Məhkəmə qərarları › İş №2(014)-1688/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1688/2021

01.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1688/2021 01.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı1 (həmçinin digər iddiaçının nümayəndəsi) iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı1 etibarnamə əsasında ərizə verərək İddiaçı2 da hazırkı işə iddiaçı qismində cəlb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.02.2021-ci il tarixindən istehlakçının hüquqları cavabdeh "xxxx" ASC-nin Ağdaş rayon xidməti sahəsinin əməkdaşları tərəfindən pozulmuşdur. Onun və ailə üzvlərinin ünvan 1 ünvanında özlərinə məxsus fərdi yaşayış evləri vardır və qeyd edilən ünvanda yaşayırlar. 04.10.1994-cü il tarixindən o, "xxxx" ASC tərəfindən verilən işıqdan-cərəyandan istifadə edir. Cavabdeh orqan "xxxx" ASC ilə aralarında bağlanmış müqaviləyə əsasən işıqla (enerjiylə) təmin edilməsi, ondan istifadə, istismar və ödəmə qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən işıqla təmin edilmişdir. Sərf etdiyi işığa görə nəzarətçi tərəfindən verilən qəbzə əsaslanıb poçt vasitəsiylə ödəniş edir. İşığın (enerjinin) istifadə edilmə qaydalarını pozmamış və həmişə işıq-enerji pulunu vaxtı-vaxtında ödəmişdir. İşığın xəttini pozmaq, pulunu ödəməmək və ya başqa nöqsan barəsində ona cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. İşıq cərəyanıyla bağlı bildirmək istəyir ki, cərəyana qoşulmaq təhlükəsi olduqca qorxuludur və o, istəsə də belə cərəyan şəbəkəsinə qoşulmağı texniki cəhətdən mümkün olmayan bir əlamətdir. Haqsız yerə protokol tərtib edilmişdir. Sadə insanları talamaq məqsədiylə edilən hərəkətlərə Məhkəmə tərəfindən son qoyulmasını vacib sayır. Aşkar edilən üsulla vətəndaşı tanımadan, onun həyətində olmadan, onun səhvini tutmadan inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs onu və başqalarını talamaqla məşğuldurlar. Qeyri-qanuni yolla dövlət büdcəsini dolduran vəzifəli şəxs onları və öz rəhbərlərini aldatmış olur. Qeyd etdiyi faktlar məhkəmə iclas zalında ədalət naminə araşdırılmalıdır. Sakit insanların hesabına yaşayan "xxxx" ASC əməkdaşlarının qeyri-qanuni hərəkətlərinə son qoyulmalıdır. Hadisənin olmamasını bilən tərəfindən inzibati xəta haqqında tərtib edilən protokolun məhkəmənin hakimi tərəfindən ləğv edilməsini əsaslı görür. "xxxx" ASC-nin Ağdaş rayon xidmət sahəsinin əməkdaşları onun istehlakçı kimi nöqsanı olmasını qeyd etməyiblər. "xxxx" ASC Ağdaş rayon xidmət sahəsinin əməkdaşı sayğacı söküb, sayğacda hansısa nöqsanın olub-olmasını və yaranmasını ona göstərə bilməmişdir. "xxxx" ASC Ağdaş xidmət sahəsi idarəsinin ona vurduğu zərər nəticəsində, onlar evlərində insan kimi yaşaya bilməmişlər. Qeyd olunan cəriməylə bağlı fakt aşkar olunmayıbsa və ona xəbərdarlıq təqdim edilməyibsə onun istehlakçı kimi fərdi yaşayış hüququ bərpa olunmalıdır. Hüquqlarını bərpa etməklə istəməzdi ki, "xxxx" ASC Ağdaş xidmət sahəsi kimi nüfuzlu idarə cavabdehliyinə məhkəmə qarşısında bəhanələr gətirsin. Qanuni və hüquqi haqqı təmin olunmalıdır. "xxxx" ASC Ağdaş xidmət sahəsinə olan tələbi bərabərlik əsasında həyata keçirilməli və məhkəmə qətnaməsi ilə təmin olunmalıdır. Ona görə ki, onun ailəsi istehlakçı və pensioner kimi hüququ, körpə uşağın marağını dövlət qorumalıdır. Göründüyü kimi cavabdeh "xxxx" ASC Ağdaş xidmət sahəsinin əməkdaşı onlara verilmiş hüquqlardan sui-istifadə edərək qeyd etdiyi qanun pozuntularını onların üzərində tətbiq etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, adı gedən idarənin özbaşınalığının bu gün qurbanı ailəliklə olmuşlar. "xxxx" ASC-nin əməkdaşları özbaşına, qanunu saymadan ona qarşı gecə saatlarında hamının evdə olan vaxtı akt tərtib ediblər. Akt tərtib edən zaman 10 metrlik məsafədən, yəni onları evdən çağırmayıblar. Əfsanə faktlarla aktı tərtib edən əməkdaş vicdan nə olmasını düşünməmişdir. Yalan və uydurmayla yazılan aktın hüquqi əsası yoxdur. İşıq cərəyanın keçən hissəsində sayğacın quraşdırıldığı yerə gələn "xxxx" ASC Ağdaş rayon xidmət sahəsinin əməkdaşları özlərindən başqa, ya ev sahibəsini ya da ki, hal şahidi kimi heç kimi çağırmamış özbaşına qərar qəbul edib akt tərtib etmişlər. Onların qeyri-qanuni hərəkəti həm aktda, həm də sonralar ona verdikləri şifahi cavablarda öz əksini tapmışdır. Yəni, 12.02.2021-ci il tarixli, № 206860 saylı aktda qeyd edilib ki, guya “Məişət abonenti özünü təqdim edə bilmədi". Həmin akt qanunsuz tərtib edilmiş, nəticədə istehlakçı kimi qanunla qorunan hüquqları cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Ona və ailəsinə qarşı hazırda iftira edilir. Belə ki, qanunvericiliyin tələblərinə görə həmin sayğac sökülərkən və akt tərtib edilərkən o və hal şahidləri iştirak etməmişlər. Akt onun və ya ailə üzvülərinin iştrakıyla tərtib edilməmiş və heç bir video çəkiliş onların iştirakı ilə sənədləşdirilməmişdir. Amma sonralar ona təqdim etdikləri video çəkilişdə kənar xəttin görüntüsü müşahidə edilmir. Yəni "xxxx" ASC Ağdaş rayon xidmət sahəsinin əməkdaşları tərəfindən təqdim edilən görüntülər həqiqətin əksini bildirir. "xxxx" ASC Ağdaş rayon xidmət sahəsinin əməkdaşları yaşayış evi üçün qoyulmuş (sayğac həyətində yox, həyətdən kənarda quraşdırılmışdır) işıq sayğacına baxış keçirmiş və işıq sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt, yəni №206860 saylı protokol tərtib edilmişdir. Yoxlamadan sonra ona bildirmişlər ki, guya onun "xxxx" ASC-yə borcu var və o, qeyri-qanuni yolla cərəyana qoşulmuşdur. Bunu təsdiq edən fakt guya ki, vardır, amma ona və ya ailə üzvlərinə göstərilməmişdir. Qanunun tələbini əsas gətirib bildirmək istəyir ki, belə hal, yəni cərəyana qoşulma faktı müəyyən edilmişsə, onda onlara göstərilməli və sübut kimi onların iştirakı ila çəkiliş aparılmalı idi. Nədənsə protokolu tərtib edən vəzifəli şəxs bunu edə bilməmişdir. Cavabdeh "xxxx" ASC olan bölmələrdən ona məktub ünvanlanmayıb lakin, yeni sayğac, yəni SMART adlı sayğac quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC-yə müraciət edib onlara qarşı əsassız yazılmış aktların və protokolların əslini rəsmi qaydada istəməyinə baxmayaraq, adı gedən idarə sənədləri veməmişdir. Sənədlərin əslinin cavabdehdən alınması qanuna uyğun olar və adı gedən idarədən alınmasını vacib sayır. Cavabdeh "xxxx" ASC-nin Ağdaş xidmət sahəsinin əməkdaşı onlara vermiş olduğu Hesab-Bildirişə yəni kod № **********00898 saylı qəbzinə əsasən onların 636,00 (altı yüz otuz altı) manat (cərimə) borcları vardır. Həmin Hesab-Bildirişə əsasən borcları vardır. Amma onların borcu ola bilməz. Ona görə ki, istifadə etdiyi cərəyanla bağlı vaxtı-vaxtında ödəniş edir. Nəticədə istehlakçı kimi qanunla qorunan hüquqları cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Ona və ailəsinə qarşı hazırda iftira edilir. Qanunvericiliyin tələblərinə görə həmin sayğac sökülərkən o və hal şahidləri iştirak etməmişlər. Göründüyü kimi cavabdeh "xxxx" ASC Ağdaş xidmət sahəsinin əməkdaşı onlara verilmiş hüquqlardan sui-istifadə edərək, qeyd etdiyi qanun pozuntularını onların üzərində tətbiq etməklə onları təqsirli sayır. Göründüyü kimi cavabdeh, Azərişıq” ASC Ağdaş xidmət sahəsi Dövlət orqanı olmaqla istehlakçı kimi qanunla qorunan hüquqlarını qorumaq əvəzinə ona qarşı haqsızlıq etməklə və qanunla qorunan hüquqlarını özü pozmaqla qanunvericiliyin tələblərinə riayət etməmişdir yəni pozmuşdur. Göstərilənlərə əsasən cavabdeh orqan "xxxx" ASC işıq-enerjidən istifadə qaydalarının pozulması barədə əsassız hesablanmış və abonent koduna qeyd edilmiş yəni itirilmiş enerjinin dəyəri xidmət sahəsinin əməkdaşı onlara vermiş olduğu Hesab-Bildirişə yəni kod № **********00898 saylı qəbzinə əsasən onların 636,00 (altı yüz otuz altı) manat (cərimə) borcu və yeni qoyulmuş sayğaca görə əlavə məbləğin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 (həmçinin digər iddiaçının nümayəndəsi) iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin 12 fevral 2021-ci il tarixli, 206860 saylı aktdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı Abdullayeva Elmiranın mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman akt tərtib edilmiş, həmin aktı hər 2-i "xxxx" ASC-nin əməkdaşı olmaqla cəmi 2 nəfər imzalamışdır. Aktın hal şahidi qrafasında imzalayan, Aydın Balaşov "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 balans bölmə rəhbəri vəzifəsində işləyir. Məişət abonentinin əvəzindən imza edən Elşən Ədilov isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 operator mühəndis vəzifəsində işləyir. İşin materiallarında olan İddiaçı1 adına olan cavabdeh təşkilatı tərəfindən verilmiş **********00898 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, abonentə sayğac oxunması üzrə 126 manat, aktlar bölməsi üzrə 460,68 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 586,68 manat təşkil edir. İşin materiallarında olan "xxxx" ASC-nin iyul 2021-ci il tarixli, № 228495 saylı icra vərəqəsindən görünür ki, sayğacdan kənar xəttə görə P = 1.98 kVt, W = 1.98 kVt x 24s x 180g x 0.7 = 5988 kVts, 1800 kVts x 0,07 = 126 manat, 4188 kVts x 0,11 = 460,68 manat, cəmi: 126 manat + 460,68 manat = 586,68 manat hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə dair abunə koduna cavabdeh təşkilatı tərəfindən həmin ünvana akt əsasında 586,68 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərtib edilmiş aktla razı deyil, həmin aktı məhkəmədə mübahisələndirmişdir. İstehlakçı İddiaçı1 mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman tərtib edilmiş həmin aktı hər ikisi "xxxx" ASC-nin əməkdaşı olmaqla cəmi 2 nəfər imzalamışdır. Aktın hal şahidi qrafasında imzalayan Aydın Balaşov "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 balans bölmə rəhbəri vəzifəsində işləyir. Məişət abonentinin əvəzindən imza edən Elşən Ədilov isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 operator mühəndis vəzifəsində işləyir. Həmçinin, cavabdeh təşkilatın qeyd etdiyi küçədə elektrik dirəyində yerləşən sayğacda aşkar edilmiş kənar xəttin də məhz iddiaçının mənzilinə çəkilməsi işin halları müəyyən edilmir və məhkəmə iclasında təsdiq olunmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qərarın 8.33-cü bəndində təsbit olunmuşdur ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. "xxxx" ASC-nin 12 fevral 2021-ci il tarixli, 206860 saylı aktından görünür ki, hal şahidləri aktı imzalamamışlar. Hal şahidi qrafasında imzası olan Aydın Balaşov "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 balans bölmə rəhbəri vəzifəsində işləyir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarında olan 12.02.2021-ci il tarixli aktdan da göründüyü kimi sayğac küçədə (elektrik dayağında) quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıya bilməz. Qeyd olunan akt əsasında iddiaçı X1 abonent hesabına 586,68 manat borc hesablandığı müəyyən edilmişdir. X2 hazırda vəfat etmiş, İddiaçı2 Söhrab qızı isə onun qızıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı1 **********00898 saylı abonent hesabına 12 fevral 2021-ci il tarixli, 206860 saylı akt əsasında hesablanmış 586,68 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı2 Söhrab qızının istifadəsində olan **********00898 saylı abonent hesabına 12 fevral 2021-ci il tarixli, 206860 saylı akt əsasında hesablanmış 586,68 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar