Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3575/2024 27.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə müraciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında, ərizəni müdafiə edərək, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 adlı iki övladlarının olduğunu, xx.xx.2024-cü il tarixdə mediyasiya prosesində iştirak edərək, aralarında Tərtər rayon, Azad Qaraqoyunlu kənd inzibati ərazi nümayəndəliyi tərəfindən 8 aprel 2011-ci il tarixdə, 06 nömrə ilə qeydə alınmış nikah aktı qeydinin pozulması və xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 adlı uşaqların onun himayəsində saxlanması barədə qarşılıqlı razılığa gəldiklərini bildirdi, bu səbəbdən də, məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında, Ərizəçi ilə boşanmağa, hər iki övladının onun himayəsinə verilməsi barədə razılığa gəldiklərini, bu səbəbdən də, xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən onun tərəfindən hər-hansı bir narazılığın olmadığını bilrdi və ərizənin qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan mediator X3 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞA/MT-044/2024- 00003 saylı barışıq sazişinin 1-ci və 2-ci maddələrindən görünür ki, tərəflər aralarında Tərtər rayon, Azad Qaraqoyunlu kənd inzibati ərazi nümayəndəliyi tərəfindən 8 aprel 2011-ci il tarixdə, 06 nömrə ilə qeydə alınmış nikah aktı qeydinin pozulması və xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 adlı uşaqların ananın himayəsində saxlanması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsinin) 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 19.2-ci maddəsinin tələbinə görə ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanılmış sözügedən barışıq sazişinin Maraqlı şəxs tərəfindən könüllü icrası mümkün deyil. Çünki, tərəflərin birgə nikahından iki iki azyaşlı üşağı olduğundan və Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından tərəflər arasında bağlanmış nikahın pozulması məhkəmə qaydasında həyata keçirilməlidir. Bunun üçün tərəflər nikahın pozulması tələbi ilə ümumi qaydada aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin: -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, verilmiş ərizə əsasızdır və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd olduğu üçün həmin barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024cü il tarixli, MŞA/MT-044/2024-00003 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3575/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3575/2024
27.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver