Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-668/2023 12.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair işə 12 may 2023-cü il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan "xxxx" ASCnin əməkdaşları tərəfindən onun adına olan abunə koduna əsassız hesablanmış 804.01 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Cüvə kəndində ona məxsus fərdi yaşayış evi var. Onlara məxsus **********41 saylı elektron sayğaca (kartla) 26 yanvar 2023-cü il tarixində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 28623 saylı cərimə aktı tərtib edilmişdir. Onun bundan xəbəri olmamışdır. Karta pul yükləyərkən sayğacda 804.01 manat borc göstərilmiş, bundan sonra o, Ağdaş rayon EŞnə yaxınlaşıb oradan maraqlandıqda ona 26 dekabr 2022-ci il tarixdə sayğaca baxış keçirərkən kənarxətt aşkar edildiyi və bununla əlaqədar cərimə akt tərtib olunduğu bildirilmişdir. O kənarxəttdən istifadə etməmişdir. Hər ay karta pul ödəmiş, 4 ay sayğacı göstəricisi sıfır qeyd edilmişdir. Məntiqlə 4 aya 804 manat işıq pulu yaza bilməz. Onun elektrik enerjisindən sərfiyyatı hər ay 10-15 manat civarında olur. Həyətlərində elektrik enerjisindən sərfiyyatı çox istifadə edəcəək hər hansı bir avadanlıq yoxdur. "xxxx" ASC-nin əməkdaşları evlərinin həyətinin küçəsində quraşdırılmış elektrik enerjisi sayğacına onları iştirakı olmadan baxış keçimişlər. Onun həmin aktın tərtib edilməsindən xəbəri yoxdur. Sayğaca baxış və onun iştirakı olmadan keçirilərək tərtib olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, aktla müəyyən edildiyi qeyd olunan halların onun təqsiri üzündən baş verdiyi heç bir halla sübut olunmur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz akt tərtib edilmiş və onun abunə koduna əsassız olaraq 804.01 manat borc hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, qanunsuz yazılmış borcun silinməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, cavabdehin quraşdırdıqları sayğacda qüsur olduğundan elektrikdə titrəmələr olmuş, məhz bu titrəmələrə görə bir neçə elektrik avadanlığı sıradan çıxmış, cavabdeh orqana dəfələrlə müraciət etsə də, heç bir tədbir görülməmiş, həmin orqanın əməkdaşları tərəfindən yeni sayğac quraşdırılana qədər sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi məsləhət görülməmiş, onları xəbərdar etməklə həmin xətdən bir gün istifadə etmiş, həmin günü də cavabdeh orqanın əməkdaşları gələrək onun və hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddiaçı Ağdaş rayonu, Cüvə kəndində yaşayan İddiaçı adına olan abunə koduna əsassız hesablanmış 804.01 manat borcun silinməsi tələbinə dair ’’iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İddiaçı iddia tələbini aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir”. Belə ki, 06 yanvar 2023-cü il tarixdə "xxxx" ASC-nin Ağdaş EŞ-nin əməkdaşları V.Əliyev , M.Əliyev və N.Bədəlov tərəfindən elektrik enerjisi istehlakçılar tərəfindən “EEİQ”-na riayət edilməsi vəziyyəti yoxlanılarkən Ağdaş rayonu Cüvə kəndində yaşayan məişət abonenti İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın alt qapağının açıq hissəsindən əlavə xətti giriş xəttinə qoşaraq sayğacə dövrədən çıxararaq sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuşdur. Aktda “Kənar xətdən” keçən enerjinin yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” vasitəsilə ölçülərək kabelin en kəsiyinin 4 mm2 olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlqaədar elektrik enerjisinin istehlakçısı kimi Ağdaş EŞ-nin Proqram bazasında **********00129 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı Ağasalm oğlu barəsində Elektrik enerjisindən istifadı qaydalarının pozulması haqqında Akt R 283623 saylı akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” Uçot kompaktı qaydaya salınsın qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı akta imza etməkdən imtina etmişdir. İddiaçı tərəfindən elektrik enerjisindən kənar xətt vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. İddiaçı barəsində tərtib edilmiş Akt R 283623 saylı akta əsasən “Mərkəzi Aran” RETS-də fəaliyyət göstərən aktlar üzrə komissiya tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablma aparılaraq 803.26 manat təşkil edən kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirlmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır. P=4.3kvt, W=4.3kvt x 24 saat x 90 gün x 0.7 – 6502 kvt s, 600 kvt sx 0.08= 48 manat, 300 kvt sx 0.09=27 manat, 5602 kvt sm x 0,13=728.26 manat, cəmi 803.26 manat. İddiaçıməhkəməyə müraciət etdiyi iddia ərizəsində barəsində akt tərtib edən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən aşkar edilmiş enerji pozuntusu faktı sənədləşdirilərkən “EEİQ”nin 8.33-cü bəndinin tələblərinə riayət edilmədiyini, yəni 2 nəfər hal şahidinin iştirakının təmin edilmədiyini əsas gətirərək aktı qanunsuz hesab etdiyini bildirmişdir. Hesab edir ki, iddiaçı barəsində aşkar edilmiş enerji pozuntularına görə akt tərtib edilərək müvafiq səndələşdirmə aparılarkən ona qarşı hər hansl bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və ona əsasən aparılmış hesabat Qaydalarn tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir.İddiaçı sayğaca baxış keçirilərkən pozuntu halının aşkar edilməsində iştirak etmədiyini bildirərkən qeyri səmimilik göstərərək məhkəməyə yalnış məlumat vermişdir. Buna görə də İddiaçı iddia tələbi əsassızdır və buna görə tamamilə rədd olunmalıdır. Əlavə olaraq izahatında ampermaşa ilə hər hansı ölçünün aparılmadığını, ölçünün kənar xəttin en kəsiyinə əsasən aparıldığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* saylı protokoldan məlum olur ki, Protokolun qeyd hissəsində xx.xx.2019-cu il tarixli 158525 saylı akta əsasən sayğacın sxemi bərpa olundu yoxlanıldı və möhürləndi.” qeydiyyatı aparılmışdır. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli R 283623 saylı aktdan görünür ki, abonentin sayğacın alt qapağının açıq hissəsindən əlavə xətti giriş xəttinə qoşaraq sayğacə dövrədən çıxararaq sayğacdan kənar lektrik enerjisindən istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan 18 yanvar 2019-cu il tarixli R 132174 saylı aktdan görünür ki, abonent smart tipli sayğacı dövriyyədən çıxarmışıdır. Giriş faza xəttini sayğacdan aralayaraq birbaşa sayğacdankənar çıxış xəttinə qoşaraq qeyri qanuni enerjidən istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan 09 oktyabr 2019-cu il tarixli R 158525 saylı aktdan görünür ki, sayğacın giriş faza xətti sayğacın alt qapaq hissəsində yavadan 8-10 sm aralıdan zədələnərək sayğacdan kənar xəttdən istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan abunə kodu **********00129 olan abonentin saldosundan görünür ki, 26 yanvar 2023-cü il tarixli R 283623 saylı akta əsasən İddiaçı 90 gün müddəti üçün 803.26 manat əlavə ödəniş hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.17-ci bəndinə görə İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə görə İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 26 yanvar 2023-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00129) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, abonent sayğacın alt qapağının açıq hissəsindən əlavə xətti giriş xəttinə qoşaraq sayğacı dövrədən çıxararaq sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuşdur. Sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi qeyd edilərək bununla əlaqədar 25 yanvar 2023-cü il tarixli R 283623 saylı akt tərtib edilmişdir. Akta əsasən iddiaçıya 803.26 manat əlavə ödəniş hesablanmışdır. Məhkəmə iddia tələbinin akta əsasən tətbiq edilən pulun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarına əsasən iddiaçıya 25 yanvar 2023-cü il tarixli R 283623 saylı akta əsasən 803.26 manat borc hesablanmışdır. Akta əsasən iddiaçıya 803.26 manat məbləğində əlavə ödənişin hesablanması iddiaçının istifadə etdiyi elektrik enerjisi ilə müqayisədə çox olmaqla real vəziyyətə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə elektrik enerjisindən qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında cavabdehin itirilmiş elektrik enerjisinin bərpasına görə 803.26 manat məbləğində zərərin yaranmasını bildirsə də, iş üzrə həmin halların məhkəmədə tədqiq olunması zamanı iddiaçının məhz tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. Azərbaycan Respublikası Respublikasının Mülki Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən bir günlük istifadəsi ilə bağlı izahatını əsaslı hesab etməməklə, sayğacdan kənar qoşulmanı etiraf etməsini nəzərə alan məhkəmə itirilmiş elektrik enerjisinin bərpasına dair zərərin hesablanma müddətini 1 ay müəyyən etməklə 239.71 (P=4.3kvt, W=4.3kvt x 24 saat x 30 gün x 0.7 – 2167 kvt s, 600 kvt x 0.08= 48 manat, 300 kvt sx 0.09=27 manat, 1267 kvt sm x 0,13=164.71 manat, cəmi 239.71 manat) manat borcun iddiaçıdan alınıb cavabdehə ödənilməsi nəticəsinə gəlir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, əlavə ödəniş elektrik enerjisindən istifadə üzrə hesablaşma dövrünə uyğun olaraq hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və iddiaçıya onun kənar xətt vasitəsi ilə istifadə etdiyi elektrik enerjisi üzrə bir aylıq sərfiyyatına uyğun olaraq 239.71 manat məbləğində əlavə ödəniş hesablanmalı, akta əsasən hesablanmış borcun digər hissəsi – 563.55 manat isə əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yainız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kırni istinad etdiyi halları sübut etrnəlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin 26 yanvar 2023-cü il tarixli R 283623 saylı aktına əsasən İddiaçı hesablanmış 803.26 manat borcun 563.55 manat hissəsi əsassız hesab edilərək iddiaçının **********00129 nömrəli abunə hesabından silinməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. ««Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1000 (min) manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 AZN–dən aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumunun 20 AZN hissəsi cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin 26 yanvar 2023-cü il tarixli R 283623 saylı aktına əsasən İddiaçı hesablanmış 803.26 manat borcun 563.55 manat hissəsi əsassız hesab edilərək iddiaçının **********00129 nömrəli abunə hesabından silinsin. İddia digər hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 AZN dövlət rüsumunun 20 AZN hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-668/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-668/2023
12.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver