Məhkəmə qərarları › İş №2(014)-1357/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1357/2022

15.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1357/2022 15.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 rayonu, Yuxarı Ləki kəndində yaşayır. Həmin kənddə qapı-pəncərə sexi vardır. Qapı-pəncərə sexi uzun müddətdir fəaliyyət göstərmir və istifadəsizdir. Təxminən 2022-ci ilin aprel ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən qapı-pəncərə sexinə quraşdırılmış sayğacın giriş xəttinə baxış keçirilərək dəyişdirilmişdir. Bundan bir neçə gün sonra isə elektrik enerjisindən istifadəyə görə sayğac təqdim edən "xxxx" ASC-nin əməkdaşı ona həmin ay üzrə istifadə etdiyi elektrik enerjisi barədə qəbz təqdim edərkən abonent koduna 455 manat cərimə hesablanmasını bildirmişdir. Ondan cərimənin hansı səbəbə hesablanmasını maraqlandıqda bildirmişdir ki, elektrik sayğacına giriş xətti zədəli olduğuna görə xətti dəyişərək akt tərtib olunmuş və cərimə hesablanmışdır. Həmin aktdan onun məlumatı olmamışdır. Elektrik sayğacı küçədə quraşdırılmışdır. Küçədə quraşdırılmış elektrik sayğacının giriş xəttinə müdaxilə etmək ixtiyarında deyil, həmçinin təhlükəlidir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən giriş xəttinin zədəli olması əsas göstərilərək və bu barədə akt tərtib edilərək onun abonent koduna qanunsuz və əsassız 455 manat borc hesablanmışdır. Həmin 455 manat borc qanunsuzdur. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinə etiraz təqdim edərək, iddia əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin 19 aprel 2022-ci il tarixli, NDQ № 011824 saylı aktdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı X2 mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman akt tərtib edilmiş, həmin aktı hər 3-ü "xxxx" ASC-nin əməkdaşı olmaqla cəmi 3 nəfər imzalamışdır. T.T.Cavadov "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 balans üzrə mühəndis vəzifəsində, R.A.Cavadov və R.Ş.Musayev isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 nəzarətçi mühəndis vəzifəsində işləyirlər. Həmin aktda qeyd edilmişdir ki, abonentin sayğacı zədələnmişdir. Giriş xəttinin zədələnməsi elektrik enerjisində istifadə qaydalarına ziddir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən ölçü aparılmış İ1=15A, İ2=16,7A və İ3=19,7A. Giriş xətti yenilənsin saygac uçot nöqtəsindən qulaşdırılsın qeyd edilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № ******* saylı protokoldan görünür ki, X2 yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacı yenisi ilə əvəz olunmuş, sayğac göstəricisi sıfırlanmışdır. İşin materiallarında olan X2 adına olan cavabdeh təşkilatı tərəfindən verilmiş **********31047 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, iddiaçının Ağdaş rayonu, Ləki qəsəbəsi ünvanında elektrik sayğacı xx.xx.2009-cu il tarixdə quraşdırılmış, sonuncu dəfə xx.xx.2017-ci il tarixdə isə yenisi ilə əvəz edilmiş, sayğac quraşdırılma tarixinə abonentə sayğac oxunması üzrə 462,56 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 627,40 manat təşkil edir. İşin materiallarında olan "xxxx" ASC-nin 21 iyun 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, sayğacın giriş xəttinin zədələnməsinə görə (10.9 kvt x 8 saat x 90 gün) - 3184 kvts = 4664 kvts, tarif (0.10 man) – 4664 kvts x 0.10 man = 466 manat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qeyd olunan Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Həmçinin, Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi elektrik enerjisindən istifadə qaydalarının pozulması hallarına yol verildiyi bu barədə akt tərtib edilməli, həmin akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. Əgər istehlakçı aktı imzalamaqdan imtina edərsə, bu barədə aktda müvafiq qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Hazırkı halda isə akt istehlakçı tərəfindən imzalanmamış "xxxx" ASC isə iddia etdiyi yol verilmiş pozuntunu qanuna müvafiq qaydada texniki vasitələrlə qeydə almamışdır. Əksinə tərtib edilmiş akt "xxxx" ASC-nin öz əməkdaşları tərəfindən imzalanmışdır ki, onlar cavabdeh təşkilatın maraqlarından çıxış etdikləri üçün həmin aktla müəyyən edilmiş halın həqiqiliyini təsdiq edə bilməzlər. Beləliklə iş materiallarından müəyyən olunur ki, iddiaçının Ağdaş rayonu, Ləki qəsəbəsi ünvanında elektrik sayğacı xx.xx.2017-ci il tarixdə quraşdırılmış (yenisi ilə əvəz edilmişdir), elektrik enerjisinə görə borc sayğacsız – akta əsasən hesablanmışdır. Halbuki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Ona görə də iddiaçıdan sayğacsız – akt əsasında hesablanmış borc məbləğlərinin tələb edilməsi əsassız hesab edilməlidir. Bundan başqa, X2 yaşayış sahəsinə qoyulmuş elektrik sayğacı küçədə quraşdırılmışdır. Belə olan halda isə qoyulmuş elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, elektrik sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə elektrik paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar elektrik paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh "xxxx" ASC elektrik enerjisinə görə akt əsasında orta sərfiyyatla hesablanmasının səbəbləri, sərf olunmuş elektrik enerjisinin məhz iddiaçı tərəfindən istehlak olunması və enerji haqlarının məhz iddiaçı tərəfindən ödənilməli olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də "xxxx" ASC tərəfindən abonentə 466 manat borc hesablanmasına baxmayaraq, borc əsassız olduğundan silinməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, iddia tələbinin həcmi, iddiaçının mənzilinə elektrik sayğacının quraşdırılması dövrü və sayğac quraşdırılana qədər sayğacsız – akt əsasında orta sərfiyyatla hesablanmış borc məbləği, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı olması nəzərə alınaraq iddiaçının Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evinə elektrik sayğacı quraşdırılana qədər elektrik enerjisindən istifadə ilə əlaqədar akt əsasında orta sərfiyyatla hesablanmış borc məbləği iddiaçının abunə hesabından silinməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən iddiaçı X2 **********31047 saylı abonent hesabına 19 aprel 2022-ci il tarixli, № 011824 saylı akt əsasında hesablanmış 455 manat borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar