Məhkəmə qərarları › İş №2(014)-503/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-503/2022

06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-503/2022 06.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonentin koduna vurulmuş borcun ləğvi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonentin koduna vurulmuş borcun ləğvi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Ağdaş rayonu, Kotanarx kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın X5 Sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, yaşadığı ünvanda təbii qazdan istifadə edir və yaşadığı həyətdən çöldə, yəni küçədə quraşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qaza görə bildirişdə göstərilən ödənişlərini heç bir zaman gecikdirməmişdir. Cavabdeh İB-nin əməkdaşları yaşayış evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı əlavə xətdən istifadə etdiyi aşkar edilmişdir. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 1062.72 manat borc toplanmışdır. Hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun abonent koduna hesablanmış 1062.72 manat borc şişirdilmişdir. Cavabdeh orqan Cavabdeh İB ilə aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Odur ki, Cavabdeh İB-nin X3 İstismar İdarəsinin Ağdaş XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında qanunsuz hesablanaraq onun abonent koduna vurulmuş 1062.72 manat borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB-nın nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı 1062.72 manat borcun İddiaçı adına rəsmiləşdirilmiş **********00010 saylı qaz hesabında 1062.72 manat itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləği var və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Cavabdeh İB-nin əməkdaşları yaşayış evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı əlavə xətdən istifadə etdiyi aşkar edilmişdir. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 1062.72 manat borc toplanmışdır. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 09.12.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 7560 m3 və 7560 m3, cəmi 8856 m3 həcmində müəyyən edilmişdir. İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-in ZQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1062.72 manat borcun silinməsi tələbi barədə iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 09.12.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 7560 m3 və 1296 m3, cəmi 8856 m3 həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 06.12.2021-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan əvvəl diametri 15 mm dəmir boru ilə əlavə xətdən istifadə etdiyi aşkar olunmuşdur, tələb isə əlavə xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanaraq ödənilməsidir İş materiallarına əlavə edilmiş İddiaçının adına olan abonentin saldosundan görünür ki, İddiaçının 2021-ci ilə görə qalıq və aktlar üzrə 1062.72 manat borcu vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İB-in X3 İstismar İdarəsinin Ağdaş Xidmət Sahəsinin əməkdaşları tərəfindən təbii qaz istehlakçıları tərəfindən təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz ilə təchizatına baxış keçirilən zaman təbbi qazdan istifadəyə dair sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. Təbii qazdan qanunsuz kənar xətt vasitəsi ilə istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olaraq iddiaçıya cəmi 1062.72 manat borc yazılmışdır. Tələb edilən borc iddiaçı tərəfindən ödənilməmişdir. İddiaçı aşkar edilmiş kənar təbii qaz xəttinin ona məxsus olmadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, aşkar edilmiş qanunsuz kənar xətt nəticəsində iddiaçıya hesablanmış borc şişirdilmişdir, belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti 90 gün nəzərdə tutularaq iddiaçıdan tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə münasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalı, cavabdeh tərəfindən hesablanmış 1062.72 manat borcun 2/3 hissəsi, yəni 708.48 manat silinməli, qalan hissədə rədd edilməli,cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 195.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 223-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB-in X3 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən əsassız hesablanaraq İddiaçı **********00010 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 1062.72 manat borcun 2/3 hissəsi, yəni 708 manat 48 qəpik (yeddi yüz səkkiz manat, qırx səkkiz qəpik) borc silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar