Məhkəmə qərarları › İş №2(014)-1052/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1052/2021

06.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1052/2021 06.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunun Hüşün kəndində fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın Ağdaş Qaz istismar sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilmə, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, sərf etdiyi təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxllıvaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Ağdaş Xidmət sahəsinin əməkdaşları 31 may 2020-ci il tarixində küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğacın düzgün işləməməsi qənaətinə gəlmiş, qaz sayğacını yenisi ilə əvəz edəcəklərini bildirərək qanunsuz akt tərtib etmişlər. Bundan sonra guya sayğaca tərəfindən müdaxilə olunduğu üçün sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün İTRİ-nin Qazservisinformatika departamentinə göndərilmişdir. Bundan əlavə 2020-2021-ci il üçün abonent kimi ona təqdim edilmiş Ağdaş XS-dən aldığı saldonun surətindən görünür ki, həmin akt əsasında ona 216 manat borc hesablanmışdır. Çox təkiddən sonra əldə edə bildiyi Cavabdeh İB-nin X3 İstismar İdarəsinin təqdim etdiyi “Qaz sayğaclarının quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktla tanış olduqda Ağdaş Xidmət Sahəsinin əməkdaşlarının bir çox qanunsuzluqlara yol verdiyi müəyyən olunur. Aktın surətindən görünür ki, guya o, sayğacın çıxarılaraq yeni sayğacın quraşdırılması üçün sifariş vermişdir. Bu Ağdaş Xidmət Sahəsinin əməkdaşlarının cəfəngiyatından başqa bir şey deyildir. Yəni, o, heç bir sifariş verməmiş, sayğacın dəyişdirilməsini xahiş etməmişdir. Aktda imzası olan şəxslərin imzasının eyni stildə icra edilməsi onların tək bir şəxs tərəfindən icra edilməsini bildirməyə əsas verir. Aktda sayğacın sökülməsi zamanı sayğacın sərfiyyat göstəricisi qeyd edilməmişdir. Bu isə sui-isliladə halına səbəb olmuşdur. Aktda onunla qaz paylayıcısı arasında müqavilənin nömrəsinə, tarixinə istinad olunmamışdır. Aktda istismarda olan cihazların növü və sayı göstərilmişdir. Halbuki, Zaqatala RQİİ-nin Ağdaş Xidmət sahəsinin əməkdaşları bircə dəfə də olsa evinə baxış keçirməmişlər. Uydurma cihazlar qeyd etmişlər. Bundan belə nəticəyə gəlmək olur ki, qaz sayğacı mənzildə olmalı, zərurət olanda istehlakçı nəzarət orqanlarına baxış üçün şərait yaratmalıdır. Lakin onun evinə quraşdırılmış sayğac küçədə yerləşir. Küçədə yerləşdiyi üçün də sayğacın heç bir halda kənar qüvvələr tərəfindən təsirə məruz qalmayacağına cavabdeh ola bilmir. Ağdaş Xidmət Sahəsinin əməkdaşları tərəfindən yenisi ilə əvəz olunması adı ilə götürülən sonradan yoxlanılması üçün İTRİ-nin Qazservisinformatika departamentinə göndərilmiş, sonra da sayğaca müdaxilə etdiyi iddia edildiyi üçün təbii qazdan istifadə qaydalarını pozma haqqında ******* saylı saxta akt tərtib etmişlər. Aktda sayğaca heç bir zaman müdaxilə etmədiyi halda qanunsuz olaraq qazın həcmi onun sərfiyyatı kimi hesablanmışdır. Halbuki, Zaqatala RQİİ-nin Ağdaş Xidmət sahəsinin əməkdaşları ilkin olaraq inzibati araşdırma aparmalı, sayğaca müdaxilənin və qayda pozuntusunun kimin tərəfindən törədildiyini müəyyən etməli və İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi ilə (Təbii qazın elektrik və ya istilik enerjisinin talanması ya onlardan istifadə qaydalannın pozulması) protokol tərtib etməli idilər. Aktda evində istismarda olan cihazlar evinə baxış keçirilmədən qeyd edilmişdir. Buna görə də mövcud bir qaz pilətəsi əvəzinə əlavə olaraq da radiator soba əlavə edilmişdir ki, bu da qərəzli olaraq qazın həcminin artıq hesablanması üçün həyata keçirilmişdir. Göründüyü kimi cavabdeh orqan Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Ağdaş XS-nin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X1 məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdehnə qarşı tələbi təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00840 saylı qaz hesabında 04.05.2021-ci il tarixə 299,90 manat borc vardır. Həmin borcun 83,90 manat hissəsi sayğac üzrə, 216 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 31.05.2020-ci il tarixli 43896459 saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 12576985 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 25.12.2020-ci il tarixli 29/1710-01556-1 saylı aktında göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.01.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz istifadə edənlərin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İtirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 29.01.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsd olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının, həmçinin sayğaca müdaxilə üsulu ilə sayğacın real sərfiyyatının gizlədilməsi istehlakçıdan başqa heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-nin Şurasının 14.03.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakımız olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarınadakı 29.01.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. İşin materiallarında olan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 31.05.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Elster tipli, G-4 markalı ******* nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Elster tipli, G-4 markalı, 12576985 saylı sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş 04.05.2021-ci il tarixli, **********00840 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 216 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 manat, 500 manatdan yuxarı olduqda isə 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin X3 İstismar İdarəsi tərəfindən 29.01.2021-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı **********00840 saylı abonent koduna yazılmış 216 (iki yüz on altı) manat borc silinməli, iş üzrə 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin X3 İstismar İdarəsi tərəfindən 29.01.2021-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı **********00840 saylı abonent koduna yazılmış 216 (iki yüz on altı) manat borc silinsin. İş üzrə 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar