Məhkəmə qərarları › İş №2(014)-140/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-140/2024

01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-140/2024 01.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştrakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu Şordəhnə kəndində yaşayır. Saygac qoyulan gündən sərf etdiyi qazın pulunu vaxtıvaxtında ödəmişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixdə Qaz İdarəsinin əməkdaşları tərəfindən sayğacına müdaxilə olunduğu bəhanəsi ilə ona əsassiz olaraq 1555.20 AZN borc hesablanmışdır. Həmin borcu əsassız hesab edir. Belə ki, qaz sayğacı həyətindən kənarda, yəni çöl ərazidə quraşdırılmışdır və onun iştrakı olmadan sayğac sökülmüşdür. Həmin borc ehtimallara əsaslanıb yazılmışdır. İddiaçı həmin borcla razı deyil, həmin borc qanunsuz iddiaçının hesabına vurulmuşdur. İstehlakçı kimi qanunla qorunan hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Göründüyü kimi cavabdeh X4 İstismar İdarəsinin əməkdaşları onlara verilmiş hüquqlardan sui istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvercilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşdur ki, bu da yolverilməzdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci bəndinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Göründüyü kimi, cavabdeh orqan dövlət orqanı olmaqla istehlakçı kimi qanunla qorunan hüquqlarını qorumaq əvəzinə ona qarşı haqsızlıq etməklə və qanunla qorunan hüquqlarını cavabdeh orqan özü pozmaqla qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının 26-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vəsaitlərlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Cavabdeh istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yarnmış mübahisəni məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia ərizəsini müdafiə etdiyini iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianın təmin edilməməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən istehlakçı İddiaçı yaşadığı mənzilə xx.xx.2023-ci il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 12960 m3 borc hesablanmışdır. Belə ki, işin materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır, hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsi mümkündür. Sayğac istismara yararsızdır. İşin materiallarında olan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 21 iyun 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Zenner tipli, G-4 markalı, **********2 nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni İtron tipli, G-4 markalı, **********896 saylı sayğac quraşdırılmışdır. İş materiallarında olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən İddiaçı qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş 19 oktyabr 2023-cü il tarixli, **********01000 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 2023-cü ilin mart ayına qədər 1555.20 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğac qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1555.20 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 35.56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin X4 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı **********01000 saylı abonent koduna yazılmış 1555.20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc silinməli, iş üzrə 35.56 (otuz beş manat, əlli altı qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin X4 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı **********01000 saylı abonent koduna yazılmış 1555.20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc silinsin. İş üzrə 35.56 (otuz beş manat, əlli altı qəpik) manat dövlət rüsumu Cavabdeh İBdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar