Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1917/2021 21.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəvi olaraq birgə Ağdaş rayonunun Pirəyir kəndi ərazisində yaşayır. Cavabdeh olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış elektrik enerjisi ilə təmin edilmə, ondan istifadə və ödəniş qaydaları haqqında əhali üçün müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən elektrik enerjisi ilə təmin edilmişdir. Elektrik enerjisinə görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtı-vaxtında poçtla ödəmişdir. 2018-ci ildən Ağdaş işıq idarəsi tərəfindən onu, qonşuları Hüseynov Zeynalabdinin, Hüseynov Elxanın, Hüseynov Pöhrüzün və Umud kişinin işığının verilməsi işıq idarəsi tərəfindən dayandırılmışdır və işıq idarəsi onların qalıq borcları olduğunu bildirmişdir. Onlar hamılıqla qalıq borclarını ödədikdən sonra işıqlarını bərpa etmişlər. Onların borcu qalmamışdır. Onun adına məxsus olan elektrik enerji sayğacı yaşadığı evin qapısındakı elektrik dayağında yox, asfaltın digər tərəfində, avtomobil yolunun kənarındakı elektrik dayağında quraşdırılmışdır. O, buna cavabdeh ola bilməz. Həmin yoldan keçən maşın və qoşquların ot yükləri işıq naqillərinə ilişib, qırıb yerə tökür. Buna görə də adlarını göstərdiyi qonşularla üz-göz olmuşdur. Həmin naqilləri sürücülər ot yükünün üstünə çıxıb naqilləri bağlamışlar. Buna qonşular şahiddirlər. Onun borcu yoxdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 07 iyul 2021-ci il tarixdə qərəzli olaraq qanunsuz cərimə yazmaq niyyəti ilə avtomobil yolunun kənarında quraşdırılmış elektrik enerjisi sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğacda heç bir problem tapılmamış, bu səbəbdən sayğacdan kənar xətt iddiası ilə qanunsuz protokol tərtib etmişlər. Bundan sonra guya sayğacdan kənar işıqdan istifadə etdiyinə görə qanunsuz protokol əsasında ona külli miqdarda cərimə hesablanmışdır. Bundan əlavə 2015-2021-ci il üçün abonent kimi onlara təqdim edilmiş X2 aldığı saldonun surətindən görünür ki, həmin protokol əsasında onun abonent koduna 1298,88 manat cərimə borcu hesablanmışdır. Çox təkiddən sonra əldə edə bildiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 təqdim etdiyi 228495 saylı aktla tanış olduqda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının qanunsuzluqlara yol verdikləri müəyyən olunmuşdur. Onun evinə quraşdırılmış sayğac və evin istiqamətinə gələn elektrik xətti və elektrik naqilləri avtomobil yolunun kənarında yerləşir. Avtomobil yolunun kənarında yerləşdiyi üçün sayğacın elektrik xəttinin və elektrik naqillərinin heç bir halda kənar qüvvələr tərəfindən təsirə məruz qalmayacağına cavabdeh ola bilməz. Həmçinin, cərimə borcundan əlavə X7 tərəfindən ona heç bir borcun olmadığı halda 1591,52 manat sayğac borcu yazılmışdır. Qeyd olunan borc məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X7 tərəfindən verilmiş abunə haqqında arayışda onun 1591,52 manat sayğac borcu göstərilmişdir. Həmçinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X7 tərəfindən verilmiş abonent saldosunda isə 2021-ci ilin iyul ayınadək 36,64 manat borc göstərilmişdir. Halbuki, o, bildirişdə təqdim olunmuş borcunu vaxtı-vatında ödəmiş və borcu olmamışdır. X7 tərəfindən verilmiş 2 ayrı sənəddə onun borcu ayrı-ayrı rəqəmlərlə göstərilmişdir. Bu da X4 əməkdaşlarının saxtakarlığının bariz nümunəsidir. Bundan əlavə aktda elektrik xəttinə və naqillərə heç bir zaman müdaxilə etmədiyi halda qanunsuz kənar xətt iddiası ilə elektrik enerjisinin sərfiyyatı onun sərfiyyatı olaraq hesablanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilkin olaraq inzibati araşdırma aparmalı, elektrik xəttinə və ya naqillərə müdaxilənin və ya qayda pozuntusunun kimin tərəfindən törədildiyini müəyyən etməli və İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə əsasən (təbii qazın elektrik və ya istilik enejisinin talanması və onlardan istifadə qaydalarının pozulması) haqqında protokol tərtib etməlidirlər. Cavabdeh orqan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunsuz aktların tələblərini və eləcə də istehlakçı kimi onun qanunla qorunan hüqüqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 əməkdaşları heç bir hüquqa və qanuna əsaslanmadan qanunsuz aktlar tərtib edərək hesablamalar aparır. Həmin qanunsuz hesablanmış borclar vasitəsi ilə də öz nöqsanları ucbatından dəymiş ziyanı əhaliyə ödətdirməyə çalışırlar. Göstərilənlərə əsasən "xxxx" ASC-nin X7 tərəfindən tərtib edilmiş 228495 saylı akt əsasında abonent koduna qeyd edilmiş qanunsuz hesablanmış 1298,88 manat cərimə borcunun ödənildiyi halda ödənilməmiş göstərilən 1591,52 manat sayğac borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə etiraz təqdim edərək, iddia əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 satış rəisi vəzifəsində işləyir. Sayğaca baxış zamanı İddiaçı sayğacdan kənar işıqdan istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Laçın Yusifov ifadə verərək göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 balans üzrə mühəndis vəzifəsində işləyir. Sayğaca baxış zamanı İddiaçı sayğacdan kənar işıqdan istifadə etdiyi müəyyən edilmişdir. İşin materiallarında olan "xxxx" ASC-nin 07 iyul 2021-ci il tarixli, 228495 saylı aktdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman akt tərtib edilmiş, həmin aktı hər 3-ü "xxxx" ASC-nin əməkdaşı olmaqla cəmi 3 nəfər imzalamışdır. Aktın hal şahidi qrafasında imzalayan İslam Hacıyev "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 elektrik satış şöbəsinin rəisi vəzifəsində işləyir. Məişət abonentinin əvəzindən imza edən Laçın Yusifov isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 balans üzrə mühəndis vəzifəsində işləyir. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilatı tərəfindən verilmiş **********00149 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, abonentə sayğac oxunması üzrə 1298,88 manat, aktlar bölməsi üzrə 1831,76 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 1831,76 manat təşkil edir. İşin materiallarında olan "xxxx" ASC-nin iyul 2021-ci il tarixli, № 228495 saylı icra vərəqəsindən görünür ki, sayğacdan kənar xəttə görə P = 4.5 kVt, W = 4.5 kVt x 24s x 180g x 0.7 = 13608, kVts, 1800 kVts x 0,07 = 126 manat, 11808 kVts x 0,11 = 1298,88 manat, cəmi: 126 manat + 1298,88 manat = 1424,88 manat hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə dair abunə koduna cavabdeh təşkilatı tərəfindən həmin ünvana akt əsasında 1424,88 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərtib edilmiş aktla razı deyil, həmin aktı məhkəmədə mübahisələndirmişdir. İstehlakçı İddiaçı mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman tərtib edilmiş həmin aktı hər 3-ü "xxxx" ASC-nin əməkdaşı olmaqla cəmi 3 nəfər imzalamışdır. Aktın hal şahidi qrafasında imzalayan İslam Hacıyev "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 elektrik satış şöbəsinin rəisi vəzifəsində işləyir. Məişət abonentinin əvəzindən imza edən Laçın Yusifov isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 balans üzrə mühəndis vəzifəsində işləyir. Həmçinin, cavabdeh təşkilatın qeyd etdiyi küçədə elektrik dirəyində yerləşən sayğacda aşkar edilmiş kənar xəttin də məhz iddiaçının mənzilinə çəkilməsi işin halları müəyyən edilmir və məhkəmə iclasında təsdiq olunmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qərarın 8.33-cü bəndində təsbit olunmuşdur ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. "xxxx" ASC-nin 07 iyul 2021-ci il tarixli, 228495 saylı aktından görünür ki, hal şahidləri aktı imzalamamışlar. Hal şahidi qrafasında imzası olan İslam Hacıyev isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 elektrik satış şöbəsinin rəisi vəzifəsində işləyir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarında olan 07.07.2021-ci il tarixli aktdan da göründüyü kimi sayğac küçədə (elektrik dayağında) quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıya bilməz. Qeyd olunan akt əsasında İddiaçı abonent hesabına 1424,88 manat borc hesablandığı müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı **********00149 saylı abonent hesabına 07 iyul 2021-ci il tarixli, 228495 saylı akt əsasında hesablanmış 1424,88 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı **********00149 saylı abonent hesabına 07 iyul 2021ci il tarixli, 228495 saylı akt əsasında hesablanmış 1424,88 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1917/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1917/2021
21.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver