Məhkəmə qərarları › İş №2(014)-603/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-603/2022

26.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-603/2022 26.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Qarayev Orxan Sərxan oğlunun katibliyi, İddiçı İddiaçı ehtibarnamə üzrə nümayəndəsi – vəkili Vəkil1, Cavabdeh2, onun ehtibarnamə üzrə nümayəndəsi – vəkili Vəkil2 iştrakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə “Asan Xidməti” mərkəzində Notariat ofisinə və Cavabdeh2 qarşı 15 noyabr 2021-ci il tarixli, 2V-1556 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 iyul 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə “Asan Xidməti” mərkəzində Notariat ofisinə qarşı 15 noyabr 2021-ci il tarixli, 2V- 1556 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 fevral 2019-cu il tarixdə Ağdaş şəhərində ölmüş X7nun ölümündən sonra ondan ünvan 1 ünvanında miras qalmış 0.096 hektar həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh2 verilmiş 15 noyabr 2019-cu il tarixli, 1556 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum valideynləri X2 Firuzə Baxtiyar qızı 17 oktyabr 1969-cu ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, anası X3 nikah bağlandıqdan sonra “Azəri” soyadını qəbul etmişdir. Ağdaş rayon Qeydiyyat şöbəsində nikah haqqında 17 oktyabr 1969-cu il tarixdə 46 nömrəli akt qeydi tərtib edilmişdir. Onların rəsmi nikahlarından xx xxxxxxxx 1970-ci ildə o, yəni İddiaçı, 11 may 1972-ci ildə X15, 09 dekabr 1973-cü ildə X16 və 24 oktyabr 1977-ci ildə X6 anadan olmuşdur, bacısı X15 2010-cu ildə Ağdaş şəhərində vəfat etmiş, digər bacısı X1 “İdrisli” soyadını qəbul etmiş, digər bacısı Xəlilova (Səmədova) Ruhəngiz Həmid qızı 27 fevral 2003-cü ildə X11 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, nikah bağlandıqdan sonra “Səmədova” soyadını qəbul etmişdir. X7 13 fevral 2019-cu ildə Ağdaş şəhərində avtomobil qəzasında vəfat etmiş, faktla bağlı Ağdaş RPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanaraq istintaq aparılmış, müraciəti əsasında o mərhum atasının hüquqi varisi kimi tanınmışdır. X7 ölən günədək ünvan 2 ünvanında yaşamış və ölən günün ondan həmin ünvanda ümumi sahəsi 0.096 hektar həyətyanı torpaq sahəsi, üzərində yerləşən ümumi sahəsi 293.6 kv.m, yaşayış sahəsi 93.3 kv.m, yardımçı sahəsi 200.3 kv.m ona 4 otaqlı fərdi yaşayış evindən ibarət daşınmaz əmlak və 3700 ABŞ dolları pul, 1 ədəd xarici markalı, 12 çaplı 01570 nömrəli 2 lüləli ov silahı, 1 ədəd nərd, bir ədəd noutbook (kompüter), 1 ədəd samsunq markalı mobil telefon, 1 ədəd çarpayı, 1 ədəd uşaq çarpayı, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd televizor, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd beko markalı qaz plitəsi, 1 ədəd televizor altı, 1 ədəd sandıq, 4 ədəd müxtəlif ölçüdə xalçalar, 4 ədəd stul, 1 dəst divar mebeli, 1 dəst kauçuk stol (1 ədəd)-stul (stul 6 ədəd) dəsti və digər daşınar əmlaklar miras qalmışdır. Yasın 2-ci günü anası olan Cavabdeh2 üstünə “Həmid və Firuzənin ölülük pulu) yazılmış bağlamadan 3700 ABŞ dolları pulu ona verərək deyib ki, yas mərasimini yoluna versin, ümumilikdə yas mərasiminə 9000 manat xərci çıxmışdır. Atası ölümündən sonra istifadə etdiyi Samsunq markalı mobil telefonu, noutbooku və iki lüləli ov silahını o götürmüş, silahı hüquq mühafizə orqanında öz adına qeydə almış, atasının yas mərasimi ilə bağlı iki ay anasıyla birlikdə qeyd edilən fərdi yaşayış evində qalmış, evin iki otağında o qalmış və əşyalarını həmin evə yerləşdirilmişdir. Atasının ölümündən sonra evə kirayəşin qoymuş, anası Mingəçevirdə yaşayan bacısıyla və Bakı şəhərində onunla qalmışdır. Göründüyü kimi mərhum atası ölən günə cavabdehdən başqa iki bacısı və ondan ibarət qanun üzrə birinci növbədə vərəsələri də qalmışdır və onun ölümündən sonra ondan miras qalmış daşınar və daşınmaz əmlakları anası olan cavabdehlə bərabər faktiki olaraq qəbul etmişdir. Lakin bütün bunlara baxmayaraq Cavabdeh2 atasını ölümündən sonra Ağdaş şəhəri C.Cabbarlı küçəsi 42 nömrəli ev (keçmiş ünvan 5 3/5) ünvanında fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət miras qaldığını, ondan başqa mərhumun vərəsələrinin olmaması, həmin miras əmlaka dair ona qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsi haqqında 15 noyabr 2021-ci il tarixdə notariat ofisində rəsmiləşdirilmiş ərizə ilə Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Vərəsəlik işinə əlavə olunmuş sənədlərdən aydın görünür ki, Cavabdeh2 ondan başqa mərhumun üç nəfər qanun üzrə birinci növbədə vərəsəsi olan övladlarının olduğunu bildiyi halda vərəsələrin dairəsi barədə arayışı cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə təqdim etməmişdir. Cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu həmin arayış ofisə təqdim edilməməsinə baxmayaraq bu barədə arayışı tələb etməmiş, onlar vərəsə kimi ofisə dəvət edilməmiş, onların mirasın qəbulu ilə əlaqədar münasibətləri öyrənilməmişdir. Göründüyü kimi cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu atasının ölümündən sonra vərəsəlik işinin açılması ilə bağlı vərəsələrinin dairəsini dəqiq müəyyən etməmiş, bunun əvəzinə Cavabdeh2 adına mərhum atasından Ağdaş şəhəri C.Cabbarlı küçəsi 42 nömrəli (keçmiş ünvan 4 3/5) ev ünvanında miras qalmış 0.096 hektar həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair 15 noyabr 2021-ci il tarixdə 2V-1556 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamə ilə yalnız Cavabdeh2 mərhum atasının qanun üzrə vərəsəsi kimi bütünlüklə irs almışdır ki, bu da yolverilməzdir. Bu barədə məlumatı olduqdan sonra o, vəkili vasitəsi ilə cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət edərək 13 fevral 2019-cu ildə Ağdaş şəhərində ölmüş X12 ölümündən sonra mülkiyyətində olmuş daşınar və daşınmaz əmlaka vərəsəlik işinin açılması ilə əlaqədar hər hansı notariat əməliyyatlarının aparılıbaparılmaması barədə arayış, aparılmışsa, aparılmış notariat əməliyyatlarına dair sənədlərin surətlərini verilməsini və qanun üzrə vərəsəlik haqqında sözügedən şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisi aparılmış notariat əməlyatına dair sənədlərin surətini vəkilinə göndərmiş, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə ərizə ilə cavabdehə müraciət edilsə də, münasibət bildirilməmişdir. Hesab edir ki, cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisi 13 fevral 2019-cu il tarixdə ölmüş X7nun ölümündən sonra Ağdaş şəhəri C.Cabbarlı küçəsi 42 nömrəli (keçmiş ünvan 5 3/5) ev ünvanında miras qalmış 0.096 hektar həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə yalnız Cavabdeh2 bütövlükdə irs almasına dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələblərinə əməl etməyərək qanun üzrə birinci növbəli vərəsə kimi onun vərəsəlik hüququ üzrə qanunla qorunan hüquqlarını pozmuşdur. İddiçı İddiaçı ehtibarnamə üzrə nümayəndəsi – vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hüquqularını təmisil etdiyi şəxs vərəsəlik şəhadətnaməsinin tərtib olunmasından dekabr ayının ortalarında xəbər tutmuş, məhkəməyə müraciət etmək üçün müvafiq sorğular vermiş, həmin sorğulara cavab gəldikdən sonra hazırkı iddianı məhkəmədə qaldırmışlar. Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia tələbini qəbul etməyib iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Ağdaş şəhəri C.Cabbarlı küçəsi 42 nömrəli (keçmiş ünvan 4 3/5) ünvanında yerlşən fərdi yaşayış evi və torpaq sahəsinə dair “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsi haqqında Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, miras əmlakı ondan savayı digər vərəsələr qəbul etmədiyindən 15 noyabr 2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Cavabdeh2 ehtibarnamə üzrə nümayəndəsi – vəkili Vəkil2 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, digər vərəsələrlə bağlı eyniləşdirmə aparmaq mümkün olmamış, həmçinin vərəsələrdən yalnız Cavabdeh2 miras əmlakı qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə “Asan Xidməti” mərkəzin Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Bərdə “Asan Xidməti” mərkəzin Notariat ofisinin xüsusi notariusu məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştrakı olmadan keçrilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə “Asan Xidməti” mərkəzin Notariat ofisinin xüsusi notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddiaçının subyektiv hüququ olmadığından iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 mart 2021-ci tarixli 815 saylı nikahın qeydə alınması haqqında arayışdan məlum olur ki, X22 ilə X3 17 oktyabr 1969-cu il tarixdə 46 nömrəli akt qeydi ilə nikah bağlanmışlar, X3 nikah bağlandıqdan sonra ər və arvad “Azəri” soyadını qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 mart 2019-cu tarixli 113 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X22 xx.xx.2019-cu il tarixdə “Ağ ciyər dalağının zədələnməsi” səbəbindən ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən RX0847479 seriyalı, xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-nin verdiyi çıxarışdan məlum olur ki, X12 mülkiyyətində Ağdaş şəhəri C.Cabbarlı küçəsi 42 saylı ev ünvanında yerlşən, ümumi sahəsi 0.096 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 293.6 kv.m olan fərdi yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə “Asan Xidməti” mərkəzin Notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 vərəsəlik hüququnun açılmasına dair müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə “Asan Xidməti” mərkəzin Notariat ofisindən verilmiş 2V-1556 reyestrlə qeydə alınmış şəhadətnəmadən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə ölmüş X12 qanun üzrə tam vərəsəsi olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə X17 verilmiş **********76-10301 reyestr nömrəli, ********** qeydiyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən miras üzrə tam vərəsəsidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı aid “Asan” 4 mərkəzindən xx.xx.2020-ci il tarixdə alınmış şəxsiyyət məlumatlarından məlum olur ki, İddiaçı ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh2 aid “Asan- Bərdə” mərkəzindən xx.xx.2021-ci il tarixdə alınmış şəxsiyyət məlumatlarından məlum olur ki, Azəri X9 şəhəri C.Cabbarlı küçəsi 42 saylı ev ünvanında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci tarixdə verilmiş 8/132 qeydiyyat nömrəli məktubdan məlum olur ki, Azəri X9 şəhəri C.Cabbarlı küçəsi 42 saylı ev ünvanında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci tarixdə verilmiş 05/Q-61/16-5 qeydiyyat nömrəli arayişdən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1970-ci il tarixdə anadan olmuş, atası X18, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci tarixdə verilmiş 05/Q-61/16-1 qeydiyyat nömrəli arayışdan məlum olur ki, X15 11 may 1972-ci il tarixdə anadan olmuş, atası X18, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci tarixdə verilmiş 05/Q-61/16-2 qeydiyyat nömrəli arayişdən məlum olur ki, X16 09 dekabr 1973-cü il tarixdə anadan olmuş, atası X18, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci tarixdə verilmiş 05/Q-61/16-16 qeydiyyat nömrəli arayişdən məlum olur ki, X6 24 oktyabr 1977-ci il tarixdə anadan olmuş, atası X18, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci tarixdə verilmiş 05/Q-61/16-3 qeydiyyat nömrəli arayişdən məlum olur ki, X20 ilə X23 nikahlarını xx.xx.2001-ci il tarixdə 225 nömrəli aktla qeyd etdirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci tarixdə verilmiş 05/Q-61/16-4 qeydiyyat nömrəli arayişdən məlum olur ki, X13 ilə X11 nikahlarını xx.xx.2003-cü il tarixdə 19 nömrəli aktla qeyd etdirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. “Notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il 167 nömrəli qərarının 96-cı bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Həmin qaydaların 99-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır.Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

101. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər.

102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius mirasın açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini tələb edir. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə işə baxarkən ilk növbədə iddiaçının mübahisəli evə dair verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv etibarsızlığı məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onun miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, vərəsələrin dairəsinə, miras əmlakın kütləsinə, eləcə də miras əmlakın hansı formada qəbul olunmasın (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, miras əmlak barəsində verilmiş vərəsəlik şəhadətnaməsini mühabisləndirmək qanunvericiliklə dairəsi müəyyən edimiş vərəsələrə xas olan hüquqdur. Həmin hüququndan yararlanmaq istəyən şəxsin ilk növbədə miras qoyana münasibətdə qohumluq dərəcəsi müəyyən edilməli, bu şərt yerinə yetirildiyi təqdirdə vərəsəlik hüququnun tanınması-mirası qəbul edib etməməsi dəqiqləşdirilməli, məhz bu hallar barəsində tərəflərin mübahisəsi yoxdursa, şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı qiymətləndirilmə aparılmalıdır. Məhkəmə tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, İddiaçıdur. Onun doğum haqqında arayişinə əsasən atası X18, anası X4r. Miras qoyan şəxs X22 xx.xx.2019-cu il tarixdə “Ağ ciyər dalağının zədələnməsi” səbəbindən ölmüş, lakin miras kütləsinə daxil olan əmlak xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilərək həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmişdir. İşin hallarından görünür ki, miras qoyan X22 xx.xx.2019-cu ildə vəfat etmişdir. İş materiallarında vərəsə hesab edilən İddiaçı miras qoyan X22 ilə qohumluq münasibətlərini təsdiq edən, X18 ilə X12 eyni şəxs olmasın müəyyən etmək mümkün deyildir. Hazırkı halda müvafiq eyniləşdirmə aparılmadan və bununla müvafiq sübutlar tədqiq edilmədən bu məsələyə cavab vermək mümkün deyildir. Hesab edilsə ki, X22 ilə X18 eyni şəxsdir, sadəcə olaraq mərhumun soyadı dəyişdirilmişdir, bununla bağlı sübutlar da məhkəməyə təqdim edilməlidir. Şəxs haqqında məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında saxlanılır. Şəxsin doğumu, ölümü, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmən, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadının dəyişdirilməsi haqqında qeydiyyatı və bu qeydlərlə bağlı aparılan bütün dəyişiklər məhz akt qeydləri kitabında təsbit edilir. Əksi sübut edilməyənə qədər bu qeydlər mötəbər hesab edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklərin aparılması əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş qaydada adın, ata adın və soyadın dəyişdirilməsidir. Bu zaman soyadın, adın və ata adının dəyişdirilməsi barədə akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmalı, ona bağlı olaraq digər qeydiyyat kitablarında müvafiq dəyişiklər edilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. (“Notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il 167 nömrəli qərarının 102-ci bəndi) “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 7.2-ci bəndinə əsasən Ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”nda göstərilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadının dəyişdirilməsi forması 1 — 8 nömrəli əlavələrdə müəyyən olunan müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında qeyd edilir və forması 9 — 18 nömrəli əlavələrdə müəyyən olunan müvafiq şəhadətnamələr verir. Yuxarıda sadalan qanunvericilik normalarının tələblərinə əsasən qeyd edilən hallarla bağlı sübutlar müvafiq şəhadətnamə və ya akt qeydindən çıxarış iddiaçı tərəfindən məhkəməyə təqdim etməmişdir. İddiaçını miras qoyanın vərəsəsi kimi qəbul edəcəyimiz təqdirdə onun tərəfindən miras qəbul edilib edilməməsi araşdırılmalıdır. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı mirasın açıldığı vaxtdan üç ilə yaxın vaxt keçməsinə baxmayaraq miras əmlakın qəbulu ilə bağlı hər hansı notariat orqanına müraciət etməmiş, miras əmlaka faktiki sahiblik və faktiki idarə etməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinə dair məhkəməyə yetərli sübut təqdim edə bilməmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər:vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd;mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd;mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd;mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti;miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər(“Notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il 167 nömrəli qərarının 99-cu bəndi) Hazırki iş üzrə İddiaçı atasının sağlığında, ailə həyatı qurmaqla başqa ünvanda yaşamış və miras əmlakdan qeydiyyatdan çıxmaqla ünvan 8 ünvanına qeydiyyata düşmüşdür. Göründüyü kimi İddiaçı atasının ölümündən sonra da ondan miras əmlak qaldığını bildiyi bir halda qanunvericiliklə müyyən olunmuş müddət ərzində miras əmlakı rəsmi qaydada qəbul etməmiş və ya faktiki idarə etməsini şəksiz nümayiş etdirməsinə dair bir hərəkət etməmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 ərindən miras qalmış əmlaka faktiki yiyələnməklə qəbul etdiyi hal həm tərəflərin özünün izahatı, həm də iş materiallarına olan digər sənədlərlə tam sübuta yetirilir. Təqdim olunmuş sənədlərdən və vərəsəlik haqqından şəhadətnamədən görünür ki, vərəsələrdən yalnız miras qoyan Həmid Azərinin arvadı Azər Firuzə vərəsəliyi xx.xx.2019cu il tarixdən faktiki qaydada qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfin mübahisəli miras əmlakı atası, yəni X12 ölümündən sonradan isə özü tərəfindən faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı bildirdiklərinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı miras əmlakın bir hissəsini faktiki qəbul etdiyini iddia etsə də, həmin əmlakların miras kütləsinə daxil olması, həqiqətən də onları yiyələnməsi ilə bağlı halları sübut etməli olduğu halda, bu hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş, yalnız iddia ərizəsində sadalamaqla kifayətlənmişdir. İddiaçı miras qoyandan ov tüfənginin qaldığını, onu öz adını rəsmiləşdirdiyini bildirsə də, ov tüfənginin həqiqətən də miras qoyana məxsus olduğunu təsdiq edən sənədləri, həmin sənədlər mövcud olduğu təqdirdə isə ov tüfənginin ilkin olaraq onun adına rəsmiləşdirilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etəmişdir. Bundan əlavə ov tüfənginin iddiaçının iddia etdiyi kimi miras qoyan məxsus olması onun adına keçirilməsi öz özlüyündə iddiaçının miras əmlakın hamısını qəbul etmək niyyətinin şəksiz nümayişi deyildir. Belə ki, Mülki Məcəllənin 1155-ci maddəsinə əsasən Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər. Eyni zamanda iddiaçının bir müddət həmin evdə yaşaması ilə bağlı dedikləri özözlüyündə mirasın qəbul edilməsi demək deyil, evdə yalnız yaşama evin miras olaraq qəbul edilmiş sayılması üçün kifayət deyil. Evdən təbii ki, yaşayış sahəsinə olan ehtiyacın ödənilməsi üçün istifadə edilir, lakin bu o demək deyil ki, mirasın açılmasından sonra evdə yaşayan bütün vərəsələr yalnız orada yaşamalarına görə evi miras kimi qəbul etmiş sayılır. İnkar oluna bilməz ki, vərəsə mirasın açılmasından sonra onu miras kimi qəbul etmək niyyəti olmadan da yaşaya bilər. Odur ki, mirasın qəbulu məhz qanunda qeyd olunan "faktiki surətdə idarəetmə” və "yiyələnmə” kimi hərəkətlərdə ifadə olunmalıdır. Əgər şəxs evdə yalnız yaşayırsa, lakin evi faktiki surətdə idarə etmirsə və ya evə yiyələnmirsə, o, evi miras olaraq qəbul etmiş sayılmır. "Mirasın qəbul edilməsi”nin mahiyyətinin dərk edilməsi üçün Mülki Məcəllənin 1243.2-ci maddəsinə nəzər yetirilməlidir: "Vərəsə... əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Göründüyü kimi, hazırkı qanuna görə vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir. Beləliklə, göstərilənlər əsasında məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin miras qoyanla qohumluq münasibətləri, miras əmlakın kütləsi təyin edilməli, mirasın qəbul edilib edilməməsi müəyyən edilməlidir.Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında 15 noyabr 2021-ci il tarixli şəhadətnaməsinin etibarsız hissəsinə də məhz göstərilən aspektlərdən yanaşılmalı, mülkiyyət hüququnun müdafiəsi və toxunulmazlığı ilə bağlı Konstitusion müddəalarda hazırkı mülki işə sözügedən hissədə tətbiq edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 Firuzə Baxtiyar qızı ilə Ağdaş rayon Qeydiyyat şöbəsində nikah haqqında 17 oktyabr 1969-cu il tarixdə 46 nömrəli akt qeydi ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, nikah bağlandıqdan sonra ər və arvad “Azəri” soyadını qəbul etmiş, onların rəsmi nikahlarından xx xxxxxxxx 1970-ci ildə İddiaçı, 11 may 1972-ci ildə X15, 09 dekabr 1973-cü ildə X16 və 24 oktyabr 1977-ci ildə X6 anadan olmuş, X22 13 fevral 2019-cu ildə Ağdaş şəhərində avtomobil qəzasında vəfat etmiş, bundan sonra Azəri X9 şəhəri C.Cabbarlı küçəsi 42 saylı ev ünvanında yerləşən, ümumi sahəsi 0.096 hektar həyətyanı torpaq sahəsi, üzərində yerləşən ümumi sahəsi 293.6 kv.m, yaşayış sahəsi 93.3 kv.m, yardımçı sahəsi 200.3 kv.m ona 4 otaqlı fərdi yaşayış evə və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsi haqqında Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və 15 noyabr 2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Məhz göstərilənlərə əsasən məhkəmə iş üzrə müəyyən edilmiş hallara (İddiaçı miras qoyanın vərəsələrinin dairəsinə daxil olmasının müəyyən edilməməsinə, onun tərəfindən mirasın qəbul edilməsi barədə ərizənin verilməməsinə, əmlaka sahiblik edilməməsinə, əmlakı idarə etməyə faktiki başlanmamasına) hüquqi qiymət verərək iddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsinin mübahisələndirilməsinə subyektiv hüququn olmaması qənaətinə gəldi. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, tətbiq edilməli hüquq normalarını əsas tutaraq və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı miras qoyanın vərəsələrinin dairəsinə daxil olması müəyyən edilməmiş, miras qalmış əmlakı nə rəsmi, nə də ki, faktiki qaydada qəbul etmiş, eləcə də faktiki idarəçiliyə dair hər hansı hərəkət etməmişdir. Belə olan halda məhkəmə Cavabdeh2 adına verilmiş şəhadətnamənin etibarsızlığı ilə bağlı iddiaçınn hazırki tələblə iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə “Asan Xidməti” mərkəzində Notariat ofisinə qarşı 15 noyabr 2021-ci il tarixli, 2V-1556 nömrəli “Qanun üzrə Vərəsəlik Hüququ haqqinda” şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası iddiaçının müvafiq subyektiv hüquqa malik olmaması əsası ilə rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə “Asan Xidməti” mərkəzində Notariat ofisinə qarşı 15 noyabr 2021-ci il tarixli, 2V- 1556 nömrəli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar