Məhkəmə qərarları › İş №2(014)-1826/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1826/2025

03.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1826/2025 03.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı əsassız hespablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Hüşün kəndində yaşayır. Bir oğlu işıq vurmasından ölmüş, digər oğlu isə əlildir. Yaşadığı kənddə ona məxsus fərdi yaşayış evinə "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən sayğac vasitəsi ilə işıq verilir. Belə ki, "xxxx" Açıq Səhimdan Cəmiyyəti məhkəməyə müraciət edərək ondan 933,05 manat pul tələb etmiş, məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cəmi 190,33 manat pulun ondan tutulması təmin edilmiş, iddia tələbinin 742,72 manat hissədə əsassız olduğundan rədd edilmişdir. Hazırda "xxxx" Açıq Səhimdan Cəmiyyəti həmin təmin edilməyən borcu ondan tələb edir. Hesab edir ki, hesablanmış borc əsassızdır və silinməlidir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, əsassız olaraq ona borc hesablanmışdır. Buna görə də həmin borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi Azər Əliyev ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı qarşı 933,05 manat borc tələbinə dair iddia qaldırılmış, Ağdaş Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə 742.72 manat borcun silinməsi, qalan 190,33 manat borcun, eyni zamanda 10 manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" Açıq Səhimdar Cəmiyyətinə ödənilməsi qətt edilmişdir. Ərizəni nəzərə alıb iddia tələbinə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Məhkəməsinin 2(014)-870/2021 saylı, 29 aprel 2021-ci il nömrəli qətnaməsi üzrə hakimin mövqeyindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən elektrik enerjisinin istehlak edilməsi ilə əlaqədar 933,05 manat pul tələb olunsa da, həmin məbləğin yalnız 190,33 manatı məhkəməyə iddia verilənədək son üç il ərzində yaranmışdır. Ağdaş Rayon Məhkəməsinin 2(014)-870/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 190,33 manat borc və 10 manat dövlət rüsumunun əvəzi, cəmi 200,33 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qətt edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-870/2021 saylı, 29 aprel 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilməsi, cavabdeh İddiaçı 190,33 manat borc və 10 manat dövlət rüsumunun əvəzi, cəmi 200,33 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 5/157559/2021 saylı, 29 aprel 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov tərəfindən Ağdaş Rayon Məhkəməsinin 2(014)- 870/2021 saylı, 29 aprel 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata bağlamaq haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisinin istehlak edilməsi ilə əlaqədar İddiaçı 933,05 manat pul tutulmasını tələb edib. Ağdaş Rayon Məhkəməsinin 2(014)-870/2021 saylı, 29 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi iddiaçı tərəfindən cavabdehdən elektrik enerjisinin istehlak edilməsi ilə əlaqədar 933,05 manat pul tələb olunmasına dair hissədə həmin borcun yalnız 190,33 manatı məhkəməyə iddia verilənədək son üç il ərzində yarandığından iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 190,33 manat borc və 10 manat dövlət rüsumunun əvəzi, cəmi 200,33 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qətt edilmişdir. "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən iddianın təmin edilməyən hissənin İddiaçı məxsus sayğacın abanent kodundan silmədiyindən iddiaçı Ağdaş Rayon Məhkəməsinin 2(014)-870/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməyən 742,72 manat borcun silinməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu maddənin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Eləcə də, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, hər iki tərəfin iştirakı ilə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə abonentin 742,72 manat borc hissəsin üç illlik iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Lakin 2(014)-870/2021 saylı iş üzrə İddiaçı olmadığından, eyni zamanda onun tərəfindən həmin iş üzrə qarşılıqlı iddia verilmədiyindən həmin təmin edilməyən borcun silinməsi qətt edilməmiş, həmin borc abonentin hesabından qalmış, "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən silinməmişdir. Hazırda iddiaçı həmin borcun onun abnent kodundan silinməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində olan **********00228 saylı abonent hesabına hesablanmış 742,72 (yeddi yüz qırx iki manat, yetmiş iki qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində olan **********00228 saylı abonentə hesabına hesablanmış 742,72 manat (yeddi yüz qırx iki manat, yetmiş iki qəpik) məbləğində borc silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar