Məhkəmə qərarları › İş №2(014)-683/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-683/2021

14.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-683/2021 14.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh İB-in nümayəndəsi R.Şabanovun iştirakı ilə İddiaçı Cavabdeh İB-ə qarşı təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların silinməsi tələbi haqqında iddiasına, Cavabdeh İB-in İddiaçı qarşı qarşı borc tələbi haqqında qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-in X1 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən əsassız hesablanaraq onun abonent koduna vurulmuş 216 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB İddiaçı qarşı borc tələbi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinin təmn edilməsi, İddiaçı 569.56 manat əsas borcun, 30 manat dövlət rüsumun və 0.40 qəpik bank xidmət haqqının, ümumilikdə 599.96 manat borcun tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və qarşılıqlı iddianı qismən qəbul edərək bildirdi ki, onunla cavabdeh orqan X2 Sahəsi ilə arasında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmişlər, sərf etdikləri təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtı-vaxtında cavabdeh orqanın hesabına ödəmişdir. Onun yaşayış sahəsinə təbii qaza görə sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə qurraşdırılmışdır və sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Bildirir ki, Cavabdeh İB-in X1 İstismar İdarəsinin əməkdaşları yaşayış evinə quraşdırılmış, (sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə, yəni həyətindən də kənarda quraşdırılmışdır) qaz sayğacına baxış keçirmiş, sayğacın ekranından şübhələndiklərindən həmin sayğacı çıxararaq yenisi ilə əvəz edərək bu barədə akt tərtib etmişlər. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən sayğacın plastmas qapağının yan tərəfində iz olması,daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir. Bundan başqa cavabdeh tərəfindən sayğaca etmədiyi müdaxilə ilə əlaqədar ona əsassız olaraq yazılmış 216 manat borc yazılmışdır. Qeyd etmək istəyir ki, onun sayğacı evinin həyətindən kənarda yerləşdiyi yəni küçədə qurraşdırılmış hər hansı bir qoruyucu qutuda olmadığı üçün onun zədələnməsinə görə nə o, nə də ki, onun ailəsi məsuliyyət daşımır. Eyni zamanda nəzərə çatdırmaq istəyir ki,onun 353,56 manat təbii qazdan isitfadəyə görə borcu vardır. Odur ki, iddianın təmin edilməsi,qarşılıqlı iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İB-in nümayəndəsi R.Şabanov məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda **********00500 saylı qaz hesabında ödənilməmiş 569.56 manat borc vardır, həmin borcun 353.56 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 216 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Bildirir ki, İddiaçı qaz hesabındakı sayğac hesabatına əsasən qeydə alınmış 353.56 manat borc **********9 saylı sayğacın 3659 m3 göstəricisi ilə yaranmışdır. Hazırda mübahisə predmeti olan təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən qeydə alınan 216 manat borca aid hissədə isə bildirir ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 04.10.2019-cu il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirildiyi zaman ona müdaxilə edildiyi aşkar edilmişdir. Aşkar edilmiş nöqsana görə qaz sayğacı şəbəkədən açılaraq yeni **********9 nömrəli qaz sayğacı ilə əvəzlənmiş və çıxarılmış qaz sayğacı müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə verilmiş rəydə "sayğacın daxili qulaqcıqlarında əzik cızıq izləri vardır kimi" qeyd edilmişdir. Veirlmiş rəy əsasında istehlakçının iştirakı ilə mənzilində istismarda olan qaz cihazların inventarizasiyası aparılmaqla qazdan istifadə qaydalarının pozulması haqqında 16.12.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 28.12.2019-cu il tarixli qərarı ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Nəticə etibarilə qazdan bu şəkildə qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Odur ki, ilk iddianın rədd edilməsi,qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2019-cu il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən məlum olur ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı yaşayış evinə quraşdırılmış G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın ekranının şübhəli olması aşkar edilmiş, növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün Elster tipli, G- 4 markalı ******* nömrəli qaz sayğacı dəyişdirilərək elster tipli, G-4 markalı qaz sayğacı ilə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən istehlakçının istifadəsində olan sayğacın plastmas qapağının yan tərəfində iz olması,daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir, tələb isə itirilmiş qazın dəyərinin hesablanması, sayğacın dəyərinin abonent tərəfindən ödənilməsidir. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci ilə görə cəmi 569,56 manat borcu vardır,həmin borcun qalıq və aktlar üzrə hissəsi 216 manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşadığı ünvan müvafiq qaydada təbii qazla təchiz edilmişdir, Ağdaş XS-nin təbii qaz abonenti kimi **********00500 kodu altında qeydiyyatda olan iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyətindən kənarda küçədə qurraşdırılmışdır. Həmçinin sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf aktlarda və cavabdehə ünvanladığı məktublarda qaz sayğacına şəxsən qaz abonenti tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri olan 216 manat iddiaçıdan tələb edilir. Bütün bunlar iddiaçı tərəfindən mülki hüquqdan sui-istifadədir. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, əsassız hesablanaraq iddiaçının yaşadığı ünvanın abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə iddiaçının silinməsini tələb etdiyi 216 manat borc silinərək ilk iddia təmin edilməli, cavabdehin tələb etdiyi 569,56 manat borcdan 216 manat borc məbləği çıxılaraq, təbii qazdan istifadəyə görə yaranmış borc məbləği olan 353,56 manat borc iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. İlk iddia üzrə iddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə keçirilməlidir. Həmçinin qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq 20 manat ödənilmiş dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 223-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh İB-in X1 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən əsassız hesablanaraq İddiaçı **********00500 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 216 manat (iki yüz on altı manat) borc silinsin. Cavabdeh İB-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 353,56 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 373,56 manat (üç yüz yetmiş üç manat əlli altı qəpik) tutularaq «Cavabdeh” İB-in xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar