Məhkəmə qərarları › İş №2(014)-1628/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1628/2025

21.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1628/2025 21.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı əsassız olaraq hesablanmış 853 manat məbləğində borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 165/1 ünvanında yerləşən fərdi yaşayış evində "xxxx" ASC tərəfindən sayğac vasitəsilə işıq verilir. Həmin sayğac binanın giriş hissəsində yerləşir. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilib. Baxış zamanı kənar xəttdən X1 edildiyi müəyyən olunub, lakin Bakı şəhərində yaşadığı üçün ona məxsus evdə heç kim yaşamır. "xxxx" ASC tərəfindən 853 manat cərimə yazılmışdır. Hesab edir ki, həmin borc əsassızdır və silinməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək bildirdi ki, qızına məxsus, Ağdaş şəhəri, H.Əliyev prospekti 165/1 ünvanında yerləşən binada xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilmiş, həmin vaxt baxışda evin sakinlərindən heç kim iştirak etməmiş, baxış zamanı sayğaca kənar xətt qoşulması əsası ilə akt tərtib edilmiş, bu akt əsasında 853 manat məbləğində cərimə hesablanmış, lakin hesab edir ki, onlar tərəfindən sayğaca heç bir müdaxilə edilmədiyindən, ümumiyyətlə qızı və ailəsi Bakı şəhərində yaşadığından, həmin evdə yalnız bəzən qısa müddətli yaşayış olduğundan bu cərimənin yazılması tamamilə əsassızdır və silinməlidir. Məhkəməyə təqdim edilmiş etiraz ərizəsində və məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazasında” **********01390 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Ağdaş şəhəri, H.Əliyev prospekti 165/1 ünvanında yerləşən bina evində elektrik enerjisindən 26 mart 2019-cu il tarixdə quraşdırılmış Paud MP-106 tipli, zavod nömrəsi № **********5 olan elektrik hesablama sayğacı vasitəsi ilə hal-hazıra kimi istifadə edir. 28 yanvar 2025-ci il tarixdə iddiaçının yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacına “Azərişıq" ASCnin Nəzarət İdarəsi Satışa Nəzarət şöbəsinin əməkdaşları F.F.Əzizov və R.Ş.Musayev tərəfindən baxış keçirilərkən yaşayış evi (mənzili) elektrik enerjisi ilə sayğacdan “kənar xətt" vasitəsi ilə təchiz edildiyi müəyyən edilmişdir. Baxış zamanı sayğacdan yük keçmədiyi, sayğacın ayırıcısının (avtomatı) sönülü vəziyyətdə olduğu, kənar xətdən keçən yükün xüsusi ölçmə vasitəsi olan “ampermaşa”ilə ölçüldükdə 2.8/a təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində “EEİQ"nın tələblərinə uyğun olaraq akt 010269 saylı akt tərtib edilmişdir. Aktın tərtibatında İddiaçı iştirak etməmişdir. Bu barədə əməkdaşlar tərəfindən aktda imza edilməklə müvafiq qeydiyyat aparılmışdır, pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. "xxxx" ASC-də fəaliyyət göstərən “Aktlar üzrə komissiya” tərəfindən iddiaçı barəsində tərtib edilmiş akta əsasəm “EEİQ"nın 8.17-1 bəndinin tələblərinə uyğun olaraq 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 822,76 manat təşkil edən 6652 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdaki qaydada aparılmışdır. 4.4 kVt x 90g x 24s x (0.7) = 6652 kvt.s, Tarif(0.08)-600 kvt x 0.08 = 48 man, Tarif(0.09)-300 kvt x 0.09 man = 7 man, Tarif(0.13)- 5752kvt x 0.13 = 747,76 manat, Cəmi 822,76 manat. İddiaçı barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən, həmçinin qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər hansı bir qanuna xidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarı ilə X1 Qaydalarında edilmiş əlavə və dəyişikliyə əsasən yeni redaksiyada verilmiş 8.17-ci bəndinin tələblərinə uyğun aparılmışdır. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində Bakıda yaşadığı üçün ona məxsus evdə heçkimin yaşamadığını bildirərkən qeyri səmimiliyə yol verərək məhkəməyə yanlış məlumat vermişdir.Belə ki, onun istehlakçı kodu üzrə Ağdaş EŞ-nin “Proqram bazasfnda qeydiyyatda olan “abunə haqqında məlumatla ona məxsus yaşayış evində elektrik enerjisindən hər ay mütəmadi olaraq istifadə edildiyi təsdiq olunur. Abunə haqqında məlumatda yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricilərinə əsasən 03 dekabr 2024-cü il tarixdən 03 yanvar 2025-ci il tarixinə kimi sayğacın dəyəri 6.64 manat təşkil edən 83 kvt saat,xx.xx.2025-ci il tarixinə dəyəri 5.96 man təşkil edən 71 kvt, 03 mart 2025-ci il tarixinə 5.12 man təşkil edən 61 kvt, xx.xx.2025-ci il tarixinə dəyəri 6.05 man dəyəri 72 kvt, xx.xx.2025-ci il tarixinə dəyəri 4.37 man təşkil edən 52 kvt. 08 iyun 2025-ci il dəyəri 5.96 man təşkil edən 71 kvt və xx.xx.2025-ci il tarixinə dəyəri 4.20 manat təşkil edən 52 kvt saat miqdarında elektrik enerjisinin istehlak edilməsi yaşayış evində X1 edilməsinin əyani sübutudur. Göstərilənlərə əsasən İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, işdə olan 28 yanvar 2025-ci il tarixli, NİM 010269 nömrəli aktın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri həmin gün saat 18:10-da **********01390 nömrəli abonent İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən abonentin elektrik sayğacından kənar xəttdən X1 edilməsi aşkar edilmiş, həmin akt tərtib edilərkən abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. İşdə olan **********01390 nömrəli abonent İddiaçı adına abunə haqqında arayışın “bağlanan aktlar” bölməsindən görünür ki, xx.xx.2025-ci il tarixdə NİM 010269 nömrəli akt əsasında abonentə tarif 0,08 manat olmaqla 600 kvt sərfiyat üçün 48 manat, tarif 0,09 manat olmaqla 300 kvt sərfiyyat üçün 27 manat, tarif 0,13 manat olmaqla 5752 kvt sərfiyyat üçün 747,76 manat olmaqla cəmi 822,76 manat məbləğində enerji qaydalarının pozulmasına dair cərimə hesablanmışdır. İşdə olan 01 fevral 2025-ci il tarixli "xxxx" ASC-nin AKT komissiyasının sədrinin icra vərəqinin surətindən görünür ki, **********01390 nömrəli abonent kodlu istehlakçı İddiaçı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu müyyən edilməklə 822,76 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videoqeyddən görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 165/1 ünvanında yerləşən bina evinə “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərkən yaşayış evinin (mənzilin) elektrik enerjisi ilə sayğacdan “kənar xətt" vasitəsi ilə təchiz edildiyi müəyyən edilmişdir. Baxış zamanı sayğacdan yük keçmədiyi, sayğacın ayırıcısının (avtomatı) sönülü vəziyyətdə olduğu, kənar xətdən keçən yükün xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldükdə 2.8/a təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, İşin materiallarında olan 28 yanvar 2025-ci il tarixli, 010269 nömrəli aktda qeyd edilir ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 165/1 ünvanında yerləşən bina evinə “Azərişıq" ASC-nin Nəzarət İdarəsi Satışa Nəzarət şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən yaşayış evi (mənzili) elektrik enerjisi ilə sayğacdan “kənar xətt" vasitəsi ilə təchiz edildiyi müəyyən edilmişdir. Baxış zamanı sayğacdan yük keçmədiyi, sayğacın ayırıcısının (avtomatı) sönülü vəziyyətdə olduğu, kənar xətdən keçən yükün xüsusi ölçmə vasitəsi olan “ampermaşa”ilə ölçüldükdə 2.8/a təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən akt tərtib edilmiş, akt onlar tərəfindən imzalansa da, abonentin baxışda iştrakı təmin edilməmiş, həmçinin həmin akt abonent tərəfindən imzalanmamışdır. Bundan sonra abonent İddiaçı tarif 0,08 manat olmaqla 600 kvt sərfiyat üçün 48 manat, tarif 0,09 manat olmaqla 300 kvt sərfiyat üçün 27 manat, tarif 0,13 manat olmaqla 5752 kvt sərfiyyat üçün 747,76 manat olmaqla cəmi 822,76 manat məbləğində enerji qaydalarının pozulmasına dair cərimə hesablanmışdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Hazırki iş üzrə isə 28 yanvar 2025-ci il tarixli, 010269 nömrəli Aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma, və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Cavabdeh tərəf də bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Göstərilənlərə əsasən, hazırki halda cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin akt əsasında hesablanmış cərimə məbləğini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Həmçinin işin materiallarında olan “Azərişıq" ASC-nin Nəzarət İdarəsi Satışa Nəzarət şöbəsinin əməkdaşları tərəfindən çəkilmiş videoqeydlərindən və işin faktiki hallarından göründüyü kimi, həmin videoqeydlərdə abonentin evinə gedən kənar xəttin olduğu qeyd edilsə də, cavabdeh tərəfindən həmin xəttin abonent İddiaçı məxsus evinə gedən işiq xəttinə qoşulu olması, həmçinin abonent tərəfindən kənar xətdən istifadə edilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən onun abonent koduna yazılmış 853 manat borcun silinməsini xahiş etsə də, işin faktiki hallarından görünür ki, mübahisələndirilən tələbin 822,76 manat hissəsi akta əsasən hesablanmış cərimə, 30,24 manat hissəsi isə abonentin istifadə etdiyi elektrik enerjisinin dəyəridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 yanvar 2025-ci il tarixli, NİM 010269 nömrəli aktı əsasında İddiaçı hesablanmış borcun 822,76 manat məbləğində hissəsi silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 yanvar 2025-ci il tarixli, NİM 010269 nömrəli aktı əsasında İddiaçı hesablanmış borcun 822,76 manat (səkkiz yüz iyirmi iki manat yetmiş altı qəpik) məbləğində hissəsi silinsin. İddiaçı iddiası qalan hissədə rədd edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar