Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2735/2024 23.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) şəxsin sənəddə göstərilən soyadının həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi şəxsin sənəddə göstərilən soyadının həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam rayon Qaradağlı kənd soveti tərəfindən 30 avqust 1972-ci ildə 105 nömrə ilə qeyd edilmiş “Sədrəddin” adı ilə doğum haqqında şəhadətnamənin,Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 257 nömrə ilə qeyd edilmiş Sadıraddın adı və Safarov soyadı ilə olan ölüm haqqında şəhadətnamənin həyat yoldaşı X2 məxsus olması və Aynur və Nurlan adlı uşaqların adlarına olan doğum haqqında şəhadətnamələrdə və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdə qeyd edilən Sədrəddin, Sadıraddın və Sədirəddin adlı şəxslərin eyni adam olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarının 1.6-cı bəndində qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qeyd edir ki, Ərizəçi tərəfindən ərizədə maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalını göstərilmişidir, lakin sözügedən hüquqmüəyyənedici sənədi verən təşkilat və ya onun hüquqi varisi maraqlı şəxs qismində göstərilməmişdir. Maraqlı şəxs qismində göstərilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı isə hüquqmüəyyənedici sənədi, yəni sözügedən doğum haqqında şəhadətnaməni və atalığın müəyyən edilməsi haqqında sənədi verən təşkilat deyil. Həmçinin, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi və yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməsi barədə sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi, ərizə qanunla müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: Ərizəçi Ağdam rayon Qaradağlı kənd soveti tərəfindən 30 avqust 1972-ci ildə 105 nömrə ilə qeyd edilmiş “Sədrəddin” adı ilə doğum haqqında şəhadətnamənin,Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 257 nömrə ilə qeyd edilmiş Sadıraddın adı və Safarov soyadı ilə olan ölüm haqqında şəhadətnamənin həyat yoldaşı X2 məxsus olması və Aynur və Nurlan adlı uşaqların adlarına olan doğum haqqında şəhadətnamələrdə və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdə qeyd edilən Sədrəddin, Sadıraddın və Sədirəddin adlı şəxslərin eyni adam olmaları faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Ərizəçiyə bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2735/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2735/2024
23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver