Məhkəmə qərarları › İş №2(013)-3519/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3519/2025

29.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3519/2025 29.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinə (bundan sonra «Azəriqaz» İB) qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına cavabdeh tərəfindən qanunsuz və əsasız olaraq cərimə kimi hesablanmış 172.80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun qızıdır, o, Ağdam rayonu, Baş Keşdazlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində məskunlaşaraq yaşayır. Həmin fərdi yaşayış evinə cavabdeh «Azəriqaz» İB tərəfindən quraşdırılmış qaz sayğacına təşkilatın əməkdaşları tərəfindən baxış keçirilmiş, quraşdırılmış sayğac yararsız hesab edilərək yenisi ilə əvəz edilmişdir. Həmin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı iddiaçının nənəsi mərhum Qənirə Qasımovanın adınadır. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı qazdan istifadəyə görə yaranan borclarını həmişə vaxtında ödəyir, onun tərəfindən qaz sayğacına heç vaxt müdaxilə olunmamışdır. Lakin abonentin saldosundan göründüyü kimi onun adına heç bir əsas olmadan 172.80 manat cərimə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 063407 nömrəli “X5”nin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə olüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə, 62 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan **********4 nömrəli, xx.xx.2022-ci il tarixdə quraşdırılmış sayğaca aid “Abonentin saldosu”ndan görünür ki, X2 adına təbii qazdan istifadəyə görə (qalıq və aktlara əsasən) oktyabr ayının sonu, 2022-ci il tarixə 172.80 manat borcu yaranmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin qaz “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, № ******* nömrəli aktın surətindən görünür ki, X2 adına ünvan 1 ünvanda işlədilən № ******* nömrəli sayğacı “kütləvi əvəzləmə” səbəbi qeyd edilməklə çıxarılmış, **********4 nömrəli yeni sayac quraşdırılaraq yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin “Müyinənin nəticəsinə dair” xx.xx.2024-cü il tarixli, № ******* aktın surətində, X2 rəhmətə getdiyi, nəvəsi İddiaçı iştirakı ilə aktın tərtib edildiyi, keçirilmiş müayinə zamanı istehlakçının qaz qurğuları, qaz xətləri, tüstü bacaları, havalandırma və havadəyişmə xətlərində aşkar edilmiş nöqsan və ya pozuntuların mahiyyəti və onların aradan qaldırılması üçün verilmiş vaxtda heç bir nöqsanın aşkar edilmədiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli, № ******* “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətində, X4 məxsus ünvan 1 ünvanda sayğacından qaz keçdiyi lakin hesablama mexanizmi tərəfindən keçən qazın həcminin qeydə alınmadığı qeyd edilmiş və nəticədə 1440 m3 ziyanın ödənilməli olduğu göstərilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İBnin xx.xx.2022-ci il tarixli, № ******* “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətində, X4 məxsus ünvan 1 ünvanda sayğacından qaz keçdiyi lakin hesablama mexanizmi tərəfindən keçən qazın həcminin qeydə alınmadığı qeyd edilmiş və nəticədə 1440m3 ziyanın ödənilməli olduğu göstərilmişdir. Lakin həmin müdaxilənin olduğunu və olduğu halda həmin müdaxilənin kim tərəfindən törədildiyi müəyyən edilməmişdir. Həmçinin, istehlakçı X6 xx.xx.2020-cı il tarixdə vəfat etmişdir. Belə olan halda məhəkəmə hesab edir ki, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı adına hesablanmış 172.80 manat borc tam əsasızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı adına hesablanmış 172.80 manat borc məbləği əsasız olduğundan silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı adına cərimə kimi hesablanmış 172.80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat borc məbləği əsasız olduğundan silinsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar