Məhkəmə qərarları › İş №2(014)-38/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-38/2022

04.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-38/2022 04.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh, 3-cü şəxs Ağdaş Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və 3-cü şəxs Ağdaş Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən sərbəst istifadəyə qanunsuz müdaxilənin qarşısının alınması haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və 3-cü şəxs Ağdaş Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən sərbəst istifadəyə qanunsuz müdaxilənin qarşısının alınması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışdırlar ki, onlar ünvan 1 ünvanda özlərinin mülkiyyətində olan fərdi yaşayış evində yaşayırlar. Yaşayış evinin həyətyanı torpaq sahəsi 0.06 hektar olmaqla cavabdehin istifadəsində olan yaşayış evi və torpaq sahəsindən daş hasarla ayrılır. Cavabdehin yaşayış evindən onların evi və həyətyanı torpaq sahəsi istiqamətində açılan pəncərə inşa olunmuşdur. Pəncərənin bu istiqamətdə qoyulması qonşu kimi onların özlərinə məxsus həyətyanı sahədən maneəsiz və sərbəst istifadə hüquqlarını məhdudlaşdırır. İnşa edilmiş pəncərədən onların həyəti açıq-aydın görünür ki, bu da onların və ailə üzvlərinin mənafeyinə zidd olmaqla yanaşı qonşuluq hüquqlarını kobud surətdə pozur. Onlar dəfələrlə inşa edilmiş pəncərənin sökülməsi barədə Cavabdeh xəbərdarlıq etsələr də, cavabdeh onların sözlərinə məhəl qoymadan pəncərəni sökməmişdir. Bundan sonra onlar cavabdehin qanunsuz hərəkətləri barədə Ağdaş Rayon İcra Hakimiyyətinə müraciət etmişlər, rayon İHB-nın tikinti və memarlıq şöbəsinin əməkdaşları həmin əraziyə baxış keçirərək cavabdehə, inşa olunmuş pəncərənin qanunsuz tikili hesab edilməsi ilə yanaşı tikinti normalarının tələblərini pozduğunu bildirsələr də Cavabdeh onlara qarşı qanunsuz hərəkətlərini davam etdirməkdədir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Odur ki, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən onların istifadəsində olan torpaq sahəsi istiqamətində tikinti norma və qaydalarını pozmaqla inşa olunmuş pəncərənin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edrlər. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 1973-üü ildə inşa edilmiş, 3 yaşayış otaqlarından ibarət və ümumi sahəsi 115.5 kv.m olan, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçilərindən biridir. Mərhum valideynlərinin ölümündən sonra, onlardan, ünvan 4 ünvanda 0.20 hektar həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş iki otaqlı fərdi yaşayış evi miras qalmışdır. Valideynlərinin ölümündən sonra onlardan miras qalmış həyətyanı torpaq sahəsi və fərdi yaşayış evini, birinci növbə vərəsə kimi qəbul etmiş, hazırda istifadə və idarə edir. İddiaçıların mübahisələndirdiyi ünvan 1 ünvanda yerləşən, onların istifadəsində olan torpaq sahəsi istiqamətində tikinti norma və qaydalarını pozmaqla inşa olunmuş pəncərənin sökülməsi barədə iddiaları əsassız və qanunsuzdur. Belə ki, arxa istinad divarında yerləşən və yataq otağını günəş şüaları və hava kütləsi ilə təmin edən həmin pəncərə, yeni deyil, köhnə vaxtdan, yəni, 1973-cü ildən, fərdi yaşayış evinin tikintisi aparılandan mövcud olmuşdur. Bu faktı rəsmi sənədlər olan texniki pasport təsdiq edir. Hətta, iddiaçıların şübhəsi varsa, onların vəsatəti əsasında tikinti ekspertizası təyin oluna bilər, fakt öz təsdiqini bir daha tapacaqdır. Əlbəttə ki, iddiaçıların şübhəsi heç vaxt ola bilməz, çünki İddiaçı1 1971-ci ildə Ağdaş şəhərində anadan olub və 1973-cü ildə hazırki evə köçmüşlər, bu evdə də evlənib, digər İddiaçı2 həmin evə gəlin gəlib. Orada bir neçə il yaşayıblar. 2008-ci ildə fərdi yaşayış evlərinin arxa hissəsində, atasının istifadəsində olan 1 ha-dan çox torpaq sahəsində ev tikib və ora köçüb. Əslində iddiaçılar tikdikləri evi düzgün inşa ediblər. Çünki, onlar evlərini inşa edəndə bilirdilər ki, evlərinin arxa istinad divarında pəncərə var və şüurlu surətdə həmin tikintini aparıblar. Lakin bu gün həmin pəncərənin sökülməsini istəyirlər.Səbəb isə İddiaçı2 qanunsuz hərəkətlərindən, evlərindən dəfələrlə oğurluq etməsindən, fərdi yaşayış evlərinə quraşdırılan qaz sayğacının bilə-bilə sındırmasından DİN-nə şikayət etmişlər və Ağdaş RPŞ-i tərəfindən izahat da alınmışdır. Hal-hazırda araşdırma aparılır. Məhz buna görə də, qardaşı onlara qarşı çox qəzəblidir, qərəzlidir və onlardan qisas almaq niyyətindədir. Odur ki, İddiaçı1 və İddiaçı2 ona qarşı iddiasının əsassız, qanunsuz ədalətsiz olduğundan rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, yaşadıqları evi orada tikmək istəmirdi, lakin böyüklərin məsləhəti ilə həmin evi 2008-ci ildə, yəni hazırda cavabdeh olan bacısı Cavabdeh yaşadığı ev tikiləndən sonra tikib. Digər İddiaçı2 məhkəmə iclasında İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı1 onun qardaşı, İddiaçı2 isə qardaşının arvadıdır. O evdə xəstə bacısı ilə yaşayır. Yaşadıqları ev onlara mərhum atasından qalıb və həmin ev 1973-cü ildə tikilib, mübahisələndirilən pəncərə isə 1983-cü ildə qoyulub. Qardaşı İddiaçı1 evi isə 2008-ci ildə tikilib. Qardaşı evi tikən zaman həmin pəncərənin olması qardaşı və qardaşı arvadının iddiasının əsassız olduğunun sübutudur. Sözügedən pəncərə iddiaçıların və ailə üzvlərinin yaşayışına heç bir maneəçilik törətmir, iddiaçlar onlarla prinsip aparır, buna görə də iddianın rədd edilməsini xahiş edir. 3-cü şəxs Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehə məxsus yaşayış evinə dair texniki pasport olmadığından və eləcə də, baxış keçirilən zaman təqdim olunmadığından Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən evinin İddiaçı1 və İddiaçı2 məxsus evin və həyətyanı torpaq sahəsi istiqamətində açılan pəncərəsi Azərbaycan Respublikasının Dövlət Tikinti Norma və Qaydalarına uyğun inşa olunub-olunmadığı dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin həmin pəncərənin inşa edilməsi iddiaçıların və onların ailə üzvlərinin evdən və evin həyətyanı torpaq sahəsindən maneəsiz və sərbəst istifadə edilməsinə maneə yaratdığı müəyyən edilmişdir. Lakin mübahisəli pəncərənin olduğu ev İddiaçı1 məxsus evdən illər əvvəl tikildiyi müəyyən olunduğu üçün mübahisənin həllini məhkəmənin səlahiyyətinə verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı Çıxarışın surətindən görünür ki, 0.06 hektardan ibarət ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evin İddiaçı1 mülkiyyətinə verilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, 0.1750 hektardan ibarət Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi dalan 5, ev 2 ünvanında yerləşən fərdi yaşayış evin Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi dalan 5, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi X4 adınadır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 2(014)-207/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 31 dekabr 2013-cü il tarixdə vəfat etmiş X9 və 08 dekabr 2018-ci il tarixdə vəfat etmiş X2 məxsus olan ünvan 3 ünvanda yerləşən 0.175 hektar həyətyanı torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən onlara çatası paylarına iddiaçı X6, cavabdehlər X5, İddiaçı1, X10, Cavabdeh, X3, X7 və X1 vərəsəlik hüquqları tanınsın. Miras qalmış həmin əmlakda iddiaçı X6, cavabdehlər X5 İddiaçı1, X10, Cavabdeh, X3 hər birinin, cavabdehlər X7 və X1 isə birlikdə payı 1/7 hissədə müəyyən edilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2021-ci il tarixli, 10/4171 saylı rəyindən görünür ki, cavabdehə məxsus yaşayış evinə dair texniki pasport olmadığından və eləcə də, baxış keçirilən zaman təqdim olunmadığından Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən evinin İddiaçı1 və İddiaçı2 məxsus evin və həyətyanı torpaq sahəsi istiqamətində açılan pəncərəsi Azərbaycan Respublikasının Dövlət Tikinti Norma və Qaydalarına uyğun inşa olunub-olunmadığını dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin həmin pəncərənin inşa edilməsi iddiaçıların və onların ailə üzvlərinin evdən və evin həyətyanı torpaq sahəsindən maneəsiz və sərbəst istifadə edilməsinə maneə yaratdığı müəyyən edilir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi dalan 5, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi X6 və ailə üzvlərinin mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh və bacısının yaşadıqları evdən onların evi və həyətyanı torpaq sahəsi istiqamətində açılan pəncərənin bağlanmasını tələb etmişlər. Məhkəməyə təqdim edilmiş sənədlər və tərəflərin izahatlarından məhkəməyə məlum olmuşdur ki, mübahisəli pəncərənin yerləşdirildiyi ev cavabdehin atası tərəfindən 1973-cü ildə tikilmiş, pəncərə isə 1983-cü ildə qoyulmuşdur, iddiaçıların yaşadıqları ev isə 2008-ci ildə İddiaçı1 tərəfindən inşa edilmiş və ev inşa edilərkən mübahisə predmeti olan pəncərənin gələcəkdə onun və ailə üzvlərinin yaşayışları üçün maneə yaradacağını nəzərə almamışdır. Cavabdehin yaşadığı ev iddiaçının tikdiyi evdən illər əvvəl tikildiyi üçün pəncərənin bağlanması barədə qənaətə gəlmək əsassız, qanunsuz və ən əsası ədalətsiz olardı, buna görə də iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən sərbəst istifadəyə qanunsuz müdaxilənin qarşısının alınması tələbi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılarının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar