Məhkəmə qərarları › İş №2(014)-1330/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1330/2021

29.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1330/2021 29.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşayır. Yaşayış sahəsinə təbii qaza görə sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. 10 oktyabr 2019-cu il tarixində Cavabdeh İB-nin X1 İstismar İdarəsinin əməkdaşları sayğaca baxış keçirən zaman sayğacın plombunda əziyi aşkar etmişlər. Ona görə də cavabdeh təşkilatın əməkdaşları həmin sayğacı yenisi ilə əvəz etmişlər və çıxarılmış sayğacı özləri ilə aparmışlar. Bundan başqa Cavabdeh İB-nin X1 İstismar İdarəsi tərəfindən sayğaca müdaxilə ilə əlaqədar onun abonent koduna itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair cədvələ əsasən 216 manat cərimə etmişlər. Bunların səbəbini öyrənmək üçün cavabdeh idarənin Ağdaş XS-yə müraciət etmiş və ordan ona bildirmişlər ki, guya sayğaca tərəfindən müdaxilə edilmişdir. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilmədiyini, əgər etmiş olsaydı bu barədə əməkdaşlar ona bildirərdilər deyəndə ona deyilmişdir ki, müdaxilə olunub və bu barədə akt tərtib edilmişdir. Sayğaca müdaxilə olunduğuna görə aktın iştirakı ilə tərtib edilməli olduğunu, tərtib edilmiş akta onun tərəfindən hal şahidlərinin iştirakı ilə imza etməyi tələb olunduğunu bildirəndə cavabdeh orqanın əməkdaşları sualı cavabsız qoymuş, ona müraciəti əsasında qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında təbii qazdan istifadə qaydalarının pozulması haqqında və itirilmiş qazın hesablanması haqqında akt və saldonu verməklə kifayətlənmişlər. Fərdi yaşayış evində istifadə etdiyi təbii qaza görə sayğac həyətindən kənarda, yəni divarın küçə hissəsində quraşdırıldığından, həmin sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülmədiyindən tərəfindən sayğaca nəzarətin həyata keçirilməsi mümkün deyildir. İtirilmiş qazın hesablanmasına dair cavabdeh orqan tərəfindən tərtib edilmiş saldodan görünür ki, əsassız olaraq itirilmiş qaza görə 216 manat borc onun **********05010 saylı abonent koduna hesablanmışdır. Hesablanmış məbləğlə razı deyil və hesab edir ki, həmin məbləğ qanunsuz və əsassız olaraq hesablanmış və onun abonent koduna qeyd edilmiş, nəticədə istehlakçı kimi qanunla qorunan hüquqları cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Göründüyü kimi cavabdeh orqanın Cavabdeh İB-nin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşdur, bu da yolverilməzdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iştirakı olmadan işə baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarınada olan 28.12.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. İşin materiallarındakı qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 10 oktyabr 2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Elster tipli, G- 4 markalı ******* nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Zenner tipli, G-4 markalı, **********2 saylı sayğac quraşdırılmışdır. İşin materiallarına əlavə edilmiş 05.04.2021-ci il tarixli, **********05010 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 216 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 manat, 500 manatdan yuxarı olduqda isə 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin X1 İstismar İdarəsi tərəfindən 28.12.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı **********05010 saylı abonent koduna yazılmış 216 (iki yüz on altı) manat borc silinməli, iş üzrə 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin X1 İstismar İdarəsi tərəfindən 28.12.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı **********05010 saylı abonent koduna yazılmış 216 (iki yüz on altı) manat borc silinsin. İş üzrə 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar