Məhkəmə qərarları › İş №2(013)-280/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-280/2024

22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-280/2024 22.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 22 fevral 2024-cü il tarixdə Ağdam rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun öhdəsində olmaları faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizənin müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında ərizənin əsasız olduğunu, onun həmin ərizəyə etiraz etdiyini, xx.xx.2015-ci il təvəllüdlü X2 hazırda onun himayəsində olduğunu bildirdi və ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin qərarının 3.1-ci bəndində qeyd edilmişdir ki, Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 №-li qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 306.0.4-cu maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 306.0.4-cu maddəsinin mənasına görə Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 260.4, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun öhdəsində olmaları faktını müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, onun göstərilən mübahisə ilə bağlı aiddiyyəti məhkəməyə ümumi əsaslarla iddia vermək hüququ vardır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar