Məhkəmə qərarları › İş №2(014)-1685/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1685/2022

26.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1685/2022 26.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın Ağdaş Sukanal TSC ilə aralarında bağlanmış təbii su ilə təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii su ilə təmin edilmişdir. Sərf etdiyi təbii suya görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtlı-vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Ağdaş Sukanal TSC-nin əməkdaşları tərəfindən bugünədək istifadə etdiyi su sərfiyyatında əlavə heç bir məbləğ tələb olunmamışdır. Bir neçə aydır ki, cavabdeh orqan tərəfindən ona əsassız olaraq 546 manat borc hesablanmışdır. Cavabdeh orqandan borcun səbəbini soruşduqda isə ona 5- 10 il bundan əvvəlin borcu olduğunu və “borcun var ödəməlisən” sözündən başqa heç bir söz deyilməmişdir. Ancaq onun 5-10 il əvvəl yaranmış borcuna dair cavabdeh orqan tərəfindən ona heç bir arayış və akt təqdim edilməmişdir. Ona bugünə qədər məlum deyil ki, onun 5-10 il bundan əvvəl su borcu nə vaxt və hansı əsasla yaranmışdır. Ağdaş Sukanal TSC rəhbərliyinin əsassız və gülünc cavabı ilə tanış olduqda Ağdaş Sukanal TSC-nin keçmiş əməkdaşlarının bir çox qanunsuzluqlara yol verdiyi müəyyən olunur. Ən əsası da odur ki, ondan 10 ildən etibarən yığılmış su-kanalizasiya borcu tələb olunur. Bu isə sui-istifadə halına səbəb olmuşdur. Halbuki, cavabdeh orqan tərəfindən təbii su və kanalizasiya sistemi ilə 2019-cu ilin qış aylarında təmin olunmuşdur. Həmin tarixdən etibarəndə bildirişdə göstərilən məbləği vaxtı-vaxtında ödəmişdir. Cavabdehin iddia etdiyi borc məbləği əsassız hesablanmışdır. Həmçinin, iddiaçı tərəfindən iddia müddəti səkkiz ildir ki, ötürülmüşdür. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-nin Ağdaş Sukanal TSC-nin xx.xx.2022-ci il tarixli, **********040 saylı abonent kartından görünür ki, İddiaçı 2016-cı il üzrə 305,90 manat, 2017-ci il üzrə 27 manat, 2018-ci il üzrə -137,90 manat, 2019-cu il üzrə 57,75 manat, 2020-ci il üzrə 98,95 manat, 2021-ci il üzrə 89,30 manat, 2022-ci il üzrə 102,40 manat borcu olmaqla, xx.xx.2022-ci il tarixə qədər sukanalizasiyadan istifadəyə görə 543,40 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı su-kanalizasiyadan istifadə edilməsi ilə əlaqədar 543,40 manat borcu yaranmışdır. Həmin borcun 330,65 manat hissəsi xx.xx.2017-ci il tarixədək hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi iddiaçıdan tələb olunan öhdəliyin 330,65 manat hissəsi 5 il keçdikdən, yəni öhdəliyin icrası müddəti başa çatdıqdan sonra ondan tələb edilir. Qanunla müəyyən edilmiş müddət kəsici olduğundan, bunun üçün ayrıca ərizə verilməsinə ehtiyac yoxdur və məhkəmə tərəfindən həmin müddət nəzərə alınmalıdır. Eyni zamanda, iddiaçının bundan sonra ödənişlər etməsi həmin borcun məbləği ilə bağlı deyil, yeni yaranmış borcların ödənilməsinə dair olmuşdur. Abonentin aylıq borcundan əlavə olaraq köhnə borcları ödəməsi işin materialları ilə müəyyən edilmir və cavabdeh də iddiaçının köhnə borclarını etiraf edərək ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Yəni, su-kanalizasiyadan istifadə ilə bağlı ödənişlər mütəmadi xarakter daşıdığından və abonentin növbəti aylarda müvafiq hesablanmış borcundan artıq olmayan məbləğdə mütəmadi ödənişlər etməsi onun köhnə borclarının etirafı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddiası təmin qismən edilməli, cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən İddiaçı **********040 saylı abonent kartına sudan istifadəyə görə yazılmış xx.xx.2016-cı il tarixə qədər 305,90 manat, xx.xx.2017-ci il tarixə qədər yazılmış 24,75 manat olmaqla, cəmi 330,65 manat borc silinməli, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən İddiaçı **********040 saylı abonent kartına sudan istifadəyə görə yazılmış xx.xx.2016-cı il tarixə qədər 305,90 manat, xx.xx.2017-ci il tarixə qədər yazılmış 24,75 manat olmaqla, cəmi 330,65 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar