Məhkəmə qərarları › İş №2(013)-327/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-327/2025

06.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-327/2025 06.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra- "xxxx" ASC) qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına cavabdeh tərəfindən qanunsuz və əsasız olaraq cərimə kimi hesablanmış 209.10 (iki yüz doqquz manat on qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Ağdam rayonu, Eyvazxanbəyli kəndinin işğalından sonra, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə məskunlaşıb yaşayır. Evin öncəki sahibi Azər İsmayılov olmuşdur. Həmin yaşayış evinə cavabdeh "xxxx" ASC tərəfindən quraşdırılmış qaz sayğacına təşkilatın əməkdaşları tərəfindən 27 oktyabr 2022-ci il tarixdə baxış keçirilmiş, protokol tərtib edilərək, sayğacın istismar müddətinin keçməsi səbəbindən dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. O, sudan istifadəyə görə yaranan borclarını həmişə vaxtında ödəyir. Lakin qeyd olunan protokoldan göründüyü kimi onun adına heç bir əsas olmadan 209.10 manat əsassız borc yazılmışdır. Belə ki, 209.10 manat borc əslində evin öncəki sahibi Azər İsmayılova yazılmışdır. Hazırda isə həmin mənzildə məcburi köçkün kimi özünün və ailə üzvlərinin yaşadığını bildirərək və qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma Protokolundan görünür ki, "xxxx" ASC-nin X2 rəisi Z.Əliyev şəxsi bir tərəfdən və ünvan 1 ünvanda yaşayan Azər İsmayılov digər tərəfdən, borclunun təşkilata olan su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış 209.10 manat borcun 12 aya bölünərək hissə-hissə qaytarılması barədə qarşılıqlı razılığa gəlmişlər. İş materiallarında olan 168 nömrəli, xx.xx.2022-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin Kirayə Müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanda olan, № 168, 3 otaqlı yaşayış sahəsi Azərbaycan Respublikası Qaçqınlar X1 İşləri üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı müvəqqəti yaşayış üçün istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 30-cü maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 62-ci maddəsinə əsasən Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Məhəkəmə qeyd edir ki, ünvan 1 ünvan üzrə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış 209.10 manat borc həmin mənzilin əvvəlki istifadəçisinin adına yazılmış və həmin borcun silinməsinə qanuni əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən İddiaçı adına cərimə kimi hesablanmış 209.10 manat borc məbləğinin silinməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar