Məhkəmə qərarları › İş №2(014)-169/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-169/2025

18.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-169/2025 18.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Ağdaş rayon İcra hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X4 iştirakları ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci ildə Ağdaş rayonu, Qobu- Üstü kəndində anadan olmuşdur. xx.xx.1981-cü ildə X8 ilə evlənib ailə qurmuşdur. xx.xx.1982-ci il tarixdə X1 olmuşdur. X5 anadan gəlmə nitq pozğunluğu və əqil zəifliyindən əziyyət çəkməklə xəstə olmuşdur. O uşaq vaxtlarından xəstəliyi ilə əlaqədar xəstəxanada qeydiyyatda olmuş və müalicə almışdır. Anadangəlmə xəstəlik qüsurları ilə doğulmuş övladı ümumiyyətlə məktəbə getməmiş, hər hansı formada oxumaq və öyrənmək qabiliyyətinə malik olmadığından ən adi savaddan, yazıb-oxumaqdan məhrumdur. Xəstəxanada qeydiyyatdadır. Xəstəliyi ilə əlaqədar həkim əmək-ekspert komissiyasından keçirilmiş və ona uşaqlıqdan yaranmış (İİ qrup) əlillik müəyyən edilmişdir. X1 anadangəlmə xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Qızı xəstə olduğu üçün dövlətdən müddətsiz sosial müavinət alır. Qızı xəstə olduğu üçün hal-hazırda özünə aid sənədlərinə imza edə bilmir. O, xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Uşaqlıqdan faktiki olaraq xüsusilə özü baxır və onun üzərində faktiki qəyyumluğu bir ana kimi özü həyata keçirir. Hazırda övladının üzərində qəyyum təyin edilməsi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəməpsixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən məhkəmədən, xx.xx.1982-ci ildə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində doğulmuş övladım X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Ağdaş rayon İcra hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X9 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işin materiallarında olan Ağdaş rayon X6 Hüquqi Şəxsi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli № 18-1-22/2-M-xx-xx/2025 saylı arayışından görünür ki, Ərizəçi övladı xx.xx.1982-ci il təvəllüdlü X2 rayon X6 hüquqi şəxsin poliklinika şöbəsində “Orta dərəcəli əqli gerilik. Nitq qüsuru” diaqnozu ilə dispanser qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Nemətabad kəndi soveti tərəfindən verilmiş İİİ-JQ № 404338 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə Ağdaş rayon Yuxarı Nemətabad kəndində anadan olmuş, atası X8, anası isə Ərizəçidır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2025-ci il tarixli, 30 saylı rəyindən görünür ki, X5 hazırki ekspertiza zamanı ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ İLƏ XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında deyildir. X5 hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab olunmalıdır. Beləliklə, məhkəmədə iclasında müəyyən olundu ki, X5 xəstə olmuş, İİ dərəcəli əlildir, Ağdaş rayon X6 hüquqi şəxsin poliklinika şöbəsində “Orta dərəcəli əqli gerilik. Nitq qüsuru” diaqnozu ilə dispanser qeydiyyatdadır. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və 07 iyul 1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilsin. 07 iyul 1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar