Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1860/2021 25.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 15 dekabr 2019-cu il tarixdə Cavabdeh1 ilə Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Toylarından sonra o, cavabdehlərin razılığı ilə qeyd-şərtsiz Cavabdeh1 xüsusi mülkiyyətində olan, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 16 saylı binanın 14 nömrəli mənzilinə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını həmin mənzilə yerləşdirməklə cavabdehlərlə birlikdə həmin mənzildə yaşamaqla mənzili birgə idarə etmişdir. Mənzil əri olan Cavabdeh1 xüsusi mülkiyyətində olduğuna görə onunla aralarında nikah müqaviləsi bağlanmamışdır. Mübahisə predmeti olan mənzil 14 noyabr 2019-cu il tarixdə Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notaiat ofisində xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində 106 nömrəli kitabın 41 nömrəli vərəqində Cavabdeh1 adına qeydə alınmış və bu barədə adına 14 noyabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlərin hər ikisinin razılığı ilə o, 2020-ci ilin fevral ayında mübahisəli mənzilə pasport qeydiyyatına alınmışdır. Onun əri olan Cavabdeh1 ilə aralarında rəsmi nikahları olduğuna, şəxsən onun və onunla birlikdə yaşayan digər cavabdehin qeyd-şərtsiz razılığı ilə həmin evə gəlin köçüb onlarla birlikdə yaşadığına və həmin mənzilə mülkiyyətçinin razılığı ilə pasport qeydiyyatına alındığına görə həmin mənzildən istifadə hüququ qazanmışdır. Cavabdeh1 ilə ilə son vaxtlar ailə münasibətlərində müəyyən soyuq münasibət yaransa da, o, bunlara ciddi yanaşmırdı və hesab edirmiş ki, təzə qurulmuş ailələrdə belə hallar baş verə bilər. Əri olan Cavabdeh1 hüquq mühafizə orqanlarında xidmət keçir. 2021-ci ilin iyul ayının əvvəllərində Cavabdeh1 hüquq mühafizə orqanında işlədiyindən onun Ağdaş şəhərində qeydiyyatda olmaqla yaşadığı evin və mübahisə predmeti olan mənzilin onun xüsusi mülkiyyətində olmasının onun xidməti sahəsində müəyyən problemlər yarada biləcəyini əsas göstərərək gəlin köçüb yaşadığı, qeydiyyatda olduğu və istifadə hüququ qazandığı mənzili formal olaraq anası olan digər Cavabdeh2 rəsmi qaydada bağışlamaq istədiyini, mənzili anasına bağışlayandan sonra da onların həmin mənzildə yaşayacaqlarını ona bildirmişdir. Onun səmimiyyətinə inanaraq buna razılığını bildirmişdir. Cavabdeh1 mənzilin bağışlanması ilə əlaqədar tələb olunan sənədləri əldə etdikdən sonra onlar hər üçü müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə getmişlər. Orada o, əri Cavabdeh1 xüsusi mülkiyyətində olan mənzilin ailə üzvləri olan Cavabdeh2 bağışlanmasına etiraz etməməyi barədə ərizəyə imza etmişdir. Mənzil Cavabdeh1 tərəfindən digər Cavabdeh2 bağışlanan günün sabahı Cavabdeh1 ilə aralarında olan ər-arvad münasibətlərinin kəsildiyini, onunla boşanmaq istəməsini bildirərək, digər cavabdehlə birlikdə onu həmin mənzildən məcburi çıxarmışlar. Bütün bunlardan sonra o, başa düşmüşdür ki, cavabdehlər onu boşamaq istədiklərinə, lakin mənzil əri Cavabdeh1 adına olduğuna, əgər onlar onu boşayarlarsa, həmin mənzildən onun istifadə hüququnun saxlandığını, bunun da onlara sərf etmədiyini bildiklərindən onu aldatmaqla həmin mənzili onun razılığı ilə əri tərəfindən Cavabdeh2 bağışlamaqla onu boşadıqdan sonra həmin evdən istifadə hüququna xitam veriləcəyini planlaşdırmışlar. Əri olan Cavabdeh1 onu boşamağı digər cavabdehlə birlikdə planlaşdırıblar və onun əri, eləcə də qayınanası olan digər cavabdehə olan etibarından sui-istifadə edərək və onu aldadaraq istifadə hüququ qazandığı mənzili biri digərinə bağışlamışdır. Bağışlama müqaviləsindən sonra çox güman ki, Cavabdeh2 öz adına qeydə aldırmış və Cavabdeh1 ilə aralarında qeyd edilmiş nikah pozulduqdan sonra o, Cavabdeh2 münasibətdə onun ailə üzvü hesab edilməyəcəyi və onun tələbi ilə onun həmin mənzildən istifadə hüququna xitam verilməklə və o, həmin mənzildən qeydiyyatdan çıxarılmaqla istifadə hüquqlarını itirəcəkdir. Bütün bunları o, qabaqcadan bilsəydi, həmin müqavilənin bağlanmasına rəsmi razılığını bildirməzdi. O, sadəcə cavabdehlərin səmimiyyətinə inandığından, ailələrinin daha da möhkəmlənməsi məqsədi ilə əgər razılıq verməsə, ailələrinin dağılacağından qorxaraq həmin müqavilənin bağlanmasına etiraz etməmişdir. Lakin göründüyü kimi o, mənzildən istifadəçi kimi cavabdehlərin əvvəlcədən planlaşdırılaraq onun onlara etibarından sui-istifadə edərək aldatması və sonradan mənzildən çıxarmaları nəticəsində həmin mənzildə yaşamağından və istifadə hüququndan məhrum olunmuşdur. Ona görə də hesab edir ki, mübahisə predmeti olan mənzilin bağışlanması müqaviləsi etibardan sui-istifadə, aldatma, qabaqcadan planlaşdırma və digər tərəfin zənginləşdirilməsi məqsədi ilə bağlandığından həmin müqavilə əhəmiyyətsiz və etibarsız müqavilədir və həmin müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi X9 məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Sabirli X4 şəhəri, X15 küçəsi, ev 16, mənzil 14 ünvanında yerləşən, ümumi sahəsi 52,5 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam 52,5 kv.m hissəsini anası Cavabdeh2 hədiyyə vermişdir. İşin materiallarında olan Mingəçevir şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 23 may 1992-ci il tarixli, XVİ-JQ seriyalı, №430474 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X2, anası isə Cavabdeh2dır. İşin materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 14.11.2019-cu il tarixli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, X15 küçəsi, bina 16, mənzil 14 ünvanında yerləşən, ümumi sahəsi 52,5 kv.m olan mənzil Cavabdeh1 xüsusi mülkiyyətindıdir. İşin materiallarında olan 05.07.2021-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllədlü Cavabdeh2, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı, 24.01.1991-ci il təvəllüdlü X7, 05.06.1995-ci il təvəllüdlü X1 şəhəri, X15 küçəsi, bina 16, mənzil 14 ünvanında qeydiyyatdadırlar. İşin materiallarında olan 05.07.2021-ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyat olan şəxslərə dair məlumatlardan çıxarışdan görünür ki, Sabirli X5 şəhəri, X15 küçəsi, bina 16, mənzil 14 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan İddiaçı Notariat ofisində verdiyi ərizədən görünür ki, İddiaçı əri Cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, X15 küçəsi, bina 16, mənzil 14 ünvanında yerləşən ümumi sahəsi 52,5 kv.m olan mənzilin bağışlanmasına razılıq vermişdir. Beləliklə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.11.2019-cu il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində Mingəçevir şəhəri, X15 küçəsi, bina 16, mənzil 14 ünvanında yerləşən mənzil olmuşdur. Cavabdeh1 iddiaçı ilə 15.12.2019-cu il tarixdə nikaha daxil olmuşdur. Cavabdeh1 mülkiyyətində olan qeyd olunan mənzili 05.07.2021-ci il tarixdə anası Cavabdeh2 bağışlamışdır. Həmin mənzil bağışlanarkən İddiaçı da buna etirazının olmamasına dair ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə, gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı hesab edilir. Göründüyü kimi qanunvericilikdə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş hər hansı bir əsas hazırda mövcud deyil. Hətta İddiaçı mübahisələndirilən bağışlanma müqaviləsi zamanı razılığının tələb olunmamasına baxmayaraq, o, özü notariat ofisinə ərizə ilə müraciət edərək bağışlama müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1860/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1860/2021
25.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver