Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-593/2025 14.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə müraciət edərək, barışıq sazişinin könüllü icrasından imtina etdiyi üçün, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs qeyri rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X2 adlı bir övladları olmuşdur. Bir müddət normal münasibətlərdə yaşasalarda, hazırda ayrıldıqlarını və başqa ünvanlarda yaşadıqlarını, ər-arvad münasibətlərinin tamamilə kəsildiyini, ailənin bərpa edilməsində maraqlı olmadıqlarını, aralarındakı mübahisələrlə bağlı xx.xx.2024-cü il tarixdə mediyasiya prosesində barışıq sazişi bağladıqlarını, lakin maraqlı şəxsin barışıq sazişinin şərtlərinə əməl etməkdən boyun qaçırdığı bildirmiş və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi və Maraqlı şəxs məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 355-25.2-ci maddəsinə əsasən işə ərizəçi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan Bərdə 1 saylı Mediyasiya Təşkilatının mediatoru X1 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/MT039/2024-01253 saylı barışıq sazişinin 1-ci və 2-ci maddələrindən görünür ki, tərəflər faktiki nikaha daxil olaraq ailə qurmuş, bir yerdə yaşamış, normal münasibətlərdə olmuş, daha sonra münasibətlərinin pisləşməsi səbəbindən ayrılmış və ayrı yaşayırlar. Birinci tərəf faktiki nikahdan olan xx.xx.2024-cü il təvəllüdlü X2 adlı uşağın onun himayəsində qalmasından imtina etmiş və uşağın atası Maraqlı şəxs himayəsinə verilməsini təklif etmiş, ikinci tərəf xx.xx.2024-cü il təvəllüdlü X2 adlı uşağın onun himayəsində saxlanmasına tam razı olaraq bununla bağlı qarşılıqlı razılığa gəlmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin: -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, verilmiş ərizə əsasızdır və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd olduğu üçün həmin barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 31 oktyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-593/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-593/2025
14.02.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver