Məhkəmə qərarları › İş №2(014)-371/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-371/2021

16.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-371/2021 16.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X1 Cavabdeh nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhəri, Azadlıq küçəsi 42-ci məhəllə də onun istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınılığında cavabdeh X4 tərəfindən ara məsafə divarına bitişik qanunsuz olaraq quraqlığın və tualetin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon, X5 240 nömrəli, 04 iyul 2006cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpağın alqı-satqı qaydaları” nın 9-cu bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2000-ci il tarixli 106 nömrəli qərarına və Ağdaş bələdiyyəsi üzvlərinin ümumi iclasının 29 iyun 2006-cı il tarixli 06 nömrəli protokol qərarına uyğun olaraq ərizəsi nəzərə alınaraq şəhərin 42-ci məhəlləsində, Bakı-Qazax avtomobil yolunun şimalındakı boş və istifadəsiz 16.7m x 30.0m = 500.0 kv.metr ölçüdə (2 saylı əlavə yer) torpaq sahəsi ev tikintisi üçün onun adına ayrılmışdır. Həmin torpaq sahəsi iyun 2006-cı ildə bələdiyyə üzvlərinin və mütəxəssislərin iştirakı ilə qeyd edilən ərazidə naturada ayrılaraq ona tanıdılmış və təhvil verilmişdir və ona torpağın sxematik planına akt, rəy tələblərinə əməl etməklə Ağdaş RİHB-nın Tikinti və Memarlıq şöbəsi ilə rəsmi razılaşdırıldıqdan sonra tikinti işinə başlanılması tapşırılmışdır. Bundan sonra o həmin 0.05 hektar həyətyanı torpaq sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq fərdi yaşayış evi tikdirmişdir və özü ailəsi ilə müəyyən səbəblərdən qeydiyyatda olduğu yuxarıda qeyd etdiyi ünvanda yaşadığından öz doğma bacısı oğlu X2 ailəsi ilə həmin evə köçürmüşdür. Ona ayrılmış torpaq sahəsi ilə qonşuluqda yaşayan Cavabdeh notariat ofisində rəsmiləşdirilmiş razılığı olmadan qonşuluq münasibətlərinə zidd, qanunsuz olaraq, eləcə də “tikinti norma qaydalarının bir sıra normalarını pozmaqla quraqlı və tualet inşa edərək istifadə edir. Bunun nəticəsində, yəni cavabdehin həmin quraqlığın altından istifadə etməsi, günün çox vaxtını həmin quraqlıqda keçirmələri, daima səs-küy salmaları nəticəsində onlar həyətlərində rahat yaşaya bilmirlər ki, bütün bunlar da istifadəçi kimi, onların qanunla qorunan hüquqlarını pozur. Cavabdehin qonşu kimi onlara qarşı etdiyi belə qanunsuz və özbaşına hərəkətlərinə son qoyulması və dözülməz vəziyyətin aradan qaldırılması xahişi və tələbi ilə dəfələrlə ona müraciət etməklərinə baxmayaraq, cavabdeh həmin ərazidə tikdirdiyi quraqlığı və tualeti sökməmiş və hazırda sökmək fikri də yoxdur. Rayon İcra Hakimiyyətinə etdikləri müraciət əsasında nümayəndələr həyətə baxış keçirmiş, cavabdeh tərəfindən qonşu kimi onlara qarşı etdiyi qanunsuz hərəkətləri və tikilinin qanunsuz tikili olması öz təsdiqini tapmışdır. Ağdaş Rayon İcra Hakimiyyətin başçısı aparatının memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri tərəfindən cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh həmin tikilini könüllü olaraq sökmədiyinə və qanunsuz hərəkətlərini bu gün də davam etdirdiyinə görə ona mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh ona qarşı özbaşına, qanunsuz, eləcə də qonşuluğa zidd hərəkətlərini bu gün də davam etdirməkdədir. Bütün bunlar da istifadəçi kimi qanunla qorunan hüquqlarını pozur. Cavabdehin özbaşına qanunsuz hərəkətləri ucbatından dözülməz şəraitdə yaşayırıq. Ona gör də ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar tərəfindən tikilmiş quraqlıq və tualet tikinti norma və qaydalarını, habelə ara məsafəsini gözlənilməklə inşa edilmişdir. Belə ki, cavabdehlə hazırda aralarında olan hasar sökülmüş, həmin hasarın yeri 40 sm onlara tərəf irəli çəkilərək dəyişdirilmişdir. Tualet isə onlar tərəfindən hər il təmizlənir. Məhkəmə iddiaçı nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 17 noyabr 2020-ci il tarixli 08/H-127-151 saylı məktubdan məlum olur ki, qonşunuz Cavabdeh məxsus həyətanı torpaq sahəsi ilə onlara məxsus həyətyanı torpaq sahəsi arasındakı ortaq divar üzərində talvar quraşdırılır.Azərbaycan respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1 maddəsinə əsasən “Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır”. Araşdırma zamanı məlum olmuşdur ki, qonşuluqdan heç bir icazə alınmadan quraşdırma işləri aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq vətəndaş Cavabdeh qanunsuz quraşdırma işlərinin dərhal dayandırılması barədə şifahi və rəsmi xəbərdarlıq edilmişdir. Eyni zamanda onlara məxsus fərdi yaşayış evinə birləşik quraşdırılmış talvarın tikintisi zamanı qonşu ilə aralarında olan ara məsafəsi haqqında norma və qaydaların pozulmasına səbəb olmuşdur ki, hal-hazırda qonşu ilə aralarında mülki-mübahisəli məsələ yaranmaqdadır. Qüvvədə olan müvafiq qanunvericiliyə əsasən mülki-mübahisəli məsələrlə yalnız məhkəmə qaydası ilə həyata keçirilir və qonşunuzla aranızda olan məsələnin həlli üçün müvafiq qaydada Məhkəmə qarşısında iddia qaldırılmağınız məqsədə müvafiqdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu X5 04 iyul 2006-cı il tarixli 240 saylı qərarı ilə məlum olur ki, Ağdaş şəhəri Nizami küçəsi 3/3 saylı evin sakini İddiaçı ərizəsi nəzərə alınaraq şəhərin 42-ci məhəlləsində, Bakı-Qazax avtomaşın yolunun şimalındakı boş, istifadəsiz 16.7 m x 30.0 m= 500.0 kv metr ölçüdə (2 saylı əlavə yer) torpaq sahəsi ev tikintisi üçün onun adına ayrılması, vətəndaş İddiaçı müvafiq vergi qanunvericiliyinə, torpağın sxematik planına, akt, rəy tələblərinə əməl etməklə fəaliyyət göstərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş aktdan məlum olur ki, torpaq sahəsi şəhərin 42-ci məhəlləsində, Bakı-Qazax avtomaşın yolunun şimalında boş, istifadəsiz ərazidədir. İddiaçı həmin yerdəki 16.7 m x 30.0 m ölçüdə (2 saylı əlavə yer) torpaq sahəsinin ev tikintisi üçün ayrılması məqsədəuyğun hesab edilir. Torpaqdan istifadə edərkən qonşu torpaq mülkiyyətçilərinin mənafeyi nəzərə alınmaqla ekologiya və ətraf mühitin mühafizəsi təmin olunmalıdır. Vətəndaş İddiaçı torpağın sxematik planına, akt, rəy tələblərinə əməl etməklə Ağdaş RİH Başıçısının Tikinti və Memarlıq şöbəsi ilə rəsmi razılaşdırıldıqdan sonra tikinti işinə başlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24.04.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, Azadlıq küçəsi, dalan 2, ev 25-də yerləşən 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1660 saylı, 16 avqust 2021-ci il tarixli ekspert rəyindən məlum olur ki, Ağdaş rayonunun, Azadlıq küçəsi 42-ci məhəllə də həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında Cavabdeh Soltan qızı tərəfindən tikilən quraqlıq və tualet ara məsafəsi gözlənilmədən inşa edilmiş və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli 1114 saylı məktubdan məlum olur ki, müraciətlə əlaqədar 03 sentyabr 2021-ci il tarixdə nümayəndələri tərəfindən hər iki həyətyanı sahədə araşdırılma aparılmışdır. Müşahidələrdə şikayətçi X2 irəli sürdüyü faktlar öz təsdiqini tapmışdır. Belə ki, vətəndaş F.Ə.Hüseynovun yaşayış mənzilinin ən yaxın pəncərələri ilə ayaqyolunun arasındakı məsafə 11.50m olmuşdur. Bu da ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları (Az.DTN2.6-1) 4.20 bəndinin pozulması deməkdir. Bu normaya əsasən ara məsafə minimum 15 metr nəzərdə tutulmalıdır. Eyni zamanda vətəndaş Cavabdeh məxsus ayaqyolu tikilisindən insan ifrazat məhsullarının vətəndaş F.Ə.Hüseynovun həyətyanı sahəsinə sızmaları müşahidə olunmuşdur. Bu da ki, ətrafa kəskin iy-qoxu yaymaqla yanaşı sakinlər arasında infeksion yoluxucu bağırsaq xəstəliklərinin başvermə təhlükəsi doğurur. Bütün bunları nəzərə alaraq tərəflərindən ayaqyolunun söklüərək Dövlət Tikinti Normativlərinin uyğun məsafəyə köçürülməsi qərarı verilmişdir. Hər hansı bir normativə uyğun olmayan tikililərin sökülməsi məhkəmə Orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2. bəndlərdində göstərilir. 4.1.- bəndi –(bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu məqsədi barədə şəhər (rayon) yerli icra hkimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomunqərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır.Müraciətəyerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və müətəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2. bəndi –şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişiklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4,69.5,69.5.1. bəndlərində göstərilir. 69.4. bəndi –ara məsafəsi divarın hündürlüynə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonunaqədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhəddinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. bəndi ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir. 69.5.1. divar hündürlüyünün 0.6 hissəsi. 69.5.2-1. bu məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə -divar hündürlüyünün 0.3 hissəsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 25.10.2001-ci il tarixli 2718 nömrəli şəhadətnamə əsasında qeydə alınmış “Dövlət şəhərsalma norma və qaydaları” 4.7. bəndinə görə, Yaşayış zonasında layihələndirilən binaların mərtəbəlik hündürlüyü (az-çoz hündürmərtəbəliyi) memarlıq-kompozisiya, sosial-məişət, gigiyena, demoqrafik tələblər, relyef və yerli şərait, tikintibazasının və mühəndis avadanlığı səviyyəsinin xüsusiyyətləri nəzərə alınmaqla, texniki-iqdisadi hesablamalar əsasında müəyyənləşdirilməlidir. 4.12-ci bəndinə görə Yaşayış, ictimai və istehsalat binaları arasında məsafələr bu normaların 9.22. bəndində və qüvvədə olan normativ sənəddə (CHИП İİ-4) göstərilən insolyasiya normalar əsasında aparılmış insolyasiya və işıqlanma hesablamaları üzrə və bu normaların məcburi yanğın təhlükəsizliyinə aid tələblər nəzərə alınmaqla qəbul edilməlidir. 2-3 mərtəbəli yaşayış binalarının uzun tərəfləri arasında məsafə (məişət aralığı) 15 m-dən 4 mərtəbəlilərdə - 20 m-dən, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında isə məsafə 10 m-dən az olmamalıdır. Həmin qaydaların 4.14.-cü bəndinə görə Birinci mərtəbəsində mənzil olan yaşayış binalarını bir qayda olaraq, qırmızı xətdən- kənarda, ondan 6 m-dən az olmayan məsafədə yerləşdirmək lazımdır. Birinci mərtəbələrində yerləşən və ya onlara bitişdirilmiş ictimai təyinatlı otaqları olan yaşayış binaları, mövcud yaşayış zonasının yenidənqurulması şəraitində isə birinci mərtəbəsində mənzil olan yaşayış binalarnı da yerli əhəmiyyətli küçlərdə yerləşdirmək olar. Həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evləri yerli ənənələr nəzərə alınmaqla qırmızı xətdə yerləşdirilə bilər. Bina tikilərkən ətraf mühitə, o cümlədən qonşuya təsirinin qiymətləndirilməsi, sanitar gigenik məsələlərin nəzərə alınmasını, yanğın təhlükəsizliyininin və digər Fors-major hadisələrinin diqqətə alınmasını zəruri edir. Həmçinin, mikroiqlimin tənzimlənməsinin qiymətləndirilməsi həyata keçirilməlidir. Eləcə də, yanğın əleyhinə tələblərə riayət edilməsi məcburi xarakter daşımaqla yaşayış və köməkçi binaların dam örtükləri odadavamlılıq- yanğıntəhlükəli olmayan binalarda ara məsafə 9 metr, dam örtüyü yanan materiallardan olduqda isə ara məsafə 15 metradan əksik olmamalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri müəyyənləşdirilir: 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin məcəllənin 9.1. -ci maddəsinə görə Yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir. 9.2.-ci maddəsinə görə bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır. Tikinti obyektinə dair tələblər irəli sürülməklə aşağıdakılar müəyyənləşdirilmişdir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1 yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasma.xidmət.etməlidir; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika tələblərinə uyğun olmalıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Həmin Məcəllənin 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. Həmin Məcəllənin 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Beləliklə məhkəmədə aydın oldu ki, Cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 42 saylı evin ərazisində olan tikililərin inşası şəhərsalma və tikinti norma və qaydalarının tələbləri pozulmaqla aparılmış, cavabdehin torpaq sahəsində quraqlıq (talvar) və tualet Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2- 1-ci maddəsi ilə, habelə Azərbaycan Respublikası Dövlət tikinti normalarının (AZ.DTN 2.6- 1) 4.20-ci bəndi ilə müəyyən edilmiş ara məsafəsi gözələnilmədən ucaldılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara yuxarıda sadalan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının qonşuluğunda Ağdaş şəhəri, Azadlıq küçəsi 42-ci məhəllədə onun istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınılığında cavabdeh X4 tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz olaraq inşa edilmiş quraqlıq (talvar) və tualet cavabdehin öz hesabına sökülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213,216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş şəhəri, Azadlıq küçəsi 42-ci məhəllədə iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınılığında cavabdeh X4 tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz olaraq inşa etdiyi quraqlıq (talvar) və tualet cavabdehin öz hesabına sökülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamə alındığı vaxtdan 1 ay müddətinə Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiyası Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar