Məhkəmə qərarları › İş №2(014)-250/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-250/2022

10.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-250/2022 10.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı akta əsasən əsassız hesablanmış borcun və yeni quraşdırılmış təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun silinməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Ağdaş rayonu, Ağcayazı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın X2 Sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, yaşadığı ünvanda təbii qazdan istifadə edir və yaşadığı həyətdən çöldə, yəni küçədə quraşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qaza görə bildirişdə göstərilən ödənişlərini heç bir zaman gecikdirməmişdir. Cavabdeh İB-nin əməkdaşları yaşayış evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğac açılaraq növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün əməkdaşlar tərəfindən götürülmüşdür. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 216 manat borc toplanmışdır. Hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt, həmçinin onun abonent koduna hesablanmış 216 manat borc qanunsuzdur. Cavabdeh orqan Cavabdeh İB-nin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Odur ki, Cavabdeh İB-nin X1 İstismar İdarəsinin Ağdaş XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında qanunsuz hesablanaraq onun abonent koduna vurulmuş 216 manat borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.06.2021-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuş, tələb isə itirilmiş qazın dəyərinin hesablanması, sayğacın dəyərinin abonent tərəfindən ödənilməsidir. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilə görə qalıq və aktlar üzrə 270.34 manat borcu vardır. İş materiallarına əlavə edilmiş itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 29.06.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında 28.04.2021 il tarixli ******* saylı aktın surətindən görünür ki, Rəşad İsayevin istifadəsində olan G-4 markalı ******* nömrəli sayğac dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzinə G-4 markalı **********6 nömrəli sayğac quraşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş XS-nin təbii qaz abonenti kimi **********01550 kodu altında qeydiyyatda olan iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyətindən kənarda küçədə quraşdırılmışdır. Həmçinin sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf aktlarda və iddiaçıya ünvanladığı məktublarda qaz sayğacına şəxsən qaz abonenti tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri iddiaçıdan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsassız hesablanaraq iddiaçının yaşadığı ünvanın abonet koduna vurulmuş itirilmiş qazın dəyərinə görə iddiaçının silinməsini tələb etdiyi 216 manat borc silinməlidir. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 195.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 223-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-in X1 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktlara əsasən əsassız hesablanaraq İddiaçı **********01550 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 216 manat (iki yüz on altı manat) borc silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar