Məhkəmə qərarları › İş №2(014)-349/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-349/2023

06.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-349/2023 06.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanan borcun ləğvi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanan borcun ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Ağdaş XS-nın əməkdaşları tərəfindən tərtib akt əsasında qanunsuz hesablanaraq onun abonent koduna vurulmuş 1036 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, Cavabdeh İB-nın X4 İstismar İdarəsinin əməkdaşları bir müddət sonra yaşayış evi üçün quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və o evdə olmaya-olmaya onun ünvanına gələrək sayğacı açıb götürmüş və yerinə başqa sayğac qoymuşlar və ona 1036 manat cərimə yazılmışdır. Bundan sonra sayğacın dövlət yoxlamasından keçirməsi üçün növbədənkənar olaraq İTRİ-nin Qazservisisinformatika departamentinə göndərilmiş və sayğaca tərəfindən müdaxilə (tamamilə doğru deyil) olunduğu üçün sayğacın dəyərinin (1036 manat) ödənilməsi tələb edilmişdir. Yaşadığı ünvanda təbii olaraq təbii qazdan istifadə edir və quraşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qazın dəyərini ödəyir. Aylıq sərf etdiyi təbii qaza görə ödənişlərini gecikdirməmişdir. Sayğaca heç bir zaman müdaxilə etməmişdir. Qaz sayğacı qapının çölündə küçədə yerləşir. Hesab edir ki, "Azəriqaz" İB-nin X4 İstismar İdarəsinin ******* saylı təqdim etdiyi akt və onun adına hesablanmış 1036 manat borc qanunsuzdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh nümayəndəsi X1 məhkəmə iclasına etiraz ünvanlayıb sayğaca iddiaçı tərəfindən müdaxilə olunduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə etirazını belə əsaslandırmışdır ki, Cavabdeh X4 İstismar idarəsinin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 11435611 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçiriİmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********6 saylı sayğac quraşdırıİmışdir. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2022-ci il tarixli 29/1710-02311-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində zavod qurğuşun plombu aşkar olunmadı (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itiriİmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli "dəymiş ziyanın bərpasına dair tələbnaməsi" ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin etiraz ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən məlum olur ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üzərindəki zavod qurğuşun plombu aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********00520 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 1036 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən məlum olur ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən İddiaçı 8640 m3 (və ya 1036 manat) ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Bundan əlavə cavabdeh tərəfindən qaz sayğacının qəsdən sıradan çıxarılmasını sübut edəcək mötəbər və təkzib olunmaz faktlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan 10.000 manat aralığında olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30.36 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 777.60- 220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-nin X4 İstismarı İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən İddiaçı **********00520 saylı abonent koduna vurulmuş 1036 (bir min otuz altı) manat borc silinsin. İş üzrə 30.36 (otuz manat otuz altı qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar