Məhkəmə qərarları › İş №2(013)-2610/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2610/2024

19.09.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2610/2024 19.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs X1 iştirakı ilə, Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə müraciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında, ərizəni müdafiə edərək, X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, birgə nikah dövründə xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı iki övladlarının olduğunu, xx.xx.2024-cü il tarixdə mediyasiya prosesində iştirak edərək, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşaqlarla bağlı atalığın ləğv edilməsi, qeyd olunan uşaqların onun adından və soyadından çıxarılması barədə qarşılıqlı razılığa gəldiklərini bildirdi, bu səbəbdən də, məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X4 izahatında, Ərizəçi ilə boşandıqlarını hər iki övladının onun himayəsinə verildiyini, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı iki övladının atasının başqa şəxs olduğunu, bu səbəbdən də, xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən razılığa gəldiklərini, onun tərəfindən hər-hansı bir narazılığın olmadığını bilrdi və ərizənin qanuna uyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan mediator X9 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞG/MT-032/2024-00473 saylı barışıq sazişinin 6-cı və 7-ci bəndlərindən görünür ki, tərəflər aralarında xx.xx.2018ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşaqların doğum akt qeydində ata qrafasında Ərizəçi adının və soy adının çıxarılması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. İş materiallarında olan Ağdam rayon İHB-nin Çəmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV № 0373 nömrəli “X6”nin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 atası Ərizəçi, anası isə X2r. İş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV № 542852 nömrəli “X6”nin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X3 atası Ərizəçi, anası isə X2r. İş materiallarında olan qanuni qüvvəsini almış Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-502/2024 saylı qətnaməsinin sürətindən görünür ki, Ərizəçi ilə X4 arasında Ağdam rayon İHB-nin Çəmənli kənd icra nümayəndəliyində 07 iyun 2013-cü il tarixdə, 17 nömrə ilə bağlanmış nikah akt qeydi pozulması, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşaqları – xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 anaları, yəni cavabdeh X1 yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübüt edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 44.2-ci maddəsinə əsasən Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Ailə Məcəlləsinin 45.1 maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanılmış sözügedən barışıq sazişinin maraqlı şəxs X4 tərəfindən könüllü icrası mümkün deyil. Çünki, maraqlı şəxs X4 ərizəçi ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşaqların doğum akt qeydində ata qrafasında Ərizəçi adının və soy adının çıxarılması səlahiyyətinə malik deyil. Mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanılmış sözügedən barışıq sazişi qanuna zidd bağlanmışdır. Çünki, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin, yəni müvafiq həmin doğum haqqında şəhadətnamləri vermiş qeydiyyat orqanların hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin: -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, verilmiş ərizə əsasızdır və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd olduğu üçün həmin barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilməsin. Ərizəçi ilə X4 arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞG/MT-032/2024-00473 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar