiş partlayış nəticəsində işıqlar sönmüş və bu barədə işıq idarəsinə məlumat vermişdir. X3 əməkdaşları onun Bakı şəhərində olduğu vaxt arvadının iştirakı ilə evə baxış keçirərək adına 731,92 manat borc yazmışlar. Sayğacdan kənar xətdən istifadə etmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə iddia ərizəsinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisndən istifadə Qaydaları»na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədi ilə ərazidə reyd keçirərkən xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı İddiaçı istismarında olan elektrik sayğacının üst qapağının qırılaraq sayğacın sxemdən çıxarılması və elektrik enerjisindən birbaşa istifadə edilməsi faktı aşkar olunmuşdur. Nümayəndələr tərəfindən həmin pozuntunun video çəkilişi aparılmışdır. Bu isə “EEİQ-nın 8.32-ci, həmçinin “EQQQnın ı-v bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaja adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı barəsində 20 iyun 2024-cü il tarixli R 340080 saylı akt tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır. 5,8 kvt x 24 saat x (0,7) x 60 gün = 5846 kvts, 400 kvts x 0,08 manat = 32,00 manat, 200 kvts x 0,09 man= 18,00 manat, 5246 kvts x 0,13= 681,98 manat. Cəmi 731,98 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 5846 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyəri bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı xx.xx.2024-cü il tarixli R 340080 saylı akt ilə rəsmiləşdirilmişdir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmişdir. İddianın əsassız olduğunu qeyd etməklə işə iştirakı olmadan baxılaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli R 340080 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Ağdam rayonu Dördyol-1 qəsəbəsində yerləşən 540 saylı evin istismarında olan elektrik sayğacının üst qapağının qırılaraq sayğacın sxemdən çıxarılması və elektrik enerjisindən birbaşa istifadə edilməsi faktı aşkar olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisndən istifadə Qaydaları»na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2024-cü il tarixdə iddiaçının yaşadığı Ağdam rayonu Dördyol-1 qəsəbəsində yerləşən 540 evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı İddiaçı istismarında olan elektrik sayğacının üst qapağının qırılaraq sayğacın sxemdən çıxarılması və elektrik enerjisindən birbaşa istifadə edilməsi faktı aşkar olunmuşdur. Göstərilən hal xx.xx.2024-cü il tarixli R 340080 saylı akt və cavabdehin etirazı ilə təsdiq olunuşdur. Cavabdeh tərəf iddiaçının 60 gün üçün vurduğu ziyanı hesablayaraq 5,8 kvt x 24 saat x (0,7) x 60 gün = 5846 kvts, 400 kvts x 0,08 manat = 32,00 manat, 200 kvts x 0,09 man= 18,00 manat, 5246 kvts x 0,13= 681,98 manat - cəmi 731,98 manat qənaətinə gəlmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının 60 gün ərzində elektrik xəttinə qanunsuz qoşularaq elektrik enerjisindən istifadə etməsi təsdiq olunmamışdır. Məhkəmə iddiaçının 30 gün ərzində "xxxx" ASC-yə 366,99 manat (5,8 kvt x 24 saat x (0,7) x 30 gün = 2923 kvts (100 kvts x 0,08 manat = 8 manat; 200 kvts x 0,09 manat = 18 manat; 2623 kvts x 0,13 manat= 340,99 manat) məbləğində ziyan vurması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci bəndində göstərilmişdir ki, Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların: 7.4. Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X2 Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə dövlət elektroenergetika müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. 7.5. Müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. müstəqil enerji istehsalçısı tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafiq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, müstəqil enerji istehsalçısı tərəfindən müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə müstəqil enerji istehsalçısı pozuntuya yol vermiş tərəfdən istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.7. Bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı adına hesablanmış 731 (yeddi yüz otuz bir) manat 92 (doxsan iki) qəpik borc məbləğinin 364 (üç yüz altmış dörd) manat 93 (doxsan üç) qəpik hissəsi əsassız olduğundan silinsin. İddianın qalan – 366,99 manat borcun silinməsi tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2523/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2523/2024
20.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver