Məhkəmə qərarları › İş №2(014)-1913/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1913/2021

21.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1913/2021 21.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «X1yə görə qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC işıq enerjisindən istifadə qaydalarının pozulması barədə əsassız hesablanmış və onun abonent koduna vurulmuş 1336.75 manat borcunun və yeni qoyulmuş sayğaca görə əlavə məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20.04.2021-ci il tarixindən istehlakçının hüquqları cavabdeh "xxxx" ASC Ağdaş rayon xidmət sahəsinin əməkdaşları tərəfindən pozulmuşdur. Ailə üzvləri beş nəfər olmaqla yuxarıda qeyd etdiyi ünvanda özünə məxsus yaşayış evləri var və qeyd edilən ünvanda yaşayırlar. 01.01.1988-ci il tarixindən ailəliklə "xxxx" ASC tərəfindən verilən işıqdan- cərəyandan istifadə edir. Cavabdeh orqan "xxxx" ASC-lə aralarında bağlanmış müqaviləyə əsasən işıqla-enerjiylə təmin edilməsi, ondan istifadə, istismar və ödəmə qaydaları haqqında(əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən işıqla təmin edilmişdir. Sərf etdiyi işığa görə nəzarətçi tərəfindən verilən qəbzə əsaslanıb poçt vasitəsi ilə ödəniş etmişdir. İşığın-enerjinin istifadə edilmə qaydalarını pozmamış və həmişə işıq-enerji pulunu vaxtı-vaxtında ödəmişdir. İşığın xəttini pozmaq pulunu ödəməmək və ya başqa nöqsan barəsində ona cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməyib. Cərayana qoşulmaq təhlükəsi olduqca qorxulu olduğundan onun cərəyana müdaxilə etməsi mümkünsüzdür. Haqsız yerə protokol tərtib edərək sadə insanları talamaq məqsədiylə edilən hərəkətlərə Məhkəmə tərəfindən son qoyulmasını xahiş edir. Aşkar edilən üsulla vətəndaşı tanımadan,onun həyətində olmadan, onun səhvini tutmadan İnzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs onu və başqalarını talamaqla məşğuldurlar. Belə hesab edir ki, qeyd etdiyi faktlar məhkəmə iclas zalında ədalət naminə araşdırılmalı və sakit insanların hesabına yaşayan ” "xxxx" ASC” əməkdaşlarının qeyri qanuni hərəkətlərinə son qoyulmalıdır. Hadisənin olmamasını bilən tərəfindən İnzibati xəta haqqında tərtib edilən protokolun məhkəmənin Hakimi tərəfindən ləğv edilməsini əsaslı görür. Yəni o cərayan xəttinə qeyri qanuni yolla qoşulmamışdır. "xxxx" ASC Ağdaş rayon xidmət sahəsinin əməkdaşları onun istehlakçı kimi nöqsanı olmasını qeyd etməyib. "xxxx" ASC Ağdaş rayon xidmət sahəsinin əməkdaşı sayğacı söküb, sayğacda hansısa nöqsanın olub olmasını və yaranmasını ona göstərə bilməyib. Qeyd olunan cəriməylə bağlı fakt aşkar olunmayıbsa və ona xəbərdarlıq təqdim edilməyibsə onun istehlakçı kimi fərdi yaşayış hüququ bərpa olunmalıdır. Qanuni və hüquqi haqqı təmin olunmalıdır. Hesab edir ki, onun "xxxx" ASC Ağdaş xidmət sahəsinə olan tələbi bərabərlik əsasında həyata keçirilməli və məhkəmə qətnaməsi ilə təmin olunmalıdır. Ona görə ki, ailəsi, istehlakçı və pensioner kimi hüququnu, körpə uşağın marağını Dövlətimiz Qanunlarımıza əsaslanaraq qorumalıdır. Göründüyü kimi cavabdeh "xxxx" ASC Ağdaş xidmət sahəsinin əməkdaşı Onlara verilmiş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd etdiyi qanun pozuntularını onların üzərində tətbiq etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, adı gedən idarənin özbaşınalığının bu gün qurbanı ailəliklə birlikdə olmuşlar. "xxxx" ASC özbaşına, qanunu saymadan ona qarşı gecə saatlarında hamının evdə olan vaxtı akt tərtib edib. Akt tərtib edən zaman 10-15 metrlik məsafədən, yəni onları evdən çağırmayıb. Əfsanə faktlarla aktı tərtib edən əməkdaşın vicdan nə olmasını düşünməyib. Yalan və uydurmayla yazılan aktın hüququ əsası yoxdur. İşıq cərayanının keçən hissəsində sayğacın quraşdırıldığı yerə gələn "xxxx" ASC Ağdaş rayon xidmət sahəsinin əməkdaşları özlərindən başqa, ya ev sahibəsini yada ki, hal şahidi kimi heç kimi çağırmamış özbaşına qərar qəbul edib akt tərtib etmişdir. Onların qeyri qanuni hərəkəti həm aktda həm də sonralar ona verdikləri şifahi cavablarda öz əksini tapmışdır. Yəni 20.04.2021-ci il tarixli R № 218766 saylı aktda qeyd edilib ki, guya “X7 X8”. Həmən akt qanunsuz tərtib edilmiş, nəticədə istehlakçı kimi qanunla qorunan hüquqlarını cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Ona və ailəsinə qarşı hazırda iftira edilir. Belə ki, qanunvericiliyin tələblərinə görə həmən sayğac sökülərkən və akt tərtib edilərkən o, ailə üzvüləri və hal şahidləri iştirak etməmişlər. Bildirir ki, "xxxx" ASC Ağdaş rayon xidmət sahəsinin əməkdaşları yaşayış evi üçün qoyulmuş (sayğac həyətində yox, həyətdən kənarda qurraşdırılmışdır) işıq sayğacına baxış keçirmiş və işıq sayğacının çıxarılması, qurraşdırılması və istismara qəbulu haqqında akt, yəni R № 218766 saylı akt tərtib edilmişdir. Yoxlamadan sonra ona bildirmişdilər ki, guya onun "xxxx" ASC-yə borcu var və o qeyri qanuni yolla cərayana qoşulmuşdur. Bunu təsdiq edən fakt guya ki, var, amma ona və ya ailə üzvlərinə göstərilməyib. Qanunun tələbinə əsas gətirib bildirmək istəyir ki, belə hal, yəni cərayana qoşulma faktı müəyyən edilmişsə, onda onlara göstərilməli və sübut kimi onların iştirakı ilə çəkiliş aparılmalıydı. Nədənsə protokolu tərtib edən vəzifəli şəxs bunu edə bilməyib. Cavabdeh "xxxx" ASC olan bölmələrdən ona məktub ünvanlanmayıb lakin, yeni sayğac, yəni SMART adlı sayqac qurraşdırılıb. Cavabdeh "xxxx" ASC- ə müraciət edib onlara qarşı əsassız yazılmış aktların və protokolların əslini rəsmi qaydada istəməyinə baxmayaraq adı gedən idarə sənədləri onlara verilməmişdir. Belə hesab edir ki, sənədlərin əslini cavabdehdən alınması qanuna uyğun olar və adı gedən idarədən sənədlərin alınmasını vacib sayır. Cavabdeh "xxxx" ASC Ağdaş xidmət sahəsinin əməkdaşnın ona vermiş olduğu HESAB-BİLDİRİŞ-ə yəni № **********00272 saylı qəbzinə əsasən 1336.75 (bir min üç yüz otuz altı manat 75 qəpik) manat (cərimə) borcu olduğunu bildirmişlər. Lakin onların borcu ola bilməz, ona görə ki, istifadə etdiyi cərəyanla bağlı vaxtı vaxtında ödəniş etmişdir. Kasıbçılıq səbəbindən bir az borcu olmuşdur. Hesab edir ki, nəticədə istehlakçı kimi qanunla qorunan hüquqları cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Ona və ailəsinə qarşı hazırda iftira edilir. Belə ki, qanunvericiliyin tələblərinə görə həmin sayğac sökülərkən o və hal şahidləri iştirak etməmişlər. Göründüyü kimi cavabdeh "xxxx" ASC Ağdaş xidmət sahəsinin əməkdaşı onlara verilmiş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd etdiyi qanun pozuntularını onların üzərində tətbiq etməklə onları təqsirli sayır. Borcundan əlavə pul məbləğini cərimə qismində tələb edir. Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən Dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmən qanunun 18-ci maddəsinin 2-ci bəndinə görə istehlakçıların hüquqlarının Dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulmuş malların, işlərin, xidmətlərin keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq Dövlət orqanları və Məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Göründüyü kimi cavabdeh, Azərişıq” ASC Ağdaş xidmət sahəsi Dövlət orqanı olmaqla istehlakçı kimi qanunla qorunan hüquqlarını qorumaq əvəzinə ona qarşı haqsızlıq etməklə və qanunla qorunan hüquqlarını özü pozmaqla qanunvericiliyin tələblərinə riayət etməmişdir yəni pozmuşdur. İddiaçı məhkəmə iclasında iddianı tələbinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həqiqətən onun tərəfindən qanunsuz xətdən istifadə edilmiş, onu bu hərəkəti etməsinə vadar edən səbəb maddi imkansızlığı olmuşdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasına etiraz ərizəsi ünvanlayaraq, İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti işıq-enerjidən istifadə qaydalarının pozulması barədə əsassız hesablanmış və onun abonent koduna vurulmuş 1336.75 manat (cərimə) borcunun və yeni qoyulmuş sayğaca görə əlavə məbləğin silinməsi tələbinə dair” iddiasının əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Ağdaş rayonu, Ləki Qəsəbəsində yaşayan İddiaçı cavabdeh orqan "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" ASC) "xxxx" ASC işıq-enerjidən istifadə qaydalarının pozulması barədə əsassız hesablanmış və onun abonent koduna vurulmuş yəni itirilmiş enerjinin dəyəri xidmət sahəsinin əməkdaşının onlara vermiş olduöu Hesab-Bildirişə yəni kod № **********00272 saylı qəbzinə əsasən onların 1336.75 manat (cərimə) borcunun və yeni qoyulmuş sayğaca görə əlavə məbləğin silinməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, 20 aprel 2021-ci ii tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Ağdaş EŞ-nin aparıcı mühəndisi Şıxıyev. S, mühəndis Gözəlov.İ və elektrik montyoru Məmmədov.E tərəfindən rayonun Ləki qəsəbəsində yaşayan elektrik enerjisi istehlakçıları (Məişət abonentləri) tərəfindən “EEİQ” ya riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə keçirilən reyd zamanı zəhər saat 06:30 radələrində İddiaçı da yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı iddiaçının yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının küçədə quraşdırıldığı, yaşayış evində elektrik enerjisindən elektrik sayğacının dövriyyədən çıxararaq “Kənar Xətt” vasitəsi ilə istifadə edilməsi faktı aşkar edilmişdir. Axan enerjinin yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçüldükdə yükün 1.7 Kvt təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın tələblərinə uyğun olaraq 20.04.2021-ci il tarixli AKT R № 218766 saylı Akt tərtib edilmişdir. Aktda “Kənar xətdən” keçən enerjinin yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” vasitəsilə ölçülərək yükün 1.7 kvt təşkil etməsi barədə qeydiyyat aparılmışdır. Aktın tələb hissəsində “kənar xətt” sökülərək ləğv olundu qeydiyyatı aparılmışdır. Aktın tərtibatından iddiaçının nümayəndəsi(oğlu) X3 şəxsən iştirak etmiş və enerjitəchizatı müəssisəsinin əməkdaşları ilə birlikdə akta imza etmişdir. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən iddiaçı barəsində tərtib edilmiş 20.04.2021-ci il tarixli Akt R № ******* saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 360 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 987.02 manat təşkil edən 10282 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır. P=1.7kvt, W=1.7 kvt x 24 s x 365 g x 0,7=6502kvts, 3600 kvts x 0,07 =252 man, 6682 kvts x 0,11=735.02 man Cəmi:252 man + 735.02 man = 987.02 man. Bildirir ki, İddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında hesabat aparılarkən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir qanunazidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Belə ki, “EEİQ”-nın“ 8.32-ci bəndində "Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır’-göstərilmışdir. İddiaçı yaşadığı evdə elektrik enerjisindən “Kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Göstərilənlərə əsasən İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin etirazını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 20.04.2021-ci il tarixli R 218766 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00272) X1 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, abonent sayğacın giriş xəttini yaralayaraq və sayğacı dövriyyədən çıxararaq sayğacdan kənar xətt vasitəsilə X1 etdiyi aşkar edilmiş, bununla əlaqədar 20.04.2021-ci il tarixli R 218766 saylı akt tərtib edilmişdir. İş materiallarında olan İcra Vərəqindən görünür ki, 360 gün müddətinə 10282kvt saat miqdarında itirilmiş elektrik enerjisi dəyəri 987.02 manat müəyyən edilmişdir. İş materiallarında olan abunə kodu **********00272 olan abunə haqqında sənəddən görünür ki, 20.04.2021-ci il tarixli R 218766 saylı akta əsasən İddiaçı 360 gün müddəti üçün 987.02 manat əlavə ödəniş hesablanmışdır. İş materiallarında olan abunə cədvəlindən görünür ki, iddiaçıya 04.10.2015-ci il tarixə 624.82 AZN məbləğində debitor borcu hesablanmışdır. Eyni zamanda iş materiallarında olan yuxarıda qeyd edilən abunə cədvəlindən yenə də görünür ki, 15.12.2019-09.12.2020-ci il tarixinədək sayğacın göstəricisi dəyişməz olaraq qalmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, 20.04.2021-ci il tarixli R 218766 saylı akta əsasən İddiaçı 360 gün müddəti üçün 987.02 manat ödəniş hesablanmışdır. Məhkəmə iclasında da iddiaçı qanunsuz xətdən istifadə etdiyini etiraf etmiş, maddi imkanı aşağı olduğuna görə bu cür üsula əl atdığını bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X1 qaydalarının pozulması ilə bağlı tərtib edilmiş 20.04.2021-ci il tarixli R 218766 saylı akt və onun əsasında hesablanmış 987.02 AZN borcla bağlı cavabdehin mövqeyi və qənaəti düzgündür. Bundan əlavə 04 oktyabr 2015-ci il tarixə iddiaçıya 624.82 manat debitor borcu hesablanmışdır. İddiaçının sayğacdan istifadə ilə əlaqədar həyata keçirdiyi ödənişlər hesabına həmin borcun 286.70 manat hissəsinə müxtəlif vaxtlarda silinmələr həyata keçirilmiş, iddia qaldırılan tarixə 04 oktyabr 2015-ci il tarixə aid olan debitor borcundan 338.12 manat hissə qalmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh 5 il ərzində həmin pulu iddiaçıdan tələb etmədiyindən, 338.12 manat borc iddiaçının abonent kodundan silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 8.32-ci bəndinin tələblərinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aparılır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsinin məhkəmələr həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. «X1 Qaydaları»na görə yenidən hesablaşma istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 338.12 manat borc iddiaçının abonent kodundan silinməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı abonent koduna vurulmuş 338.12 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar