Məhkəmə qərarları › İş №2(014)-528/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-528/2021

21.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-528/2021 21.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı nümayəndəsi X1 Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin məcburi sökülməsi və ərazinin təmizlənməsi tələbi iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin məcburi sökülməsi və ərazinin təmizlənməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayonunun Qolqəti kəndində onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 12.40 metrliyində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq mal-qara sağlamaq üçün tikdirdikləri tövlənin cavabdehlərin öz hesabına sökülərək həmin ərazinin təmizlənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlərin hər ikisi onun qohumlarıdır və onunla qonşuluqda yaşayırlar. Əvvəllər münasibətləri normal olmuşdur. O, öz ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Qolqəti kəndində 1970-ci illərdə inşa etdirdiyi özünə məxsus fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evi 0.25 hektar həyətyanı torpaq sahəsində yerləşir. İslahat zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə Ağdaş rayonunun Qolqəti kəndi ərazisində tikdirdiyi fərdi yaşayış evinin yerləşdiyi 0.25 hektar həyətyanı torpaq sahəsi onun və digər 5 nəfər ailə üzvlərinin mülkiyyətinə verilmişdir və bu barədə adlarına 02 dekabr 2006-cı ildə kitabda 4/154 nömrə ilə qeydə alınmış JN-167A, kod 90321018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənərək verilmişdir. O, həyətində fərdi yaşayış evindən əlavə heç kəsə, o cümlədən qonşulara mane törətməyən ailəsinin istifadəsi üçün quraqlıq və ev heyvanlarını saxlamaq üçün tövlə tikdirmişdir. Cavabdehlər bir müddət bundan əvvəl özlərinə məxsus iri və xırda buynuzlu heyvanlarını saxlamaq üçün onun rəsmi razılığı olmadan tikinti normalarının, Sanitariya-Epidemioloji Salamatlıq haqqında Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının tələblərini pozmaqla fərdi yaşayış evindən təqribən 12 metr məsafədə uzunluğu 23 metr olan mal tövləsi tikdirməyə başlamışdır. O, buna qəti etirazını bildirəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xəbərdarlığına məhəl qoymayaraq "həyət özümüzündür, harada nə tikmək istəməyimizə də özümüz qərar veririk, sən kimsən ki? Xoşun gəlmir köç get buralardan" deyərək öz qanunsuz tikinti işlərini davam etdirmişlər. Hazırda cavabdehlər qanunsuz hesab etdiyi tikilini demək olar ki, başa çatdıraraq öz heyvanlarını həmin tövlədə saxlayırlar. Tövlənin damına isə 2000 ədədə yaxın ot bağlaması yığıblar. O, həyətində olan evinin yol tərəfi istiqamətində qarşısında eni təqribən 6.0 metr olan quraqlıq tikdirmiş və ailəsi çox vaxtını həmin quraqlıqda keçirir. Onun həyətinin yol tərəfə divarı ilə cavabdehlərin yol tərəfə divarı və onun üzərində tikdirdiyi tövlə arasından yol keçir və həmin yolun eni 4.5 metr təşkil edir. Cavabdehlər onun qanunsuz tikili hesab etdiyi mal tövləsini düz özlərinin yol tərəfdə olan divarının üstündə tikdiriblər və tövlənin dam hissəsi təqribən 1 metr yola sarı çıxmışdır. Cavabdehlərin mal-qarası günün çox vaxtı küçədə onun divarının yanında saxlanılır. Mal tövləsi evin və quraqlığın yaxınlığında inşa edildiyindən və dam hissəsi yola çıxarıldığından onun həyətinə iri tutumlu yük avtomobillərinin gəlməsinə çətinlik yaradır. Həyətdə, quraqlıqda, hətta evin yaşayış və yardımçı otaqlarında mal-qaranın üfunət iyindən dayanmaq olmur. Həyətdə və evdə üfunət iyindən nəfəs almaq belə olmur. Cavabdehlərin belə qanunsuz hərəkətləri nəticəsində artıq vəziyyət dözülməz hal aldığından onlar demək olar ki, həyətdən, quraqlıqdan və otaqlarından istifadə belə edə bilmirlər. Cavabdehlərin qonşu kimi onlara qarşı etdikləri belə qanunsuz və özbaşına hərəkətlərinə son qoyulması və dözülməz vəziyyətin aradan qaldırılması xahişi və tələbi ilə onun və eləcə də rayon polis şöbəsindən, kənd icra nümayəndəliyi və bələdiyyəsi tərəfindən dəfələrlə onlara edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdehlər həmin ərazidə qanunsuz tikdirdikləri mal tövləsini sökməmişlər və hazırda sökmək fikirləri də yoxdur. Ağdaş rayon Gigiyena və Epidemologiya Mərkəzindən cavabdehlər tərəfindən inşa edilmiş tikilinin qanunsuz tikili olması, tikili tikinti normalarının tələbi pozulmaqla tikildiyinin, həmin normaya görə evin tövləyə yaxın pəncərəsi ilə tövlə arasındakı məsafə 15 metrdən az olmamasını, belə şəraitdə tövlədən İstifadə dövründə müəyyən fəsadların, yəni xoşagəlməz iy, qoxu, infeksion, zoonoz xəstəliklərin baş vermək təhlükəsi doğuracağını, gələcəkdə baş verə biləcək antisanitariya, epidemoloci halların baş verməməsi üçün tikintinin dərhal dayandırılması, müvafiq normalara cavab verən sahədə tikilməsini bildirmiş və bu barədə vətəndaş Cavabdeh1 nəzərinə çatdırılmışdır. Tikinti normativlərə cavab vermədiyindən və vətəndaş qanunsuz tikilini sökmədiyindən və belə tikilinin sökülməsinin yalnız məhkəmə qərarları əsasında həyata keçirildiyindən məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehlər ona və ailə üzvlərinə qarşı özbaşına, qanunsuz, eləcə də qonşuluğa zidd hərəkətlərini bu gün də davam etdirməkdədir. Bütün bunlar da mülkiyyətçi və istifadəçi kimi qanunla qorunan hüquqlarını pozur. Cavabdehlərin özbaşına qanunsuz hərəkətləri ucbatından dözülməz şəraitdə yaşayırlar. Ona görə də onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının sökülməsini tələb etdiyi tövlə uzun müddət bundan əvvəl çiy kərpicdən inşa edilmiş köhnə tövlənin yerində əvvəlki ölçülərdə kubik daşından tikilmişdir, köhnə tövlədən fərqli olaraq yeni tövlə tikilən zaman iki ədəd pəncərə və bir ədəd dəmir qapı qoyulmuşdur. Həyətlərində tikilmiş tövlə iddiaçının və onun ailə üzvlərinə heç bir maneçilik törətmir, iddiaçı onun ailəsi ilə prinsip aparır, buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, yerində baxış keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Məhkəmə tərəflərin iştirakı ilə yerində baxış keçirib müəyyən etdi ki, məhkəməyə müraciət olunduqdan sonra cavabdehlər tərəfindən tövlənin bütün pəncərələri daşla hörülərək, dəmir qapı isə qaynaq edilərək bağlanmışdır. Yerli baxış zamanı iddiaçının nümayəndəsi bildirdi ki, cavabdehlər tərəfindən tövlə əvvəllər tikilmiş köhnə tövlənin yerində və əvvəlki ölçülərdə tikilmişdir, əlavə olaraq pəncərə və qapı qoyulmuşdur, pəncərələr və qapı bağlandıqdan sonra tövlədən pis qoxu gəlmir, cavabdehlər malqaralarını əvvəlki dəmir qapıdan deyil, onların həyətlərindən daha uzaq məsafədə yerləşən digər qapıdan aparıb gətirirlər. Hazırda onun və ailəsinin cavabdehlərdən yeganə narazılığı odur ki, tövlənin damının ətəyində quraşdırılmış su navalçası divardan kənara çıxdığı üçün yük maşını ilə həyətlərinə ot gətirən zaman maneçilik yaradır. Hazırda yeganə tələbi həmin su navalçasının sökülərək onlara mane olmayacaq qaydada yenidən quraşdırılmasıdır. Yerli baxış zamanı iddiaçının nümayəndəsinin cavabdehlərə qarşı tələbinin ancaq tövlənin damının ətəyində quraşdırılmış su navalçasının sökülərək onlara mane olmayacaq qaydada yenidən quraşdırılması olmasını bildirdiyi, Cavabdeh2 isə buna etiraz etmədiyi üçün məhkəmə tərəflərə barışıq təklif etdi. İddiaçının nümayəndəsi əvvəlcə su navalçasının sökülərək onlara mane olmayacaq qaydada yenidən quraşdırılması və bağlanılmış dəmir qapının sökülərək yerinin dəyişdirilməsi şərti ilə barışığa razı olduğunu bildirdi, Cavabdeh2 bu şərtlərlə razı olduğunu və barışmağa hazır olduğunu bildirdi, lakin iddiaçının nümayəndəsi fikrini dəyişərək cavabdehlərə qarşı yeni şərtlər irəli sürdü, yəni bildirdi ki, tövlənin ot yığılan hissəsi də bağlanılmalıdır, cavabdehlərin həyətinə gələn maşınlar tövlənin qarşısında dayanmamalıdır, buna görə də tərəflər barışığa gəlmədilər. Yerli baxış zamanı həmçinin müəyyən olundu ki, cavabdehlərə məxsus tövlənin damının ətəyində quraşdırılmış su navalçası iddiaçının iddia etdiyi kimi bir metr deyil, təxminən 15-20 sm divardan kənara çıxır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-167A kod 90321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə Ağdaş rayonunun Qolqəti kəndi ərazisində fərdi yaşayış evinin yerləşdiyi 0.25 hektar həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqət bələdiyyəsi tərəfindən verilmiş 44 saylı 06 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 həyətinə baxış keçirilmiş və o, özünə məxsus həyətyanı torpaq sahəsində yerləşən köhnə tövləsində təmir işləri aparmışdır. 14 yanvar 2021-ci il tarixli Yanğın-texniki müayinə aktından görünür ki, Cavabdeh1 məxsus mal tövləsinin yerləşdiyi həyətyanı sahəyə 2 giriş yolu mövcud olmaqla şimal və qərb tərəflərdən kənd yolu ilə, cənub və qərb tərəfdən isə qonşuların çəpəri və hasarı ilə həmsərhəddir. Mal tövləsinin şimal tərəfdən kənd yolu (dalan) ilə, şərq tərəfdən həyətyanı sahəsi və 4 metr məsafədə qonşunun mal tövləsi ilə, cənub tərəfdən həyətyanı sahə ilə, qərb tərəfdən isə giriş yolu və qapısı ilə həmsərhəddir. Cavabdeh2 məxsus mal tövləsi fərdi yaşayış həyətində giriş yolunun sol kənarında inşa edilməklə tövlənin şimal sərhəddində kənd yolu ilə və qonşusu İddiaçı məxsus Quraqlıq yerləşir. Mal tövləsi ilə qonşunun quraqlığı qeyri-parelel yerləşdiyi üçün geniş hissədən ara məsafəsi 5.5 metr, qısa hissədən isə 4.68 metrdir. Quraqlıq daşınan metal-konstruksiya olduğu üçün odadavamlılıq dərəcəsi müəyyənləşdirilməmiş, mal tövləsinin bünövrəsi çay daşı, divarları mişar daşından inşa edilməklə çardaq hissəsi taxta materiallardan quraşdırılmış və üzəri dəmir şiferlə örtülmüşdür. İİİ odadavamlılıq dərəcəlidir. Tövlənin planda ölçüləri eni 8.60 metr, uzunluğu 16.10 metrdir. Tövlənin çardağına ot bağlamalır yığılmayıb. Mal tövləsinin sərhəddində yerləşən kənd yolu tövlədən 4 metr sonra İddiaçı qapısında qurtarır. Mal tövləsi sökülüb yenidən öz yerində inşa edilib. İş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının 22 iyul 2021-ci il tarixli 10/462 №-li rəyindən görünür ki,Ağdaş rayonu, Qolqəti kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus tövlə tikilisi AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın 4.20-ci bəndinin tələblərinə uyğun olaraq inşa edilməmişdir. Tövlə tikilisi qonşu kimi İddiaçı və onun ailəsinin yaşayışlarına maneçilik törədib-törətməməsinin müəyyən olunması hüquqi xarakteri daşıdığından, bu məsələ məhkəmə tərəfindən həll oluna bilər, ekspertiza xərci 100 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən verilmiş 928 saylı 03 dekabr 2020-ci il tarixli sənəddən görünür ki, 02 dekabr 2020-ci il tarixdə onların yaşayış sahəsində olmuşlar və tərəflərindən müvafiq araşdırmalar aparılmışdır. Vətəndaş Cavabdeh2 İddiaçı yaşayış mənzilinin 12.40 metr məsafəsində 22.50 metr uzunluğunda iribuynuzlu mal-qara saxlanılmasıüçün tövlə inşa etdirir. Halbuki, AZ.DTN-nın 4.20 bəndinə əsasən yaşayış evinin tövləyə yaxın pəncərəsi ilə 1-2 tövlə arasındakı məsafə 15 metrdən az olmamalıdır. Belə olan şəraitdə tikinti normaları pozulmuş, gələcək istismar dövründə müəyyən fəsadların (xoşagəlməz iy, qoxu, infeksion, zoonoz xəstəliklər) başvermə təhlükəsi doğuracaqdır. Gələcəkdə baş verəcək antisanitariya, epidemioloci halların baş verməməsi üçün tikintinin dərhal dayandırılması, müvafiq normalara cavab verən sahədə tikilməsi qərara alınmışdır və bu barədə Cavabdeh2 nəzərinə çatdırılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş 44 saylı 06 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Qolqəti kənd sakini Cavabdeh1 müraciətinə əsasən onun həyətinə baxış keçirilmiş və məlum olmuşdur ki, o özünə məxsus həyətyanı torpaq sahəsində yerləşən köhnə tövləsində təmir işləri aparmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq onlar tərəfindən qanunsuz olaraq mal-qara saxlamaq üçün tikilmiş tövlənin öz hesablarına sökülərək həmin ərazinin təmizlənməsini tələb etsə də, müəyyən olundu ki, həmin tövlə uzun illər ərzində mövcud olmuş tövlənin yerində və həmin ölçülərdə tikilmişdir, tövlə yenidən tikilən zaman əvvəlki tövlədən fərqli olaraq tərəflərin həyətlərinin arasında olan yola pəncərələr və qapı quraşdırılsa da, məhkəməyə müraciət olunduqdan sonra pəncərələr kubik daşı ilə hörülərək, dəmir qapı isə qaynaq edilərək bağlanılmışdır, iddiaçının nümayəndəsi yerli baxış zamanı bildirdi ki, cavabdehlərə qarşı yeganə tələbləri tövlənin damının ətəyində quraşdırılmış su navalçasının sökülərək onlara mane olmayacaq qaydada yenidən quraşdırılmasıdır. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə cavabdehlərə məxsus tövlənin “Dövlət şəhərsalma Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq inşa edilməməsi müəyən olunsa da, qonşu kimi İddiaçı və onun ailəsinin yaşayışlarına maneçilik törədən əsas hallar cavabdehlər tərəfindən aradan qaldırılmışdır, su navalçasının yenidən quraşdırılması tələbi və əsası ilə iddianın təmin olunaraq uzun illər ərzində mövcud olmuş tövlənin yerində və əvvəlki ölçüdə tikilmiş tövlənin sökülməsi barədə qənaətə gəlmək əsassız, qanunsuz və ən əsası ədalətsiz olardı, buna görə də iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin məcburi sökülməsi və ərazinin təmizlənməsi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat müştərək qaydada İddiaçı, Cavabdeh1 və Cavabdeh2dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar