Məhkəmə qərarları › İş №2(013)-868/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-868/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-868/2024 28.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə 28 fevral 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh alqı-satqı müqaviləsinə görə 830 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin faktiki yaşadığı ünvan göstərilməmiş, faktiki yaşadığı ünvanı təsdiq edən müvafiq arayış iş materiallarına əlavə olunmamışdır. Belə olan halda cavabdehə məhkəmə sənədlərinin çatdırılması, onun məhkəməyə dəvət olunması, qətnamə çıxarılacağı təqdirdə onun surətinin cavabdehə göndərilməsi və iddia təmin ediləcəyi təqdirdə qətnamənin icra edilməsi qeyri mümkün olacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bundan başqa məsələnin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməmişdir. İddia ərizəsində cavabdehin ünvanı onun hazırda yaşamadığı 20 noyabr 2020-ci ildə işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsində göstərilmişdir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbi barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar