Məhkəmə qərarları › İş №2(014)-197/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-197/2023

07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-197/2023 07.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair işə 07 mart 2023-cü il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan "xxxx" ASCnin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli 271949 nömrəli akt əsasən Ağdaş rayon Aşağı Qəsil kəndində yerləşən İddiaçı adına olan abunə koduna əsassız hesablanmış 284.59 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aşağı Qəsil kəndində ona məxsus fərdi yaşayış evi var. Həmin ünvanda yerləşən fərdi yaaşyış evinə "xxxx" ASC tərəfindən Smart tipli sayğac vasitəsi ilə işıq verilir. xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərində olduğu zaman həyətinə mülki geyimli iki nəfər şəxs gələrək sayğaca baxış keçirmək istədiklərini bildirmişlər. Həmin vaxt oğlu Nümayəndə evə gələrək həmin şəxslərdən xidməti vəsiqə tələb etmiş, lakin buna baxmayaraq xidməti vəsiqə və özlərini təqdim etmədən həmin sayğacı açmışlar və səhəri gün yəni xx.xx.2022-ci il tarixdə yeni sayğac gətirərək yenisi ilə əvəz etmişlər. Oğlu Emin bu barədə "xxxx" ASC –nin rəsmi internet səhifəsinə müraciət etdikdən sonra onlara məlum oldu ki, 284.59 manat cərimə yazılmışdır. Həmin cərimənin yazılmasına əsas kimi “elektrik sayğacından sxem arıdıcllığın pozulması” qeyd etmişlər. Şifahi olaraq bildirmişlər ki, sayğacın faza xətti ilə 0 xəttinin yerinin dəyişməsi göstərilmişdir. Qeyd edir ki, onun tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Əgər sayğacın faza xətti ilə 0 xəttinin yerinin dəyişərsə sayğacda olan möhür mütləq şəkildə açılmalıdır. Lakin həmin şəxslər baxış keçirən zaman sayğacda gözlə görünəcək hər hansı bir müdaxilə olunduğu aşkarlanmamışdır. Sayğacın faza xətti ilə 0 xəttinin yerinin dəyişməsi onun günahı üzündən baş verməmişdir. Həmin xətlərin yerinin dəyişdirilməsi yalnız "xxxx" ASC-nin əməkdaşları tərəfində möhür açıqmala həyata keçirlə bilər. Hesab edir ki, xx.xx.2022-ci il tarixli 271949 nömrəli akt əsasında hesablanmış borc əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddiaçı Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən İddiaçı adına olan abunə koduna əsassız hesablanmış 284.59 manat borcun silinməsi tələbinə dair ’’iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İddiaçı iddia tələbini aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir”. Belə ki, 15 noyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans Şöbəsinin rəisi Hacıyev İslam, Baş mühəndis Gözəlov.İ və mühəndis Yusifov Laçın tərəfindən RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən X2 xidmət ərazisinə daxil olan Ağdaş rayonu Aşağı Qəsil kəndində istehlakçılar tərəfindən “EEİQ”-na riayət edilməsi vəziyyəti yoxlanılarkən Ağdaş rayonu Aşağı Qəsil kəndində yaşayan məişət abonenti İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı abonentin fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz sayğacın giriş faza və 0 xətlərinin yerinin dəyişələrək sayğaca faza müdaxiləsi edildiyi aşkar edilmişdir. Aktda “Kənar xətdən” keçən enerjinin yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” vasitəsilə ölçülərək 2.2 kvt təşkil etməsi barədə qeydiyyat aparılmışdır. Sayğacın çıxış faza yaxası ərimişdir. Bu səbəbdən İddiaçı barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq Akt R 271949 saylı akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” Uçot kompaktı qaydad salınsın. Sayğacın yenisi ilə əvəz olunsun” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı akta imza etməkdən imtina etmişdir. Bu barədə aktın müvafiq hissəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə qeydiyyat aparılmışdır. Enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Qüsurlu elektrik hesablama sayğacı xx.xx.2022-ci il tarixdə “pozuntu faktını aşkar etmiş əməkdaşlar tərəfindən “EEİQ”-nın tələblərinə uyğun olaraq qablaşdırılaraq laboratoriya şəraitində yoxlanılması üçün götürülmüşdür. Bu barədə “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 312574 saylı protokol tərtib edilərək Ağdaş EŞ-nin əməkdaşı Abubəkirov və İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdr. Protokolun qeyd hissəsində 271949 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. Çıxarılan sayğacın 120 gün müddətində laboratoriyada yoxlanılmasında abonentin iştirakı tövsiyyə edildi.” qeydiyyatı aparılmışdır. Qüsurli elektrik hesablama sayğacı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nın laboratoruya mərkəzində komissiya tərəfindən yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması” haqqında 312574 saylı protokol tərtib edilmişdir. Aktın yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsində sayğacın çıxış fazası yüklənmədən əriyib. Sayğac istismara yararsız hala düşüb.”qeydiyyatı aparılmışdır. Akt komissiya üzvləri tərəfindən imzalanmışdr. “Cavabdehdə fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfində xx.xx.2022-ci il tarixli 271949 saylı akta və sayğacın labosatoriya şəaritində yoxlanılmaı barədə tərtib edilmiş 312574 saylı protokola əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 120 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 252.49 manat təşkil edən 2218 saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. P=1.1kvt, W=1.1kvt x 120 gün x 24 saat x 0.7 – 2218 kvt s, 397 kvt sx 0.08= 3176 manat, 400 kvt sx 0.09=36 manat, 1421 kvt sm x 0,13=184.73 manat, cəmi 252.49 manat. İddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında hesabat aparılarkən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir qanunazidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. İddiaçı yaşadığı mənzili elektrik enerjisi ilə təchiz edən “elektrik hesablama sayğacına müdaxilə edilməsi nəticəsində sayacın keçən enerjinin miqdarını az qeyd etməsi onun Ağdaş EŞ-nin proqram bazasında qeydiyyatda olan **********8 saylı istehlakçı kodu üzrə istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişi əks etdirən abonə haqqında məlumatdan aydın görünür. Belə ki, onu yaşadığı fərdi yaşayış evini enerji ilə təchjiz edən PAUD MP 106 tipli zavod nömrəsi **********5 olan elektrik sayğacının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi olan dövrdə (4 ay ərzində) dəyəri 62.52 manat təşkil edən 1036 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi və orta aylıq elektrik enerjisinin dəyərinin 15.63 manat təşkil etdiyi halda xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi olan dövrdə dəyəri 216.47 manat təşkil edən 1675 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etməsi və orta aylıq enerji sərfiyyatının dəyərinin 9.41 manat təşkil etməsi elektrik hesablama sayğacına müdaxilə edilməsi nəticəsində sayğacın keçən nerjisinin miqdarını az qeyd etməsinə əyani sübutdur. Buna görə də İddiaçı iddia tələbi əsassızdır və buna görə tamamilə rədd olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yusifov Laçın ifadə verərək bildirdi ki, itki çox olduğundan bütün evlərdəki sayğacları yoxlamışlar. Birinci gün həmin ünvana gedən vaxt qapı bağlı idi. Sonradan yenidən yoxlanış üçün getdikdə 2 qrup getmişdirlər. Lakin onlar başqa yerə getdiklərindən həmin vaxt orada olmamışdır. Akt həmin ünvanda deyil, idarədə tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, akt idarədə tərtib edilmişdir. Həmin vaxt orada olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli R 271949 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - 8128**********8) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, elektrik sayğacından sxem arıdıcllığın pozulması aşkar edilmiş, bununla əlaqədar xx.xx.2022-ci il tarixli R 271949 saylı akt tərtib edilmişdir. İş materiallarında olan “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 312574 saylı protokoldan məlum olur ki, Protokolun qeyd hissəsində 271949 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. Çıxarılan sayğacın 120 gün müddətində laboratoriyada yoxlanılmasında abonentin iştirakı tövsiyyə edildi.” qeydiyyatı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli R 271949 saylı aktdan görünür ki, abonentin sayğacın giriş faza xətti ilə 0 xəttinin yerinin dəyişdirərək sayğaca faza müdaxiləsi etdiyi aşkar olunmuşdur. İş materiallarında olan İcra Vərəqindən görünür ki, 120 gün müddətinə 2218 kvt saat miqdarında itirilmiş elektrik enerjisi dəyəri 252.49 manat müəyyən edilmişdir. İş materiallarında olan abunə kodu 8128**********8 olan abunə haqqında sənəddən görünür ki, xx.xx.2022-ci il tarixli R 271949 saylı akta əsasən İddiaçı 120 gün müddəti üçün 252.49 manat əlavə ödəniş hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2022ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - 8128**********8) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, abonent sayğacın giriş faza və “0” xətlərinin yerini dəyişdirərək sayğaca faza müdaxiləsi etdiyi qeyd edilərək bununla əlaqədar xx.xx.2022-ci il tarixli R 271949 saylı akt tərtib edilmişdir. Akta əsasən iddiaçıya 252.49 manat əlavə ödəniş hesablanmışdır. Məhkəmə iddia tələbinin akta əsasən tətbiq edilən pulun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli R 271949 saylı akta əsasən 252.49 manat borc hesablanmışdır. Akta əsasən iddiaçıya 252.49 manat məbləğində əlavə ödənişin hesablanması iddiaçının istifadə etdiyi elektrik enerjisi ilə müqayisədə çox olmaqla real vəziyyətə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh istifadəçinin sayğacın sxem ardıcıllığının pozulması yolu ilə elektrik enerjisindən qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında cavabdeh itirilmiş elektrik enerjisinin bərpasına görə 252.49 manat məbləğində zərərin yaranmasını bildirsə də, iş üzrə həmin halların məhkəmədə tədqiq olunması zamanı iddiaçının məhz tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. Belə ki, əraziyə baxan cavabdehin işçisi tərəfindən akt tərtib edilənə qədər iddiaçının sayğacına baxış keçirilərkən sayğacda müdaxilə halı müəyyən edilməməklə bu hala dair hər hansı akt və ya xəbərdarlıq edilmədiyindən həmin akt üzrə 120 gün hesabı ilə itirilmiş elektrik enerjisinin dəyəri hesablana və iddiaçıdan qeyd edilən məbləğdə tam tutula bilməz. Azərbaycan Respublikası Respublikasının Mülki Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə itirilmiş elektrik enerjisinin bərpasına dair zərərin hesablanma müddətini 1 ay müəyyən etməklə ortalama 46 manat (P=1.1kvt, W=1.1kvt x 30 gün x 24 saat x 0.7 – 554.4 kvt s, 397 kvt sx 0.08= 31.76 manat, 157.4 kvt sx 0.09=14.166 manat, cəmi 45.926 ) borcun iddiaçıdan alınıb cavabdehə ödənilməsi nəticəsini əsaslı hesab edir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, əlavə ödəniş elektrik enerjisindən istifadə üzrə hesablaşma dövrünə uyğun olaraq hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və iddiaçıya onun istifadə etdiyi elektrik enerjisi üzrə orta aylıq sərfiyyatına uyğun olaraq 46 manat məbləğində əlavə ödəniş hesablanmalı, akta əsasən hesablanmış borcun digər hissəsi – 206.49 manat isə əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yainız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kırni istinad etdiyi halları sübut etrnəlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli R 271949 saylı aktına əsasən İddiaçı hesablanmış 252.49 manat borcun 206.49 manat hissəsi əsassız hesab edilərək iddiaçının 8128**********8 nömrəli abunə hesabından silinməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1000 (min) manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 AZN–dən aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli R 271949 saylı aktına əsasən İddiaçı hesablanmış 252.49 manat borcun 206.49 manat hissəsi əsassız hesab edilərək iddiaçının 8128**********8 nömrəli abunə hesabından silinsin. İddia digər hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 AZN dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar