Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-520/2023 12.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının yeni binasını əhatə edən xüsusi mühafizə olunan qaz borusunun üzərində və mühafizə zolağında qanunsuz olaraq iaşə obyekti tikilmişdir. Cavabdeh tərəfindən qanunsuz iaşə obyektinin tikilməsi Ağdaş RMX-nin əməkdaşlarının normal iş rejiminə mənfi təsir etməklə bərabər işçilərin həyat və səhhəti üçün ciddi təhlükələr yaratmaqdadır. Qeyd edilən məsələ ilə bağlı olaraq tərəflərindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə dəfələrlə müraciət ünvanlanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən müraciətlərinə baxılmış, sözügedən məsələ ilə bağlı Ağdaş RMX-nin direktoru Nuru Nuriyevə xx/xx-08349 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilir ki, 110-mm-lik qaz xəttinin keçdiyi ərazinin bir hissəsi həqiqətən də Ağdaş şəhər sakini Cavabdeh məxsus torpaq sahəsindən keçərək diametri 110 mm olan polietilen boru 6,0m uzunluğunda qazanxana binasının altına düşür. Qonşular arasında olan beton pilətədən quraşdırılmış sərhəd hasarın üst hissəsi Cavabdeh tərəfindən əlavə olaraq 60 sm hündürlükdə mişar daşı ilə hörülmüş və hörgünün üstü metal vərəqlə quraşdırılmışdır. Əlavə olaraq, Cavabdeh tərəfindən mülkiyyətində olan iaşə obyektində icarəverici sənədlər olmadan yenidənqurma işləri aparılmışdır. Bununla bağlı Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə xx.xx.2021-ci il tarixli 0694 nömrəli qərar verilmiş, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən ünvanlanmış müaciətdən də məlum olur ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərini kobud şəkildə pozularaq həqiqətən insan həyat və səhhəti üçün təhlükəli olan özbaşına tikinti işləri aparılmış, həmçinin özbaşına tikilən iaşə obyektində icarəverici sənədlər olmadan yenidənqurma işləri həyata keçirilmişdir. Cavabdeh tərəfindən tikilən iaşə obyekti tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. Cavabdeh tərəfindən edilən bu özbaşına hərəkətlər mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri barədə tərəflərindən “Azəriqaz” İstehsalat Birliyinə, Ağdaş rayon Prokurorluğuna, Ağdaş rayon GEM-ə, X7 İstismar İdarəsi Ağdaş xidmət sahəsinə dəfələrlə müraciət ünvanlanmasına baxmayaraq, müraciətlərinə cavab verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Ağdaş rayon Mərkəzi xəstəxanasının yeni binasını əhatə edən xüsusi mühafizə olunan 110 mm-lik qaz borusunun üzərində və mühafizə zolağında qanunsuz olaraq tikilən iaşə obyektinin cavabdehin öz hesabına sökülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “Ağdaş rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyərək qaz xəttinin oxdan çəkildiyini, həmin qaz xəttinin aralarında olan hasarın arxa hissəsindən keçdiyini, həmin hasarın sənədlə özlərinə məxsus olduğunu, iddiaçının iddiasının əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işi materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işin materiallarında olan Dövlət Vergi Xidmətinin internet saytından çıxarışdan görünür ki, qaz sayğacı ********** saylı VÖEN əsasında vergi ödəyicisi olan Cavabdeh məxsus Ağdaş şəhərində yerləşən iaşə obyektinə sahibkarlıq fəaliyyəti ilə əlaqədar quraşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6.1-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələbinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Qeyd olunan Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi baxılması üçün başqa məhkəməyə verir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 32.4, 35.2, 44.2.2, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-520/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-520/2023
12.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver