Məhkəmə qərarları › İş №2(014)-167/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-167/2025

15.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-167/2025 15.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 131,03 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 131,03 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdaş rayonu, Mürsəl kəndində qeydiyyatda olmaqla yaşayır. Cavabdeh orqan "xxxx" ASC ilə arasında bağlanmış elektrik enerjisi ilə təmin edilməsi haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən elektrik enerjisi ilə təmin edilmiş, yaşadığı ünvanda təbii olaraq elektrik enerjisindən istifadə edir və yaşadığı həyətdən çöldə, yəni küçədə quraşdırılmış sayğaca əsasən sərf etdiyi elektrik enerjisinə görə bildirişdə göstərilən ödənişləri heç bir zaman gecikdirməmişdir. Baş vermiş təbii fəlakət nəticəsində, yəni güclü küləyin əsməsi nəticəsində elektrik kabellərinin birləşməsi elektrik sayğacının yararsız hala düşməsinə səbəb olmuşdur. Elektrik sayğacının çıxış yuvası ərimişdir. Həmin hadisədən sonra o, dərhal "xxxx" ASC-nin əməkdaşlarına məlumat vermişdir. Bundan sonra sayğac yeni sayğac ilə əvəz olunmuşdur. Lakin bir müddət sonra ona bildiriş xəbərdarlıq qəbzində 131,03 manat dəyərində ödəniş qeyd edildiyini görmüşdür. Bu barədə "xxxx" ASC-yə müraciət ünvanlamış, müraciətə əsasən "xxxx" ASC-nin məktubunda da 131,03 manat dəyərində ödəniş sənədi hazırlandığı göstərilmişdir. Hesab edir ki, abonent koduna hesablanmış 131,03 manat borc qanunsuzdur. Onu da qeyd etmək istəyir ki, **********00067 nömrəli abonent kodu mərhum X1nın adına qeydiyyatdadır. X1 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra evdə tək yaşayır. "xxxx" ASC tərəfindən **********00067 nömrəli abonent koduna əsassız hesablanmış 131,03 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 131,03 manat borcun silinməsi tələbinə iş üzrə şifahi icraat qaydasında hazırlıq iclası xx.xx.2024-cü il tarix saat 10:50-yə təyin olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, Ağdaş rayonunun Mürsəl kəndində yaşayan Ağdaş EŞ-nin Proqram bazasında abonent kimi qeydiyyatda olan X3 qeydiyyatddır. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Mürsəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 5-32-12/2-344/2024 saylı arayışından görünür ki, İddiaçı həmin nümayəndəlikdə qevdiyyatdadır və Mürsəl kəndində yaşayır. İddiaçı Q.l.İsmayılovun anası Z.A.Həsənova xx.xx.2020-ci il tarixində vəfat etməsinə baxmayaraq, ona məxsus olan həmin kənddə yerləşən yaşayış evi vərəsəlik qaydasında oğluna keçməmişdir. Bu barədə iddia ərizəsinə əlavə edilmiş sənədlərdə də həmin fakt öz əksini tapmır. Odur ki, İddiaçı abonent kimi Ağdaş EŞ-nin Proqran bazasında qeydiyyatda olmadığını və fərdi yaşayış sahəsinin vərəsəlik üzrə onun adına qeydiyyata alınmadığını nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinin tələbinə uyğun olaraq yəni, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 13-13/2-2/18-İ-9741-5/2024 saylı müraciətin araşdırılmasına dair müraciətinə "xxxx" ASC-nin Müştəri xidmətləri idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, **********00067 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixində Ağdaş EŞ-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, fərdi yaşayış evinə məxsus elektrik sayğacındakı qüsur (sayğacın çıxış yuvası əriyib) səbəbiylə Rİ 297163 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 1331 kVts (131,03 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi və aktda qeyd edilən yük (p=0,88kvt) nəzərə alınmaqla, “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının elektrik enerjisinin ölkədaxili tariflərinə dair 16 oktyabr 2021-ci il tarixli, 14 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən elektrik enerjisinin əhali üçün tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9 qəpik və aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13 qəpik müəyyən edilmişdir. Hazırkı iş üzrə isə xx.xx.2023-cü il tarixli Rİ 297163 saylı Aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Cavabdeh tərəf də bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Göründüyü kimi iş üzrə iddiaçının (və ya onun X1nın) təqsirli hərəkətlərinə dair heç bir sübut mövcud deyil. Bundan başqa, İddiaçı **********00067 saylı kod üzrə abonent X2 oğludur və Mülki Məcəlləyə əsasən onun məcburi pay hüququ olan birinci növbəli vərəsəsidir. Həmçinin, mübahisəli ünvanda da faktiki olaraq yaşamaqla elektrik enerjisindən istifadə edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixində Ağdaş EŞ-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, fərdi yaşayış evinə məxsus elektrik sayğacındakı qusur (sayğacın çıxış yuvası əriyib.) səbəbiylə Rİ 297163 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 1331 kVts (131,03 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi və aktda qeyd edilən yük (p=0,88kvt) nəzərə alınmaqla, “Elektrik enerjisindən istifadə Qaydalarfna uyğun olaraq hazırlanmışdır. Hazırda iddiaçı **********00067 saylı abonent hesabına Rİ 297163 saylı akt əsasında hesablanmış 131,03 (yüz otuz bir manat üç qəpik) manat borc silinməsini tələb edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində olan **********00067 saylı abonent hesabına Rİ 297163 saylı akt əsasında hesablanmış 131,03 (yüz otuz bir manat üç qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1.000 manatadək olduqda müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 131,03 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində olan **********00067 saylı abonent hesabına Rİ 297163 saylı akt əsasında hesablanmış 131,03 (yüz otuz bir manat üç qəpik) manat borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar