Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1329/2024 27.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakları, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair işə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən İddiaçı adına olan abunə koduna "xxxx" ASC tərəfindən əsassız hesablanmış 139.15 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayonu Ağzıbir kəndindən alqı-satqı müqaviləsi əsasında İddiaçı fərdi yaşayış evi almışdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evinə "xxxx" ASC tərəfindən sayğac vasitəsi ilə işıq verilir. Həmin sayğac həyətindən kənarda yerləşir. Təbii fəlakət nəticəsində yəni ön hissəsini ildırım vurulması nəticəsində dağılaraq tam yarasız hala düşmüşdür. Belə ki, 12 iyun 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilib. Baxış keçirildikdən sonra "xxxx" ASC tərəfindən 139.15 manat cərimə yazmışlar. Hesab edir ki, hesablanmış borc əsassızdı və silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun abunə koduna yazılmış borc əsassızdır. Təbii fəlakət nəticəsində gecə saatlarında ildırım çaxmış və onun sayğacı yararsız hala düşmüşdür. O, dərhal Azərişıq ASC-nin nümayəndələrinə bu barədə məlumat vermiş, onlar gəlib sayğaca baxış keçirmişlər və yerində akt tərtib etmişlər. Sonra isə onun sayğacı başqa sayğacla əvəz olunmuşdur. Bir müddət sonra isə hesabına borc yazıldığını eşitmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına ərizə ünvanlayaraq məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddiayaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Ağdaş rayonunun, Ağzıbir kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "Azərişıq” ASC tərəfindən onun adına 139.15 manat hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı kimi Ağdaş EŞ-nin ‘Proqram bazasında” **********00269 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Ağdaş rayonunun, Ağzıbir kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Viko M580 DBOT tipli, zavod nömrəsi №3891651 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmiş, xx.xx.2024-cü il tarixdən hal-hazıra kimi Paud MP-106 tipli zavod nömrəsi №**********6 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2024-cü il tarixdə Ağdaş EŞ-in X3 əməkdaşları L.Məmmədov, F.Mirzəyev və abonent N.Fəzalıyevin Ağdaş rayonunun, Ağzıbir kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Abonentin ərizəsi əsasında baxış zamanı sayğacın ekran və ön hissəsi ildırım vurma nəticəsində ön hissəsi tam yararsız hala düşmüşdür. Eyni zamanda sayğacın giriş xətti qırıldığı üçün xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçülməsi mümkün olmamışdır. Faktla bağlı “EEİQ”nın tələblərinə uyğun olaraq R №342622 saylı Akt tərtib edilmiş və abonent N.H.Fərzalıyev akta imza etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik sayğacının sxemi bərpa olunmuş və bu barədə 'Məişət’ istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 820874 saylı Protokol tərtib edilmişdir. İddiaçı Ağdaş EŞ-in X3 əməkdaşları ilə birlikdə xx.xx.2024-cü il tarixdə sayğaca baxış keçirilən zaman bildirilmişdir ki, evinə quraşdırılmış sayğac ildırım vurma nəticəsində yararsız hala düşmüşdür və buna görə də Ağdaş EŞ-nin əməkdaşları tərəfindən aktda sayğacın yararsız hala düşməsi ildırım vurmadan baş verməsi göstərmişdir. Lakin İddiaçı Ağdaş EŞnə bu sahəyə cavabdehlik daşıyan səlahiyyətli dövlət orqanına arayışını təqdim etməmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində 139.15 manat pulun ona cərimə kimi yazıldığını göstərmişdir. Lakin əslində həmin məbləğ sayğac quraşdırma bədəli xidməti kimi abunə haqqında məlumatda öz əksini tapmışdır. Akta əsasən “Mərkəzi Aran" RETSl-də fəaliyyət göstərən "Aktlar üzrə Komissiya” tərəfindən abonentin istifadə etdiyi elektrik enerjisinin orta gündəlik sərfiyyatına görə hesablaşma dövrü 1 ay olmaqla hesabat aparılmışdır. Hesabat aşağıdakı qaydada aparılmışdır. Wor= 3.97 kvts/g, W= 3.97 kvt x 30gün =119 kvt, 119 kvt x 0.08 man = 9.52 man, cəmi = 9.52 manat. Bildirir ki, İddiaçı barəsində Akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır ve buna görə də tamamilə rədd olunmalıdır. İddiaçı Ağdaş rayonunun, Ağzıbir kəndində yaşayan İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC tərəfindən onun adına hesablanmış 139.15 manat hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarasınız. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və etirazlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli R 342622 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00269) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın ekran və ön hissəsi ildırım vurma nəticəsində tam yararsız hala düşmüşdür. Eyni zamanda sayğacın giriş xətti qırıldığı üçün xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçülməsi mümkün olmamışdır. İş materiallarında olan Azərişıq tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 820874 saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, 342622 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. Sayğac ildırım vurma nəticəsində tamamilə məhv olmuşdur. İş materiallarında olan İcra Vərəqindən görünür ki, 30 gün müddətinə 119 kvt saat miqdarında itirilmiş elektrik enerjisi dəyəri 9.52 manat müəyyən edilmişdir. İş materiallarında olan AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidməti tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli 3-14-20/2- 1671/2024 saylı 11-xx.xx.2024-cü il tarixlərində Ağdaş rayonu ərazisi üçün hava şəraiti haqqında arayışdan görünür ki, faktiki hava: xx.xx.2024-cü il tarixində hava dəyişkən buludlu (6/2), meteroloji görünüşü məsafəsi 20 km, havanın orta tempraturu 26.5C, minimal temperaturu 20.9C maksimal temperaturu 32.4C şərq istiqamətli küləyin maksimal sürəti 18 m/san (8 bal) olmuşdur. 8 bal-Bofort şkalasına əsasən çox möhkəm küləkdir. xx.xx.2024-cü il tarixində hava dəyişkən buludlu (8/4), meteroloji görünüşü məsafəsi 4-20 km aralığında havanın orta temperaturu 25.5C, minimal temperaturu 19.4C, maksimal temperaturu 31.7C şimal istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. Ayın 11-i axşam saatlarında və 12-nə keçən gecə ildırımla müşayiət olunan, arabir güclənən leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 62.2 mm olmuşdur. Ayın 12-i axşam satlarında ildırım çaxmışdır. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının 20 may 2024-cü il tarixli 3/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin təsnifatı və meyarları haqqında Təlimatı"-”n 4.1.5 yarım bəndinə əsasən müşahidə olunmuş yağıntı (62.2mm) təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə hesab edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 12 iyun 2024-cü il tarixli R 342622 saylı aktla iddiaçıya məxsus ünvanda sayğacın ekran və ön hissəsi ildırım vurma nəticəsində tam yararsız hala düşməsi, eyni zamanda sayğacın giriş xətti qırıldığı üçün xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçülməsi mümkün olmaması müəyyən olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidməti tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli 3-14-20/2- 1671/2024 saylı 11-xx.xx.2024-cü il tarixlərində Ağdaş rayonu ərazisi üçün hava şəraiti haqqında arayışdan da məlum olur ki, ayın 11-i axşam saatlarında və 12-nə keçən gecə ildırımla müşayiət olunan, arabir güclənən leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 62.2 mm olmuşdur. Ayın 12-i axşam satlarında ildırım çaxmışdır. Eləcə də cavabdeh məhkəməyə ünvanladığı etirazında da abonentin ərizəsi əsasında baxış zamanı sayğacın ekran və ön hissəsi ildırım vurma nəticəsində tam yararsız hala düşdüyünü qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsinin məhkəmələr həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda qeyd olunana normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı elektrik sayğacı ildırım vurması nəticəsində yararsız hala düşdüyündən və sayğacın yararsız hala düşməsində Nazar Fərzalıyevin təqsiri müəyyən olunmadığından iddia tələbi təmin edilməli, Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən İddiaçı adına olan **********00269 nömrəli abunə koduna hesablanmış 139.15 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 AZN, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda isə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 AZN–dən aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən İddiaçı adına olan **********00269 nömrəli abunə koduna vurulmuş 139 (bir yüz otuz doqquz) manat 15 (on beş) qəpik borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova.
Məhkəmə qərarları › İş №2(014)-1329/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1329/2024
27.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver