Məhkəmə qərarları › İş №2(014)-1388/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1388/2023

27.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1388/2023 27.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Yaşayış sahəsinə təbii qaza görə sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə quraşdırılmışdır və sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. 2021-ci ilin may ayında Cavabdeh İB-nin X5 İstismar İdarəsinin əməkdaşları təbii qazdan istifadə ilə əlaqədar quraşdırılmış sayğacı istismar müddəti başa çatdığını bildirərək sayğacı yenisi ilə əvəz etmişlər və əvvəlki sayğacı özləri ilə aparmışlar. 2023-cü ilin yanvar ayı üzrə sərfiyyata dair BİLDİRİŞ-xəbərdarlığı aldıqda ona məlum olmuşdur ki, onun **********01410 saylı abonent koduna 216 manat əlavə borc yazılmışdır. O, bütün bunların səbəbini öyrənmək üçün cavabdeh idarənin Ağdaş XS-nə müraciət etmiş və oradan ona bildirmişlər ki, əməkdaşlar tərəfindən istifadəsində olan sayğaca guya tərəfindən müdaxilə edilmişdir. Halbuki, sayğaca baxış keçirən əməkdaşlar ona bildirmişlər ki, sayğacın istismar müddəti keçdiyinə görə yenisi ilə əvəz edirlər. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilmədiyini, əgər etmiş olsaydı bu barədə əməkdaşlar ona bildirərdilər dedikdə ona bildirilmişdir ki, müdaxilə olunub və bu barədə akt tərtib edilmişdir. Fərdi yaşayış evində istifadə etdiyi təbii qaza görə sayğac həyətindən kənarda, yəni divarın küçə hissəsində quraşdırıldığından, həmin sayğac kənar müdaxilələrdən qorunmaq üçün xüsusi örtüklə örtülmədiyindən tərəfindən sayğaca nəzarətin həyata keçirilməsi mümkün deyildir. Sayğac həyətinin küçə hissəsində quraşdırıldığından qanunvericiliyin tələbinə görə həmin sayğacın normal işləməsinə və qanunsuz müdaxiləyə görə cavabdeh orqan məsuliyyət daşıyır. İtirilmiş qazın hesablanmasına dair cavabdeh orqan tərəfindən tərtib edilmiş saldodan görünür ki, əsassız olaraq cavabdeh orqan itirilmiş qaza görə 216 manat hesablayaraq onun **********01410 saylı abunə koduna vurulmuşdur. O, hesablanmış məbləğlə razı deyil və hesab edir ki, həmin məbləğ cavabdeh orqan tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış və onun abunə koduna vurulmuş, nəticədə Cavabdeh əməkdaşları onlara verilmiş hüquqlardan sui istifadə edərək qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Göründüyü kimi, cavabdeh orqan dövlət orqanı olmaqla istehlakçı kimi qanunla qorunan hüquqlarını qorumaq əvəzinə ona qarşı haqsızlıq etməklə və qanunla qorunan hüquqlarını özü pozmaqla qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Cavabdeh nümayəndəsi X3 məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı tələbi üzrə olan **********01410 saylı qaz hesabı X1 adına rəsmiləşdirilmişdir və X1 adına rəsmiləşdirilmiş **********01410 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 409,60 manat borc vardır. Həmin borcun 193,60 manat hissəsi sayğac üzrə, 216 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Zaqatala RQİİnin mütəxəssisləri tərəfindən X1 istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğacın hesablayıcı mexanizminin plastmas qapağının yan tərəfində cızıq izləri olduğu aşkar edilmiş, sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********9 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2021-ci il tarixli 29/1710- 02527-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. İşin materiallarında olan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, Elestr tipli, G-4 markalı, ******* nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni **********9 saylı sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş **********01410 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 2021-ci ilin dekabr ayı üzrə 216 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı X2 Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin X5 İstismar İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən İddiaçı **********01410 saylı abonent koduna yazılmış 216 (iki yüz on altı) manat borc silinməli, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin X5 İstismar İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən İddiaçı **********01410 saylı abonent koduna yazılmış 216 (iki yüz on altı) manat borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar