Məhkəmə qərarları › İş №2(014)-283/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-283/2024

29.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-283/2024 29.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27, X13, X18 iştirakları ilə İddiaçı cavabdeh Ağdaş rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X35, X19, X23, X36 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində tam paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində tam paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras əmlak Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 44 ünvanında yerləşir və mülkiyyət kimi X1 adına qeydə alınmışdır. X1 ölümündən sonra xalası X24 və X6 mirası faktiki olaraq qəbul etmişlər. X6 miras payından X7 xeyrinə imtina etmişdir. 09 sentyabr 2021-ci ildə X15 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin tarixdə X24 əmlakı ona vəsiyyət etmişdir. 17 sentyabr 2021-ci il tarixdə xalası X24 ölmüşdür. Bundan sonra o, Ağdaş rayon Notariat ofisinə müraciət edərək ona vəsiyyətnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, rədd cavabı verilmişdir. Hesab edir ki, cavabdehin cavabı qanunsuzudur, əsassız və aşağıda göstərilən hüquqlarına toxunur. Belə ki, cavabdeh öz cavabını onunla əsaslandırmışdır ki, onun digər şəxslərlə mübahisəsi var və mübahisəni məhkəmə qaydasında həll etməlidir. Burada notarius Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarına istinad etmişdir. İlk növbədə qeyd etmək istəyir ki, notariusa mirasın mübahisəli olduğu barədə heç bir ərizə daxil edilməmişdir. Digər vərəsələrin olması, mirasın mübahisəli olduğu demək deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, “müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər.” Onun kimləsə heç bir mübahisəsi yoxdur. Notariusun bu halda Konstitusiya Məhkəməsinin qərarına istinad etməsi yersizdir. Bundan əlavə cavabdeh öz cavabını onunla əsaslandırmışdır ki, digər şəxslər mirasın qəbul edib-etməməsi barədə heç bir sübut təqdim etməmişlər. Bu hal heç də əsas vermir ki, ona tam paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsin. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Qeyd olunanlara əsasən cavadehin rədd qərarının qanunsuz hesab edilməsi, Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 44 ünvanında yerləşən X14 adına qeydə alınmış mülkiyyətin onun adına vəsiyyətnamə üzrə tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Ağdaş rayon Notariat ofisinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin rədd cavabının qanunsuz hesab edilməsi, Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 44 ünvanında yerləşən mənzil və torpaq X20 adına qeydə alınmış mirası 17 sentyabr 2021-ci il tarixdə ölmüş X24 tərəfindən tam qəbul edilməsi faktının müəyyən edilməsi, Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 44 ünvanında yerləşən mənzil və torpaq sahəsinə onun adına vəsiyyətnamə üzrə tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Ağdaş rayon Notariat ofisinə öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək digər şəxslərin mirası qəbul edibetmələrinin müəyyən edilməsi üçün X50 və X28 işdə iştirak etmələri üçün cəlb olunmasını xahiş etmiş və həmin şəxslər üçüncü şəxs kimi mülki işə cəlb edilmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X50 və X51 məhkəməyə mülahizə ünvanlayaraq bildirmişlər ki, iddia tələbi ilə tanış olmuşlar, iddia tələbində qeyd edilənlər əsassızdır. Belə ki, mərhum ata babası X43 ilə X29 25 fevral 1946-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından X38, X44, X37 və X24 və X52, (onun atası) X45 doğulmuşdur. Babası ilə nənəsi 14 noyabr 1963-cü ildə Ağdaş şəhəri, H.Əliyev prospekti (keçmiş Lenin küçəsi 22) 0,09 hektar həyətyanı torpaq sahəsində tikdirdikləri 2 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi vardır. X4 07 noyabr 1990-cı ildə Ağdaş şəhərində ölmüşdür. Onun ölümündən sonra mərhum anaları X2 və övladları X46, X44, X37 və X30, X45 və X25 ibarət birinci növbə vərəsələri qalmışdır. X10 1990-cı ildə X39 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından 29 oktyabr 1991-ci ildə Ülvi, 01 yanvar 1993-cü ildə Hüsnü adlı uşaqları doğulmuşdur. X17 02 iyul 2001-ci ildə ölmüş və evli olmamışdır. X10 01 fevral 2008-ci ildə Ağdaş şəhərində ölmüşdür. Onun ölümündən o, yəni X50 və X21 ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışlar. X2 27 aprel 2015-ci ildə ünvan 1 ünvanda 0,09 hektar həyətyanı torpaq sahəsi və həmin ərazidə inşa edilmiş bir mərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evi miras qalmışdır. Mərhum babası və nənəsi ölümlərindən əvvəl hər hansı formada vəsiyyətnamə qoymamışlar. Hazırda İddiaçı istəyir ki, həmin əmlakı qanunsuz yollarla öz adına rəsmiləşdirsin. Belə ki, Ramin dəfələrlə ona xəbər göndərərək evi adına rəsmiləşdirmək istəyini bildirmişdir, lakin o və bacısı razı olmadığından Ramin öz arzusuna çata bilməmişdir. Hətta Ağdaş rayon Notariat ofisindən onu çağıran zaman o da pay istədiyini bildirmişdir. Ramin ona pay verməyə narazı olduğundan Notariat ofisi Raminə pay verməkdən imtina etmişdir. Hesab edirlər ki, ata babası X43 ilə X8 miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti (keçmiş Lenin küçəsi 22) 0,09 hektar həyətyanı torpaq sahəsində tikdirdikləri 2 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evinə onların da vərəsəlik hüquqları var. Odur ki, qeyd olunanların nəzərə alınaraq İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində tam paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia tələbinə baxılan zaman vərəsə kimi X50 və X28 hüququnun tanıdılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər, mərhum X14 övladları olan X38 və X44 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, mərhum X5 ilə X29 25 fevral 1946-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənərək ailə qurmuşlar. Onların birgə nikahlarından X46, X44, X37 və X24 və X52, X45 anadan olmuşlar. Ataları ilə anaları 14 noyabr 1963-cü ildə Ağdaş şəhəri, H.Əliyev prospekti (keçmiş Lenin küçəsi 22) 0,09 hektar həyətyanı torpaq sahəsində tikdirdikləri 2 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi vardır. X5 07 noyabr 1990-cı ildə Ağdaş şəhərində ölmüşdür. Onun ölümündən sonra mərhum X3 və övladları X46, X44, X37 və X30, X45 və X25 ibarət birinci növbə vərəsələri qalmışdır. X3 27 aprel 2015-ci ildə Ağdaş şəhərində vəfat etmişdir. Onun ölümündən sonra Ağdaş şəhəri, H.Əliyev prospekti 44 saylı ünvanda 0,09 hektar həyətyanı torpaq sahəsi və həmin ərazidə inşa edilmiş bir mərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evi miras qalmışdır. Mərhum anası və atası ölümlərindən əvvəl hər hansı formada vəsiyyətnamə qoymamışlar. Hazırda bacıları oğlu İddiaçı istəyir ki, həmin əmlakı qanunsuz yollarla öz adına rəsmiləşdirsin. Lakin onlar istəyir ki, onlara çatası paylar qardaşları X26 uşaqları olan 29 oktyabr 1991-ci il təvəllüdlü X35 və 01 yanvar 1993-cü il təvəllüdlü X36 verilsin. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək cavabdeh Ağdaş rayon Notariat ofisinin rədd cavabının qanunsuz hesab edilməsi, Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 44 ünvanında yerləşən mənzil və torpaq X20 adına qeydə alınmış mirası 17 sentyabr 2021-ci il tarixdə ölmüş X24 tərəfindən tam qəbul edilməsi faktının müəyyən edilməsi və Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 44 ünvanında yerləşən X14 adına qeydə alınmış mülkiyyətin onun adına vəsiyyətnamə üzrə tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Ağdaş rayon Notariat ofisinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X50 (eyni zamanda X28 nümayəndəsi) məhkəməyə təqdim etdiyi mülahizəyə uyğun izahat verərək onun və bacısı X28 da payının tanınmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 və X38 məhkəməyə təqdim etdikləri ərizəyə uyğun izahat verərək qardaşı oğlu X27 və qardaşı qızı X28 da payının tanınmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 08 yanvar 1993-cü il tarixli, XVİİ-ЖГ № 267707 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 01 yanvar 1993-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, X10, anası X9r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 iyul 2018-ci il tarixli, AZ-İİ № 272053 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X53 ilə X47 11 iyul 2018-ci il tarixdə153 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Şirinov, arvada Şirinova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 17 sentyabr 2013-cü il tarixdə beyindaxili beyinciyə qansızma səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 avqust 2019-cu il tarixli, 1593 nömrəli arayışdan görünür ki, X45 01 fevral 2008-ci il tarixdə Qaraciyər çatmamazlığı səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 avqust 2019-cu il tarixli, 1558 nömrəli arayışdan görünür ki, X52 02 fevral 2001-ci il tarixdə odlu silah nəticəsində qan itirmə səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 avqust 2019-cu il tarixli, AZ-İİ № 030704 nömrəli arayışdan görünür ki, X29 27 aprel 2015ci il tarixdə Qaraciyər çatışmazlığı səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 16 noyabr 1990-cı il tarixli, İİİ-ЖГ № 451382 nömrəli arayışdan görünür ki, X41 07 noyabr 1990-cı il tarixdə mədə xərçəngi səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 04 may 2023-cü il tarixli, 345 saylı məktubun surətindən görünür ki, Ağdaş rayon Notariat ofisində 09 sentyabr 2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-371/2018 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə təsdiq edilmişdir ki, 27 aprel 2015-ci il tarixdə ölmüş X14 vərəsəsi qızı X7 miras qoyan G.Mikayılovaya məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, 44 ünvanında yerləşən ümumi sahəsi 79,2 kv/m fərdi yaşayış evi və 0,09 ha torpaq sahəsindən pay nisbəti müəyyən edilmədən irs almalıdır. Vərəsəlik işi ilə əlaqədar Azərbaycan Rüspublikası Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən vərəsə X50 miras əmlakdan ona düşəcək paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, nə Ü.Mikayıllı, nə də digər vərəsə X51 tərəfindən mirasın faktiki qəbulu ilə bağlı notariat ofisinə heç bir sübut təqdim edilməmişdir. Ağdaş rayon Notariat ofisində 05 oktyabr 2021-ci il tarixdə daha sonra İddiaçı ərizəsi əsasında 17 sentyabr 2021-ci il tarixdə ölmüş X7 adına V-224 reyestr nömrəsi ilə vərəsəlik işi açılmış, onun yeganə vərəsəsinin Ağdaş rayon Notariat ofisində 04 sentyabr 2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-363 reyestr nömrəli vəsiyyətnamə üzrə İddiaçı olduğu və R.Mikayılovanın məcburi pay almaq hüququ olan digər vərəsələrinin olmadığı müəyyənləşdirilmişdir. İddiaçı miras qoyan X22 məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, 44 ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m fərdi yaşayış evi və 0,09 ha torpaq sahəsindən onun vərəsəsi olmuş X15 çatacaq pay nisbətində irs almalıdır. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 19 mart 2022-ci il tarixli, 159 nömrəli arayışından görünür ki, Ağdaş rayon Notariat ofisində 09 sentyabr 2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-371/2018 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə təsdiq edilmişdir ki, 27 aprel 2015-ci il tarixdə ölmüş X14 vərəsəsi qızı X7 miras qoyan G.Mikayılovaya məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, 44 ünvanında yerləşən ümumi sahəsi 79,2 kv/m fərdi yaşayış evi və 0,09 ha torpaq sahəsindən pay nisbəti müəyyən edilmədən irs almalıdır. Vərəsəlik işi ilə əlaqədar Azərbaycan Rüspublikası Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən vərəsə X50 miras əmlakdan ona düşəcək paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, nə Ü.Mikayıllı, nə də digər vərəsə X51 tərəfindən mirasın faktiki qəbulu ilə bağlı notariat ofisinə heç bir sübut təqdim edilməmişdir. Ağdaş rayon Notariat ofisində 05 oktyabr 2021-ci il tarixdə daha sonra İddiaçı nun ərizəsi əsasında 17 sentyabr 2021-ci il tarixdə ölmüş X7 adına V-224 reyestr nömrəsi ilə vərəsəlik işi açılmış, onun yeganə vərəsəsinin Ağdaş rayon Notariat ofisində 04 sentyabr 2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-363 reyestr nömrəli vəsiyyətnamə üzrə İddiaçı olduğu və R.Mikayılovanın məcburi pay almaq hüququ olan digər vərəsələrinin olmadığı müəyyənləşdirilmişdir. Odur ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı miras qoyan X22 məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti 44 ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m fərdi yaşayış evi və 0,09 ha torpaq sahəsindən onun vərəsəsi olmuş X15 çatacaq pay nisbətində irs almalıdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron çıxarışdan görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 44 ünvanında yerləşən 0,09 hektar yaşayış məntəqələrinin torpaqları X14 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində 19 avqust 2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsindən verilmiş 01 may 2023cü il tarixli arayışdan görünür ki, 29 oktyabr 1991-ci il tarixdə Ağdaş rayonunda doğulmuş X11 şəhəri, C.Məmmədquluzadə küçəsi 13 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsindən verilmiş 01 may 2023cü il tarixli arayışdan görünür ki, 01 yanvar 1993-cü il tarixdə Ağdaş rayonunda doğulmuş X12 şəhəri, C.Məmmədquluzadə küçəsi 13 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-384/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X44, X18 cavabdehlər X37, X15 və üçüncü şəxslər X50, X36 qarşı miras qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılmasına, mirasın qəbul edilməsi və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2177/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X44 və X38 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-384/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin xüsusi notariusu X33 tərəfindən təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 27 aprel 2015-ci il tarixdə ölmüş X14 vərəsəsi Ağdaş şəhəri. H.Əliyev prospekti 44 ünvanında qeydiyyatda olan qızı - X29 miras əmlakdan pay almalıdır. Vərəsənin miras əmlakdakı pay nisbəti müəyyən edilməmişdir. Şəhadətnamə verilən miras əmlak “Elektron notariat” informasiya sistemindən real vaxt rejimində əldə edilmiş ƏMDK-nin yanında DƏDRX-nın Yevlax Ərazi İdarəsi tərəfindən 19 avqust 2019-cu il tarixdə verilmiş **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən X22 məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 44 ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan fərdi yaşayış evindən və 0,09 ha olan torpaq sahəsindən ibarətdir. İşin materiallarında olan ünvan 8 ünvanında yaşayan İddiaçı ünvanlanmış 06 dekabr 2018-ci il tarixli, 257 saylı məktubun surətindən görünür ki, yaşadıqları evin və həyətyanı torpaq sahəsinin bələdiyyədə İddiaçı və xalası X7 rəsmi ərizəsinə əsasən bələdiyyənin şəxsi təsərrüfat kitabında İddiaçı adına qeydə alınmışdır. İşin materiallarında olan 04 sentyabr 2021-ci il tarixdə Mikayılova Rəsmiyyə tərəfindən verilmiş vəsiyyətnamənin surətindən görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 44 ünvanında qeydiyyatda olan X24 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam vermişdir: Ölən günə kimi ona məxsus olan bütün əmlakını ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət edir. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinə ünvanlanmış 01 oktyabr 2013-cü il tarixli, 621 saylı məktubun surətindən görünür ki, Ağdaş şəhər daxilində olan torpaqlardan istifadə etmək ixtiyarı üçün “Torpaq Qeydiyyatı” ilə X14 938,9 kv.m verilmiş torpaq sahəsi, Ağdaş şəhərində həyətyanı torpaqların vətəndaşların mülkiyyətinə verilməsi ilə əlaqədar sənədləşmə aparılan vaxt sənəd təqdim etmədikləri üçün Şəhadətnamə verilməmişdir. Ağdaş şəhərində vətəndaşlara Şəhadətnamələr işlənməsində yol verilmiş səhvlərlə əlaqədar işlənilməmiş həyətlərin planı və ölçüsü işlənməsi haqqında Ağdaş rayon İcra hakimiyyətinin başçısının 05 yanvar 2006-cı il tarixli, 01 saylı sərəncamı ilə X14 Kadastr Planı işlənmiş və həmin X81 şəhər daxilində olan torpaqlardan istifadə etmək ixtiyarı üçün “Torpaq Qeydiyyatı” ilə verilmiş torpaq sahəsindədir. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 04 mart 2011-ci il tarixli, A № 328754 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ağdaş rayonu İHB-nın 05 yanvar 2006-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə X14 mülkiyyətinə Ağdaş rayonundan 599 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında aşağıdakılar müəyyən olundu: * İddiaçının X1 adına miras əmlak olaraq Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 44 ünvanında yerləşən əmlak qeydə alınmışdır. * İddiaçının X1 ölümündən sonra iddiçının xalası X24 və X6 mirası faktiki olaraq qəbul etmişlər. * Sonradan iddiaçının X6 miras payından iddiaçının xalası X7 xeyrinə imtina etmiş və 09 sentyabr 2021-ci ildə X15 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin tarixdə iddiaçının xalası X24 da əmlakı İddiaçı vəsiyyət etmişdir. * 17 sentyabr 2021-ci il tarixdə iddiaçının xalası X24 ölmüşdür. * Bundan sonra iddiaçı Ağdaş rayon Notariat ofisinə müraciət edərək ona vəsiyyətnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, rədd cavabı verilmişdir. * Hazırda İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində tam paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. * Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-384/2020 nömrəli qətnaməsi ilə iddiaçılar X44, X18 cavabdehlər X37, X15 və üçüncü şəxslər X50, X36 qarşı miras qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılmasına, mirasın qəbul edilməsi və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. * Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2177/2020 nömrəli qətnaməsi ilə iddiaçılar X44 və X38 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-384/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. * İddiaçı X7 yeganə vərəsəsi olması (digər vərəsələrin istisna edilməsi prinsipinə uyğun olaraq) işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər öz ərizələrində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinad etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırkı halda isə hüquq münasibətləri (vərəsəlik) X14 27 aprel 2015-ci ildə Ağdaş şəhərində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da iddiaçının xalası X24 və X6 faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişlər. Sonradan iddiaçının X6 miras payından X7 xeyrinə imtina etmiş və 09 sentyabr 2021-ci ildə X15 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilərkən pay müəyyən edilməsə də, həmin vaxt başqa heç kəs nə faktiki, hə də notariat orqanına müraciət etməklə vərəsəliyi qəbul etməmişdir. Əksinə, X44 və X38 özləri də mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin buraxıldığını bilərək müvafiq iddia ilə məhkəməyə müraciət etsələr də, həmin iddia təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda, bu iddiaya baxılarkən X50 və X51 da müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər və onların da mirasa dair tələbi olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 11 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsinə X14 adına qeydə alınmış miras əmlaka 17 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X24 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payı müəyyən edilməli, ünvan 11 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsinə İddiaçı adına vəsiyyətnamə üzrə tam paya vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Ağdaş rayon Notariat Ofisinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 11 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsinə X14 adına qeydə alınmış miras əmlaka 17 sentyabr 2021ci il tarixdə vəfat etmiş X24 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payı müəyyən edilsin. ünvan 11 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsinə İddiaçı adına vəsiyyətnamə üzrə tam paya vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Ağdaş rayon Notariat Ofisinin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar