Məhkəmə qərarları › İş №2(014)-269/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-269/2021

05.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-269/2021 05.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X3 Cavabdeh Şixalıyev Çingiz Mirzə oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Şıxalıyev Şamil Çingiz oğluna qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X9 tərəfindən Ağdaş rayonunun Binələr kəndi ərazisində R-14 Ağdaş-Ləki avtomobil yolunun 9-cu km hissəsində yolun sağ tərəfində Dövlət mülkiyyətində olan avtomobil yolunun qorunma (mühafizə) zolağının 12.2 metriliyində inşa etdikləri ət satışı dükanının onların öz hesablarına sökülməsinə və onlar tərəfindən həmin ərazinin öz əvvəlki vəziyyətinə salınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunda mövcud olmuş “Zəhmət’' kolxozunun 20 yanvar 1990-cı il tarixli 11 saylı ümumi iclasının qərarı ilə Azərbaycan SSRİ Nazirlər Sovetinin 16 iyul 1990-cı il tarixli, 259 nömrəli və Ağdaş rayon XDS-nin 17 iyul 1990-cı il tarixli 14 nömrəli qərarlarına əsasən Ağdaş rayonunun Binələr (keçmişdə Güvəkənd kəndi) kəndi ərazisindən əkin üçün yararsız olan torpaq sahəsindən yaşayış evi tikdirmək məqsədi ilə Ağdaş rayon Binələr kənd sakini X8 0.15 hektar həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən X8 Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013-cü il tarixdə 6801 nömrə ilə qeydə alınmış seriya A 441174 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. Ağdaş rayonu Binələr bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə X4 ət satışı üçün mağaza tikintisinə 0.01 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 17 oktyabr 2003-cü il tarixdə mütəxəssislər tərəfindən Ağdaş-Pirəzə avtomobil yolunun 9-cu km-də yolun s a ğ tərəfində yerləşən boş ərazidən ayrılaraq ona tanıdılmış və bu barədə akt tərtib olunmuşdur. Torpaq sahəsində tikinti işlərinin Tikinti norma və qaydalara, “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına, Yanğın Təhlükəsizliyi qaydalarının tələblərinə uyğun aparılması cavabdehlərə tapşırılmışdır. Bundan sonra cavabdehlər X5 mülkiyyətində o l a n həyətyanı torpaq sahəsinin divarının yol tərəfində onun həyətyanı torpaq s a h ə s i n i n hasarına bitişik tikili tikmiş və həmin tikilinin yan tərəfində açıq şəraitdə iri və xırda buynuzlu heyvanların kəsilərək satışı ilə məşğul olurlar. Ət kəsilən dükan X5 mülkiyyətində fərdi yaşayış evi tikdirərək uzun müddət həmin təsərrüfatda yaşayan qardaşı arvadı X2 evlərinə yaxın ərazidə yerləşdiyindən və açıq şəraitdə ət kəsildiyindən həyətdə, eləcə də evin yaşayış və yardımçı otaqlarında üfunət iyindən yaşamaqlarının mümkün olmadığına, həyətdə və evdə üfunət iyindən nəfəs almağın belə mümkün olmadığına, bununla da artıq vəziyyət dözülməz hal aldığından həmin ət dükanının həmin ərazidən götürülməsi ilə bağlı kənd bələdiyyəsinə, Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə, Milli Məclisinə və müxtəlif inzibati orqanlara müraciətlər etmişdir. Azərbaycan Respublikasının 1-ci X15 xanım Əliyevaya və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevə ünvanlanmış müraciətlər aidiyyati üzrə araşdırılması üçün İddiaçınə göndərilmişdir. Müraciətlərin araşdırılması məqsədi ilə müraciət müəllifi X2 ilə söhbət aparılmış İddiaçı nümayəndələri və mütəxəssislər həmin əraziyə baxış keçirmişlər. X2 ilə söhbət zamanı müraciətində qeyd etdiklərini bir daha təsdiq edərək bildirdi ki, “cavabdehlər ət satışı dükanını onların divarına bitişik olmaqla tikdirmişlər, heyvanları açıq şəraitdə kəsidiklərinə görə həmin ərazidə üfunət iyindən yaşaya bilmədiklərinə, ona görə də ilk öncə məcbur olub Ağdaş rayon Gigiyena və Epidemologiya Mərkəzinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Ağdaş rayon Prokurorluğuna rəsmi qaydada, Azərbaycan Respublikasının X1ynar xəttinə müraciət etmişdir. Müraciət etdiyi orqanların əməkdaşları mübahisə yerinə baxış keçirmişlər və nədənsə qeyd etdiyi faktiki hallar olmasına baxmayaraq cavabdehlər tərəfindən qanun pozuntularının "aşkar olunmaması” müəyyən edilmişdir, yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müdaxiləsindən sonra açıq şəraitdə heyvan kəsilməsi üçün cavabdehlər tərəfindən quraşdırılmış basdırmalar sökülmüşdür. Müraciətindən qısa müddət keçəndən sonra cavabdehlər yenə öz qanunsuz hərəkətlərini davam etdirməyə başlamışdır. Ona görə də o məcbur olub qanunsuz tikilinin sökülməsinə və cavabdehlərin qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmasına kömək edilməsi xahişi ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatına, Azərbaycan Respublikasının 1-ci X15 xanım Əliyevaya və digər yuxarı səlahiyyətli inzibati orqanlara müraciət etmişdir”. Əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən də cavabdehlərə məxsus ət satışı dükanı Respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil yolunun 9-cu km-də yolun sağ tərəfində yolun oxundan 12.2 metr məsafədə tikilmişdir. Kəsilmiş ətin satışı otaq şəraitində həyata keçirilsə də, heyvanlar açıq şəraitdə kəsilir, heyvanın kəsilməsi nəticəsində qan və digər daxili əzalar və ifrazatlar dükanın yaxınlığında olan quyuya axıdılır. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdehlər Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin Ağdaş rayon X7 Xidməti istisna olmaqla, ayrılmış torpaq sahəsində ət satışı üçün tikintiyə Ağdaş RİHBA-nın Memarlıq və tikinti şöbəsindən və digər aidiyyati inzibati orqanlardan icazə almamışdır. Cavabdehlər tərəfindən qeyd edilən ərazidə inşa edilmiş ət satışı dükanı qanunla müəyyən olunmuş qaydada həmin daşınmaz əmlakı aidiyyati üzrə mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyata aldırmamışdır. Cavabdehlər X10 və X9 tərəfindən ət satışı ilə məşğul olmaq üçün inşa etdikləri dükan Respublika əhəmiyyətli yolun 12.2 km-də yerləşdiyindən tikilinin yolun mühafizə zonasında olub-olmaması barədə məlumat verilməsi üçün tərəflərindən “xxxx” MMC-nə sorğu göndərilmişdir. “xxxx” MMC 124 saylı, 21 oktyabr 2020-ci il tarixli məktubla bildirmişdir ki, X4 məxsus ət satışı dükanı R-l 4 Ağdaş-Ləki avtomobil yolunun 9-cu km hissəsində yolun oxundan 12.2 metr məsafədə sağ tərəfdə yerləşir. Sözügedən yol Respublika əhəmiyyətli olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 11 sentyabr tarixli 298 saylı “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının” təsdiq edilməsi haqqında qərarının 1.1 -ci bəndinə əsasən yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyənləşdirilmişdir. X4 məxsus ət satışı dükanı avtomobil yolunun qorunma (mühafizə) zolağında yerləşir. Cavabdehlərə onlar tərəfindən qeyd edilən mübahisəli ərazidə ət satışı məqsədi ilə tikdirdiyi dükan binası Tikinti norma və qaydalarına, Respublika əhəmiyyətli avtomobil yolunun qorunma (mühafizə) zolağında, eləcə də Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin tələbləri kobud surətdə pozulmaqla tikildiyindən, tikintiyə tələb olunan inzibati orqanlardan müvafiq icazə almadan tikildiyindən özbaşına tikili olduğundan sökülməsi təklif olunsa da, onlar buna məhəl qoymayaraq həmin tikilinin yerləşdiyi torpaq sahəsini aldığını əsas göstərməklə həmin tikilidə (dükanda) ət satışını davam etdirəcəyini bildirmişdir. Hazırda cavabdehlərin qanunsuz fəaliyyət göstərdikləri mübahisəli ərazidəki ət satışı dükan binasının yerləşdiyi torpaq sahəsinin onlara aid olmadığı aşkar edilmişdir. Belə ki, Ağdaş Binələr bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2013-cü il tarixli 14 saylı qərarı ilə Çingiz Şıxəliyevə ət satışı üçün mağaza tikintisinə 0.01 hektar torpaq sahəsinin ayrılması tamamilə qanunsuzdur. Çünki torpaq sahəsi bələdiyyə fonduna aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 11 sentyabr tarixli 298 nömrəli “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının” təsdiq edilməsi haqqında qərarının 1.1 bəndinə əsasən yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyənləşdirilmişdir. Odur ki, Çingiz Şıxəliyevə məxsus ət satışı mağazası avtomobil yolunun qorunma (mühafizə) zolağında yerləşdiyindən qanunsuz tikili hesab olunur. Bu səbəbdəndə cavabdehlər bugünədək torpağa dair Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ala bilməmişdir. Eləcə də qeyd olunan tikintiyə dair rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən tikintinin aparılması üçün heçbir icazə sənədi alınmamışdır. Bununla da cavabdehlər Azərbaycan Respublikası Qanunvericiliyinin müvafiq maddələrini kobud surətdə pozmaqla onlara aid olmayan torpaq sahəsində qanunsuz tikdirdiyi dükandan istifadə edirlər. Bu barədə cavabdehlərə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq onlar bu gün də, həmin tikilini könüllü sökməmişlər və həmin dükanda ət satışı fəaliyyətini davam etdirirlər. Cavabdehlərin qanunsuz hərəkətləri Respublika əhəmiyyətli avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkətlərinə, eləcə də tikili vətəndaşın həyətinin divarına bitişik tikilməklə orada kəsilən heyvanların açıq hava şəraitdə kəsilməsi nəticəsində vətəndaşlara mane törədir. İddiaçı nümayəndəsi X14 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, 25 sentyabr 2013-cü il tarixli 14 saylı qərarı ilə Binələr Bələdiyyəsi tərəfindən ona 0.01 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində qanunvericiliyə uyğun olaraq ət dükanı inşa etmişdir. Keçən müddət ərzində həmin ət dükanı ilə bağlı nə İcra Hakimiyyəti nə də digər dövlət qurumları tərəfindən qeyd edilən tikinti işləri ilə bağlı irad, etiraz və tələblər irəli sürülməmişdir. İnşa etdiyi tikili Bələdiyyə mülkiyyətinə daxil olan ərazidən ona ayrılan torpaq sahəsi üzərində inşa olunmuş, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi avtomobil yolunun mühafizə zonasına heç bir aidiyyatı yoxdur. İş materiallarında olan ekspert rəyi də bunu təsdiq edir. Ona görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada cavabdehə xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonunda mövcud olmuş “Zəhmət’' kolxozunun 20 yanvar 1990-cı il tarixli 11 saylı ümumi iclasının qərarı ilə məlum olur ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin 16 iyul 1990-cı il tarixli, 259 nömrəli və Ağdaş rayon XDS-nin 17 iyul 1990-cı il tarixli 14 nömrəli qərarlarına əsasən Ağdaş rayonunun Binələr (keçmişdə Güvəkənd kəndi) kəndi ərazisindən əkin üçün yararsız olan torpaq sahəsindən yaşayış evi tikdirmək məqsədi ilə Ağdaş rayon Binələr kənd sakini X8 0.15 hektar həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən X8 Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013-cü il tarixdə 6801 nömrə ilə qeydə alınmış seriya A 441174 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Binələr bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə məlum olur ki, X4 ət satışı üçün mağaza tikintisinə 0.01 hektar torpaq sahəsi ayrılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 17 oktyabr 2003-cü il tarixi aktdan məlum olur ki, Ağdaş rayon Binələr kənd ərazisində Ağdaş-Pirəzə avtomobil yolunun sağ kənarından Ləki qəsəbə sakini Cavabdeh1 mağaza tikintisi üçün 0.01 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı mağaza tikintisi üçün ayrılmış torpaq sahəsi avtomobil yolundan yüksək gərginlikli elektrik xəttindən və yüksək təzyiqli qaz xəttindən aralıdır. Ətrafdakı tikintilər heç bir partlayış və yanğın təhlükəsi yaratmır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş Rayon Şöbəsi tərəfindən verilmiş rəydən məlum olur ki, X6 mağaza tikintisi üçün 0.01 hektar torpaq sahəsi ayrılmasına etiraz etmədiyi bildirilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “xxxx” MMC 124 saylı, 21 oktyabr 2020-ci il tarixli məktubla bildirmişdir ki, X4 məxsus ət satışı dükanı R-l 4 Ağdaş- Ləki avtomobil yolunun 9-cu km hissəsində yolun oxundan 12.2 metr məsafədə sağ tərəfdə yerləşir. Sözügedən yol Respublika əhəmiyyətli olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 11 sentyabr tarixli 298 saylı “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının” təsdiq edilməsi haqqında qərarının 1.1 -ci bəndinə əsasən yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyənləşdirilmişdir. X4 məxsus ət satışı dükanı avtomobil yolunun qorunma (mühafizə) zolağında yerləşir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 21 oktyabr 2020-ci il tarixli 07-709 saylı Ağdaş rayonu Güvəkənd kənd sakini X4 verilmiş məktubdan məlum olur ki, Ağdaş rayonu Ləki qəsəbəsi ərazisində yerləşən sizə məxsus ət satışı mağazasının inşa edildiyi torpaq sahəsi Ağdaş –Ləki avtomobil yolunun 9-cu km-də və yolun oxundan 12.2 m məsafədə sağ tərəfdə yerləşir. Eyni zamandan sizə məxsus mövcud sənədlər araşdırılmış və məlum olmuşdur ki, torpaq sahəsi üzərində tikinti işlərinin aparılması üçün heç bir qanunverici sənəd yoxdur. Bu da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən özbaşına tikinti hesab edilir. Bununla bağlı rayon İcra Hakimiyyətində sözügedən qanunsuz tikilinin sökülməsinə dair sizə şifahi xəbərdarlıq edilməsi ilə yanası bir daha nəzərinizə çatdırılır ki, qısa müddət ərzində tərəflərindən həmin tikilinin sökülüb götürülməsini təmin etmədiyiniz təqdirdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 27 aprel 2019-cu il tarixli müqavilədən məlum olur ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında icarə müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Güvəkənd Bələdiyyəsi tərəfindən 16 iyun 2020-ci il tarixli 32 saylı arayışdan məlum olur ki, X11 şəxsə sahibkarlıqla məşğul olmaq üçün ət dükanı tikmək məqsədi ilə 25 sentyabr 2003-cü il tarixində Ağdaş rayon Binələr Bələdiyyəsinin ümumi iclasının 14 saylı protokoluna əsasən Binələr bələdiyyə mülkiyyətindən ona 0.01 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri xidməti tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli **********90 saylı mütəxəssis rəyindən məlum olur ki, Ağdaş rayonun Binələr kəndi ərazisində R-14 Ağdaş-Ləki yolunun 9-cu km hissəsində cavabdehlər tərəfindən inşa olunan tikili yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir. Mövcud qanunvericiliyinə əsasən (“ Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu 15-1.) yaşayış məntəqəsinin hüdudları daxilində avtomobil yolları üçün qorunma (mühafizə) zolağı nəzərdə tutulmur. Cavabdeh tərəfindən inşa edilmiş obyektin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. 3-cü sualın cavablandırılması üçün aidiyyati sahə üzrə mütəxəssisə müraciət olunması tövsiyyə olunur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli 10/3872 saylı ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Mingəçevir LTİ-nin mütəxəssis rəyinə əsasən, Ağdaş rayonun Binələr kənd ərazisində R-14 Ağdaş- Ləki yolunun 9-cu km hissəsində cavabdehlər tərəfindən inşa olunan tikili yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir. Mövcud qanunvericiliyə əsasən (“Avtomobil yolları, haqqında” Azərbaycan Respublikasının Qanunu 15-1.) yaşayış məntəqəsinin hüdudları daxilində avtomobil yolları üçün qorunma (mühafizə) zolağı nəzərdə tutulmadığı müəyyən olunur. Cavabdeh tərəfindən inşa edilmiş obyektin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Qərardadın üçüncü sualı üzrə: Təddiq olunan ərazidə aparılmış tikinti işlərinə dair hərhansı bir icazə, layihə sənədləri olmadığı üçün, həmin aparılmalı tikinti işləri Azərbaycan Respublikası Nazilər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2. bəndlərdində göstərilir. 4.1.- bəndi –(bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu məqsədi barədə şəhər (rayon) yerli icra hkimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomunqərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır.Müraciətəyerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və müətəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2. bəndi –şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişiklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4,69.5,69.5.1. bəndlərində göstərilir. 69.4. bəndi –ara məsafəsi divarın hündürlüynə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonunaqədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhəddinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. bəndi ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir. 69.5.1. divar hündürlüyünün 0.6 hissəsi. 69.5.2-1. bu məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə -divar hündürlüyünün 0.3 hissəsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 25.10.2001-ci il tarixli 2718 nömrəli şəhadətnamə əsasında qeydə alınmış “Dövlət şəhərsalma norma və qaydaları” 4.7. bəndinə görə, Yaşayış zonasında layihələndirilən binaların mərtəbəlik hündürlüyü (az-çoz hündürmərtəbəliyi) memarlıq-kompozisiya, sosial-məişət, gigiyena, demoqrafik tələblər, relyef və yerli şərait, tikintibazasının və mühəndis avadanlığı səviyyəsinin xüsusiyyətləri nəzərə alınmaqla, texniki-iqdisadi hesablamalar əsasında müəyyənləşdirilməlidir. 4.12-ci bəndinə görə Yaşayış, ictimai və istehsalat binaları arasında məsafələr bu normaların 9.22. bəndində və qüvvədə olan normativ sənəddə (CHИП İİ-4) göstərilən insolyasiya normalar əsasında aparılmış insolyasiya və işıqlanma hesablamaları üzrə və bu normaların məcburi yanğın təhlükəsizliyinə aid tələblər nəzərə alınmaqla qəbul edilməlidir. 2-3 mərtəbəli yaşayış binalarının uzun tərəfləri arasında məsafə (məişət aralığı) 15 m-dən 4 mərtəbəlilərdə - 20 m-dən, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında isə məsafə 10 m-dən az olmamalıdır. Həmin qaydaların 4.14.-cü bəndinə görə Birinci mərtəbəsində mənzil olan yaşayış binalarını bir qayda olaraq, qırmızı xətdən- kənarda, ondan 6 m-dən az olmayan məsafədə yerləşdirmək lazımdır. Birinci mərtəbələrində yerləşən və ya onlara bitişdirilmiş ictimai təyinatlı otaqları olan yaşayış binaları, mövcud yaşayış zonasının yenidənqurulması şəraitində isə birinci mərtəbəsində mənzil olan yaşayış binalarnı da yerli əhəmiyyətli küçlərdə yerləşdirmək olar. Həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evləri yerli ənənələr nəzərə alınmaqla qırmızı xətdə yerləşdirilə bilər. Bina tikilərkən ətraf mühitə, o cümlədən qonşuya təsirinin qiymətləndirilməsi, sanitar gigenik məsələlərin nəzərə alınmasını, yanğın təhlükəsizliyininin və digər Fors-major hadisələrinin diqqətə alınmasını zəruri edir. Həmçinin, mikroiqlimin tənzimlənməsinin qiymətləndirilməsi həyata keçirilməlidir. Eləcə də, yanğın əleyhinə tələblərə riayət edilməsi məcburi xarakter daşımaqla yaşayış və köməkçi binaların dam örtükləri odadavamlılıq- yanğıntəhlükəli olmayan binalarda ara məsafə 9 metr, dam örtüyü yanan materiallardan olduqda isə ara məsafə 15 metrdən əksik olmamalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri müəyyənləşdirilir: 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin məcəllənin 9.1. -ci maddəsinə görə Yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir. 9.2.-ci maddisinə görə bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır. Tikinti obyektinə dair tələblər irəli sürülməklə aşağıdakılar müəyyənləşdirilmişdir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1 yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasma.xidmət.etməlidir; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs . fyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Həmin Məcəllənin 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. Həmin Məcəllənin 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.-ci madəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4.–ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə məhkəmədə aydın oldu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağdaş rayonunun Binələr kəndi ərazisində R-14 Ağdaş-Ləki avtomobil yolunun 9-cu km hissəsində yolun sağ tərəfində inşa etdikləri ət satışı dükanı müvafiq icazə alınmadan şəhərsalma norma və tikinti qaydalarını pozmaqla inşa edildiyindən özbaşına tikilidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara yuxarıda sadalan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağdaş rayonunun Binələr kəndi ərazisində R-14 Ağdaş-Ləki avtomobil yolunun 9-cu km hissəsində yolun sağ tərəfində inşa etdikləri ət satışı dükanı cavabdehlərin öz hesabına sökülməli və onlar tərəfindən həmin ərazi öz əvvəlki vəziyyətinə salınmalıdır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tələb olunmadığına görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213,216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağdaş rayonunun Binələr kəndi ərazisində R-14 Ağdaş-Ləki avtomobil yolunun 9-cu km hissəsində yolun sağ tərəfində inşa etdikləri ət satışı dükanı cavabdehlərin öz hesabına sökülsün və onlar tərəfindən həmin ərazi öz əvvəlki vəziyyətinə salınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına, 95 (doxsan beş) manat ekspertiza xərci isə müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb KapitalBank ASC-nin 1 saylı Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRZƏİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamə alındığı vaxtdan 1 ay müddətinə Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiyası Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar