Məhkəmə qərarları › İş №2(014)-244/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-244/2022

22.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-244/2022 22.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı, eyni zamanda iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 İnqlab qızının nümayəndəsi İddiaçı1 və vəkili X5, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 İnqlab qızının Cavabdeh qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilərək bölünməsi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 İnqlab qızı Cavabdeh qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilərək bölünməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 İnqlab qızı iddialarını onunla əsaslandırmışlar ki, İddiaçı1 12 oktyabr 1971-ci ildə Ağdaş rayonu, Qaradeyin kənd sakini X23 ilə rəsmi nigaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 1972-ci ildə Cavabdeh, 1973-cü ildə Əsədova (hazırda Qocayeva) Şəhla İnqilab qızı, 1974-cü ildə X20, 1975-ci ildə Əsədova (hazırda Xəlilova) Vüsalə İnqilab qızı, 1977-ci ildə X21, 1978-ci ildə İddiaçı4 İnqlab qızı, 1981-ci ildə X24 adlı övladları olmuşdur. 25 oktyabr 2017-ci ildə onun əri ünvan 1 ünvanında öz evində ağ ciyər xəstəliyindən vəfat etmişdir və onun ölümündən sonra ərindən ona və ərizədə göstərilən cavabdehlərə əri ilə onun birgə nikah dövründə əldə edilən Ağdaş şəhəri, H.Əliyev prospekti, dalan 9 ünvanındakı 18 nömrəli evin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 63.7 kv.m, yaşayış sahəsi 39.4 kv.m olan 3 otaqdan ibarət 10 nömrəli mənzil miras qalmışdır. Ərinin vəfatından sonra o, miras əmlakı faktiki qəbul edərək hazırki vaxta kimi onu idarə etmişdir. X3 1978-ci ildə 1 yaşında, X24 1981-ci ildə 6 aylığında, X20 1974-cü ildə 1 aylığında yəni, əri dünyasını dəyişənədək vəfat etdiklərindən Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən onlar ərinin varisi ola bilməzlər. Qeyd edilən fakt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRXİ-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, reyestr nömrəsi **********13-05191-093004, qeydiyyat nömrəsi ********** olan 10864496 nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRXİ-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, 14 sentyabr 2017-ci il tarixli mənzilin Texniki Pasportu və bu iddia ərizəsinə qoşulan digər sənədlərlə təsdiqlənir. Ərinin vəfatından sonra o, mirası faktiki qəbul qəbul edərək hazırki vaxta kimi evi idarə etməyinə baxmayaraq oğlu Cavabdeh bununla barışmayaraq miras əmlakdan pay istədiyindən Ağdaş rayon Notariat Ofisinin notariusu A.Salehov ona məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Odur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirməsinin səbəbini üzürlü sayaraq 2017-ci ildə Ağdaş şəhərində vəfat etmiş X6 miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, dalan 9 ünvanındakı 18 nömrəli evin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 63.7 kv.m, yaşayış sahəsi 39.4 kv.m olan 3 otaqdan ibarət 10 nömrəli mənzilin 1/2 hissəsinin X23 və İddiaçı1 ümumi birgə mülkiyyəti kimi tanınaraq, onun digər 1/2 hissəsində qanun üzrə vərəsələr bu iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 İnqlab qızı və Cavabdeh paylarının müəyyən edilərək bölünməsi (hansı miqdarda pay almalı olduqları) haqqında qətnamə çıxarılması xahiş edilir. İddiaçı, eyni zamanda iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 İnqlab qızının nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddianı qismən müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, qızı İddiaçı4 xəstə olduğu və digər qızı İddiaçı2 əri Rusiyada olduğu üçün onunla yaşayırlar, Cavabdeh isə kirayədə qalır, ona hər ay 100 manat kirayə pulu və əlavə 50 manat verir, qızı İddiaçı3 isə atasının ölümündən əvvəl ailə həyatı quraraq köçüb getmişdir. Buna görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bldirdi ki, 2017-ci ildə atası vəfat etdikdən sonra həmin evdə o, və anası yaşayır, bacıları isə ayrı yaşayırlar. Mirası o, və anası qəbul etmişdir. Buna görə də mirasın onun və anasının arasında bölünməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə şahid X22 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 15 ildİr tərəflərin qonşusudur. Onlar həmin binaya köçəndə həmin mənzildə İnqilab, Sevil, Şəhla və Ramilə yaşayırdı. Ailə qurduqdan sonra da Şəhla və Ramilə həmin mənzildə yaşayırlar, Vüsalə isə Bakı şəhərində yaşayır. İş üzrə şahid X13 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 15 ildən artıqdır ki, İddiaçı1 ilə qonşudur, həmin ünvanda Sevil, əri İnqilab, qızları Şəhla və Ramilə yaşayırlar. 2017-ci ilin oktyabr ayında İnqilab rəhmətə getdiyi zaman Şəhla və Ramilə anası ilə birgə yaşayırdı. Ramilə xəstədir və bir uşağı var. Şəhla isə ailəlidir və 2 uşağı var. Şəhlanın əri Rusiyadadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRXİ-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, reyestr nömrəsi **********13-05191-093004, qeydiyyat nömrəsi ********** olan 10864496 nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRXİ-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, 14 sentyabr 2017-ci il tarixli mənzilin Texniki Pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti, bina 18, mənzil 10, 2-ci giriş qapısı, 2 mərtəbədə yerləşən ümumi sahəsi 63.7 kv.m, yaşayış sahəsi 39.4 kv.m olan 3 otaqdan ibarət mənzil X14 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3-da yerləşən ümumi sahəsi 63.7 kv.m olan mənzil X8 mülkiyyətindədir. Ağdaş rayon Notariat Ofisi tərəfindən İddiaçı1 verilmiş 655 nömrəli, 30 oktyabr 2021ci il tarixli imtina məktubundan görünür ki, İddiaçı1 X23 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 63.7 kv.m olan mənzilindəki paylarına mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini və əri X14 aid hissədən İddiaçı1 çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mirasın bölgüsündə digər vərəsələrlə aralarında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında arayışlardan görünür ki, X23 02.09.1948-ci ildə anadan olmuşdur, xx.xx.1972-ci ildə anadan olmuş Cavabdeh, xx.xx.1973-cü ildə anadan olmuş X15, 31.12.1976-cı ildə anadan olmuş X16, 03.02.1977-ci ildə anadan olmuş X21, xx.xx.1978-ci ildə anadan olmuş İddiaçı4 04.04.1981-ci ildə anadan olmuş X9 atası X23, anası İddiaçı1dır. Nikah haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X23 ilə İddiaçı1 12 oktyabr 1971-ci ildə nikaha daxil olmuşlar, X2 Mənsur Əflatun oğlu ilə 30 mart 1895-ci ildə rəsmi nikaha girmişlər və Qocayev soyadını qəbul etmiş, X1 Elsevər Xəlil oğlu ilə 07 iyun 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla Xəlilova soyadını qəbul etmiş, İddiaçı4 X28 ilə rəsmi nikaha daxil olmaqla Əsədova soyadında qalmışdır. Ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən və ölüm haqqında arayışlardan görünür ki, X23 25.10.2017-ci ildə, X20 27.12.1974-cü ildə, X21 26 iyun 1978-ci ildə, X24 11 noyabr 1981-ci ildə vəfat etmişdir. Ağdaş rayon Qedyiyyat şöbəsi tərəfindən verilmiş 353 nömrəli 05.02.2020-ci il tarixli arayışdan görünür ki, mərhum X8 ailə üzvləri İddiaçı1, İddiaçı2, İddiaçı4 İnqlab qızı, İddiaçı3 və Cavabdeh ibarətdir. Digər uşaqları X20, X21 və X24 vəfat etmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsindən tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, dalan 9, 13 saylı evin 7-ci mənzili order əsasında X14, ailə üzvləri İddiaçı1, Cavabdeh, X15, X11 və İddiaçı4 İnqlab qızına məxsus olmuş, ailə üzvlərinin razılı ilə mənzil X8 adına özəlləşdirilmiş və onun adına RX seriyalı ******* nömrəli çıxarış verilmiş, 30 avqust 2017-ci il tarixli dəyişmə müqaviləsi əsasında həmin mənzil X4 xüsusi mülkiyyətində olan Ağdaş şəhəri, H.Əliyev prospekti, 9-cu dalan, 18 saylı evin 10-cu mənzili ilə dəyişdirilmiş, hazırda Ağdaş şəhəri, H.Əliyev prospekti, 9-cu dalan, 18 saylı evin 10-cu mənzili X8, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, dalan 9, 13 saylı evin 7-ci mənzili isə X4 xüsusi mülkiyyətindədir. Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli 232 nömrəli məktubdan görünür ki, Cavabdeh 16.01.2018-ci il tarixli vərəsilik şəhadətnaməsinin verilməsinə dair ərizəsi və təqdim etdiyi sənədlər əsasında 25.10.2017-ci il tarixdə vəfat etmiş atası X8 adına Ağdaş rayon Notariat ofisində V-10 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ki, ölənin uşaqları, arvad (ər), valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsədir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2 və 32.2.1 və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardım məbləği və s.), ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar) Əvvəlki Mülki Məcəllə mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tuturdu (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq olaraq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilərdi. Mirası qəbul etmiş bütün vərəsələrin razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi. Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Məhkəmə icasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, mərhum X6 miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, dalan 9, 18 nömrəli evin 10 nömrəli mənzili birgə nikah müddətində əldə edilmiş daşınmaz əmlak deyildir, order əsasında mərhum X14 və onun ailəsinə məxsus olmuş, ailə üzvlərinin razılığı ilə dövlət tərəfindən əvəzzsiz olaraq X8 xüsusi mülkiyətinə verilmiş mənzillə dəyişdirilmiş mənzildir, X8 vəfatından sonra ondan miras qalmış mənzili iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 İnqlab qızı və Cavabdeh faktiki qəbul etmiş, həmin miras əmlaka sahiblik etmişlər, İddiaçı3 isə miras əmlakı qəbul etməmiş, sahiblik etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, X8 vəfatından sonra ondan miras qalmış əmlakın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət üzrlü səbəbdən buraxıldığından həmin müddət uzadılmalı, Ağdaş şəhəri, H.Əliyev prospekti, dalan 9, 18 nömrəli evin ümumi sahəsi 63.7 kv.m olan 10 nömrəli mənzilində iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 İnqlab qızı və Cavabdeh payları bərabər hissədə, yəni hər birinə 1/4 hissədə müəyyən edilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin 25 oktyabr 2017-ci il tarixdə vəfat etmiş X8 ölümündən sonra ondan miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, dalan 9, 18 nömrəli evin ümumi sahəsi 63.7 kv.m olan 10 nömrəli mənzilinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılsın. 25 oktyabr 2017-ci il tarixdə vəfat etmiş X8 ölümündən sonra ondan miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, dalan 9, 18 nömrəli evin ümumi sahəsi 63.7 kv.m olan 10 nömrəli mənzilində iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 İnqlab qızı və Cavabdeh payları bərabər hissədə, yəni hər birinə 1/4 (dörddə bir) hissədə müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar