Məhkəmə qərarları › İş №2(014)-1200/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1200/2024

19.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1200/2024 19.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1 İddiaçı iştrakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus **********04310 saylı abonent kodundan Cavabdeh İB tərəfindən akta əsasən əsassız hesablanmış 777.60 manat borcun silinməsi barədə qətnamə çixarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdaş şəhəri, M.İsayev küçəsi-431 ünvanında yaşayır. Həmin evə Cavabdeh iB tərəfindən yaşadığı küçəyə qonşu olan Ağdaş şəhəri Nəriman Nərimanov küçəsində quraşdırılmış qaz sayğacı vasitəsi ilə məişət qazı ilə təmin edilir. Cavabdeh iB-nin Ağdaş xidmət sahəsinin əməkdaşları tərəfindən ona məxsus sayğac söklərək yenisi ilə əvəz olundu. Cavabdeh İB-i tərəfindən ona bildiriş gələn zaman cərimə olunduğu bildirilmişdir. Bunu araşdıran zaman məlum olmuşdur ki, həmin borcun “Təbii qazdan istiadə qaydalarının pozulması haqqında” Akta əsasən sayğacın abonent koduna 777.60 manat itirilmiş qazın həcmi kimi borc yazılmışdır. Hesab edir ki, yaşayış sahəsindən kənarda qoyulmuş qaz sayğacının işllək vəziyyətdə saxlanılmasına görə heç bir cavabdehlik daşımır, lakin buna baxmayaraq həmin sayğacı qorumağa çalışmışdır. Həmin sayğac açıq vəziyyətdə quraşdırıldığı üçün onun mühafizəsini tam edə bilmir, öz vəsaiti hesabına sayğacın mühafizəsi üçün dəmir qutu quraşdırmağa maddi imkanı yoxdur. Buna görə də akta əsasən əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, qaz sayğacını öz hesabına çəkdirmişdir, CavabdehİB-nin əməkdaşları sayğacı çəkən zaman onlara sayğacı içəri yerləşdirməklərini bildirdi, lakin onlar sayğacı çölə quraşdırdılar. Sayğac çöldə yerləşdiyindən onu qoruya bilmir, neçə dəfə yekə maşınlar keçdikdə qırılmışdır və bu barədə məlumat vermişdir. Ona görə də əsassız yazılmış borcun silinməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********04310 saylı qaz hesabında xx.xx.2024-cü il tarixə 894.60 (səkkiz yüz doxsan dörd manat altmış qəpik) manat borc vardır. Həmin borcun 117 manat hissəsi sayğac üzrə, 777.60 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirirəm ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı qızının mənzilində istismarda olan G4 markalı 11468875 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 13746612 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2024-cü il tarixli 0604 saylı aktında göstərilmişdir ki, sayğacın giriş plastmas borusu fiziki təsir nəticəsində deşilib, membranı hərəkətə gətirən qolların iş prinsipinə maneə törədilməsi mümkündür, sayğac mənfiyə işləyir, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6 m3 sutkalıq iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 6480 m3 (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğaına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakımız olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 777.60 manat borcun silinməsi barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Eyni zamanda Cavabdeh nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, 19 sentyabr 2024-cü il tarixə nəzərdə tutulmuş baxış iclasını onun iştrakı olmadan keçirlməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alaraq, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş 23 aprel 2024-cü il tarixli, **********04310 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 2024-cü ilin may ayına qədər 777.60 manat borc hesablanmışdır. İşin materiallarında olan Cavabdeh 30 may 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş şəhəri, M.İsayev yerləşən istehlakçı İddiaçı yaşadığı mənzilə 29 may 2024-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 6480 m3 borc hesablanmışdır. İşin materiallarında olan 29 may 2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, Sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib. Sayğac 100 % nisbi xətayla işləyir, keçən qazın həcmini qeyd etmir və sayğac istismara yararsızdır. İşin materiallarında olan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 19 aprel 2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, Honeyvell tipli, G-4 markalı, 11468875 nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Honeyvell tipli, G-4 markalı, 13746612 saylı sayğac quraşdırılmışdır. İşin materiallarında olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında 30 dekabr 2020-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən İddiaçı qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğac qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 777.60 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin X4 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı **********04310 saylı abonent koduna yazılmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc silinməli, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB-nin X4 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı **********04310 saylı abonent koduna yazılmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar