Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-91/2024 10.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə mülki işə 10 yanvar 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsində cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz və əsassız olaraq adına hesablanmış 172,80 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, yaşadığı Ağdam rayonunun Təzəkənd qəsəbəsində yerləşən 102 saylı evinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sayğac quraşdırılmış, vaxtlı vaxtında sayğacda göstərilən işlətdiyi qazın dəyərini ödəmişdir. xx.xx.2023-cü ildə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri sayğacın istismar müddəti keçməsi ilə əlaqədar sayğacı yenisi ilə əvəz etmişlər. Bundan sonra adına əsassız olaraq 172,80 manat borc hesablanmışdır. Sayğaca müdaxilə etmədiyini, sayğacın onun evindən kənarda darvazadan çöldə olduğunu, sayğaca onun və ailə üzvlərinin müdaxilə etmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İ.Ş.Xəlilov məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmədə elan olunmuş “Azəriqaz” İstehsalat Birliyinin ******* saylı aktının surətindən görünür ki, İddiaçı evinə quraşdırılmış sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında məlum olduğu kimi abonent İddiaçı ilə cavabdeh tərəf arasında qazdan istifadəyə dair müqavilə bağlanmış və iddiaçının yaşadığı evin həyətinə sayğac quraşdırılmışdır. İddiaçı sayğaca müdaxilə etməmiş (hər hansı bir delikt törətməmiş), “Azəriqaz” İstehsalat Birliyinə hər hansı bir zərər vurmamış və onun “Azəriqaz” İstehsalat Birliyi qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı adına hesablanmış 172 (yüz yetmiş iki) manat 80 (səksən) qəpik borc məbləği əsassız olduğundan silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-91/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-91/2024
10.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver